SAĞLAMLIQ ƏN QİYMƏTLİ SƏRVƏTDİR
Səhiyyə

SAĞLAMLIQ ƏN QİYMƏTLİ SƏRVƏTDİR

“Səhiyyə həddindən artıq geniş, həyatın bütün sahələrini əhatə edən, cəmiyyət üçün, dövlət üçün, hər bir insan üçün çox lazımlı bir sahədir. Ona görə də hər bir insan həkimə hörmət edir, səhiyyə işçilərinə hörmət edir. Həkimlər də insanlara tibbi yardım göstərməklə, onları müalicə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar. Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm, deyə bilərəm ki, sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsuz”.        

Heydər ƏLİYEV,

            ümummilli lider.

Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır. Belə ki, hamımız üçün həyat da, böyük məqsədlər də, qazandığımız nailiyyətlər də məhz sağlamlıqdan başlayır. Sağlamlığımızın keşiyində isə fədakar səhiyyə işçiləri dayanır. Bu baxımdan,  səhiyyə hər bir ölkə üçün ən vacib sahələrdən biridir. Çünki bu sahə birbaşa insanların sağlamlığı ilə bağlıdır. Səhiyyə inkişaf edirsə, insanların sağlamlığı etibarlı qorunursa, o zaman ölkə də inkişaf edəcəkdir.

7 Aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə Gəncə Şəhər Psixiatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva ilə həmsöhbət olduq. O, qeyd etdi ki, ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ulu öndər səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir:  “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə  edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Əhalinin sağlamlığının təmin olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi, köməkliyi ilə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilərək xalqın ixtiyarına verilmişdi. Respublikamızın hər bir vətəndaşı, o cümlədən səhiyyə sahəsində çalışanlar həyatın hər anında müdrik rəhbərin qayğısını hiss etmişlər.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası onun layiqli davamçısı,  dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün həyata keçirilən Dövlət proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin profilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına hesablanıb. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə göstərilən diqqət Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığının qorunmasına yönəlmiş qayğının parlaq təzahürüdür. 

Azərbaycan vətəndaşlarının yüksək səviyyəli tibbi xidmətlə təmin edilməsi, eyni zamanda gələcəyimiz olan uşaqların sağlam böyüməsi istiqamətində icra edilən layihələr dövlət başçımızın daim diqqət və nəzarətindədir. Eyni zamanda, ölkəmizdə səhiyyənin inkişafına, bu sahədə əsaslı islahatların aparılmasına Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun dəstəyi ilə ölkəmizdə çoxlu sayda tibb ocaqları inşa olunub, səhiyyə müəssisələri dünyanın aparıcı şirkətlərinin müasir tibbi avadanlıqları ilə təchiz olunur.  Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da yüksək qiymətləndirilir”.

Respublikanın hər bir bölgəsi ilə yanaşı, Gəncə şəhərində də səhiyyə sahəsinə diqqət xüsusi yer tutur, əqli qüsurlu xəstələrə  yüksəkkeyfiyyətli tibbi xidmət göstərilir. Gəncə Şəhər Psixiatriya Xəstəxanasında çalışan  yüksəkixtisaslı həkimlər qüsurlu xəstələrin müalicəsi üçün var qüvvələrini əsirgəmirlər. Onu xüsusilə qeyd etmək yerinə düşər ki, yeni istifadəyə verilmiş, müasir 200 çarpayılıq 5 mərtəbədən ibarət xəstəxananın birinci mərtəbəsində laboratoriya, stomatoloji kabinet, şüa diaqnostika şöbəsi, EKQ, mühasibatlıq şöbəsi, psixoloq kabineti, kadrlar şöbəsi və Operator otağı yerləşir. Xəstəxanada  4 şöbə fəaliyyət göstərir, onlardan 3-ü kişi, 1-i qadınlar üçün nəzərdə tutulub. Xəstələrin müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otaqları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları mövcuddur. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək və istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Yeni xəstəxanada saxlanma şəraiti ilə bağlı palata və şöbələrin təmizliyinə, tibbi yardımın təşkilinə, qidalanmaya, xəstələrin gəzinti və yaxınları ilə görüşünə xüsusi və ciddi nəzarət olunur. Xəstəxanada xəstələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün olduqca təsirli art terapiya tətbiq olunur.  

Görüşün  sonunda baş həkim Elmira Mirzəyeva qeyd etdi ki, Prezident İlham Əliyevin səhiyyə sahəsində həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyən səhiyyə işçiləri ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar.

                                                Zabit XƏLİLOV,

              “Respublika”.