Sağlamlıq düzgün profilaktikadan və ciddi nəzarətdən asılıdır
Region

Sağlamlıq düzgün profilaktikadan və ciddi nəzarətdən asılıdır

Pandemiyanın tüğyan etdiyi vaxtda bu ən vacib məsələdir

Artıq bir ilə yaxındır ki, Oğuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə direktor təyin olunan gənc mütəxəssis Nahid Əzizov bizimlə söhbətinə bu fikirlərlə başlayaraq dedi:

—Hər kəs özünün həkimi, tibb işçisi, bir sözlə, sağlamlığının keşikçisi olmalıdır. Rəhbərlik etdiyim kollektivin tibb işçiləri əhalinin infeksion, parazitar xəstəliklərinin profilaktikası, kütləvi zəhərlənməsinin qarşısının alınması üzrə tədbirlərin təşkili və həyata keçirilməsini yüksək səviyyədə təmin edirlər. Belə ki, ətraf mühit amillərinin, əmək şəraitinin sanitar-texniki və sanitar-gigiyena vəziyyətinin, məişət və istirahət şəraitinin təsirinin öyrənilməsi və onların sağlamlaşdırılmasının təşkili və həyata keçirilməsi, istehsalatın zərif faktorlarının təsirindən əmələ gələn ümumi və peşə xəstəliklərinin profilaktikası üzrə tədbirlərin gücləndirilməsi, dövlət sanitariya nəzarətinin tətbiqini təmin edilməsi təxirəsalınmaz vəzifələrdəndir. Bu vəzifələrin sırasına artıq ikinci ildir ki, yeni koronavirus infeksiyalarının əhali arasında yayılmasının qarşısının alınmasına yönəldilən tədbirlərin səmərəli təşkilinə nail olmaq üçün bütün qüvvə və bacarıqların səfərbər olunması da daxil edilmişdir. Bütün vəzifələrin, görülən işlərin hamısı Azərbaycan Respublikasının “Sanitar Epidemioloji Sağlamlıq haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunların əsasında tətbiq olunur.

Təbiət sarıdan həmişə öz gözəlliyi ilə seçilən Oğuzda təmizlik və gigiyena-sanitariya qaydalarına istər əhali, istərsə də ayrı-ayrı digər qurumlar tərəfindən həmişə ciddi riayət olunur. Vaxtaşırı dövlət büdcəsindən maliyyələşən məktəbəqədər uşaq müəssisələrində, orta və texniki peşə məktəblərində uşaq və yeniyetmələrin təhsili, tərbiyəsi, istehsalat tərbiyəsi, istirahət və fiziki hazırlıq işlərinin sanitar-gigiyenik norma və tədbirlərə uyğun təmin edilməsi mütəxəssislərimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Adları çəkilən müəssisələrlə mərkəz arasında sıx əlaqə qurulur, qarşıya çıxan hər hansı bir çatışmazlığın birlikdə aradan qaldırılması təmin olunur.

Mərkəzin fəaliyyətində əhali arasında maarifləndirmə işlərinin səmərəli təşkilinə də xüsusi fikir verilir. Əhali arasında körpə yaşlarından başlayaraq profilaktik sağlamlaşdırıcı tədbirlərin aparılması, sağlam həyat tərzinin formalaşdırılması, böyüməkdə olan nəslin gigiyenik və bədən tərbiyəsi məsələləri əsas mövzulardır.

Nahid Əzizov bu gün dünyanı cənginə alan COVİD-19 pandemiyasının fəsadlarından və bu sahədə Oğuzda aparılan profilaktiki tədbirlərdən də danışdı. Bildirdi ki, bununla əlaqədar GEM-in özünün geniş tədbirlər planı hazırlanmış və respublika səhiyyə nazirliyinin, həmçinin respublika GEM-in müvafiq əmrlərinə uyğun gücləndirilmiş iş rejimi ilə fəaliyyətə başlayıblar. COVİD-19 infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması üçün əks-epidemik, sanitar-gigiyenik dezinfeksiya və maarifləndirmə işləri ön plana çəkilmişdir. Rayon GEM-in mütəxəssislərinin səyi ilə bu xəstəliyə tutulanların kimliyi, infeksiyaya haradan tutulduğu müəyyən olunur, təmasları qeydə alınır, xəstənin özü və təmasları on dörd gün müddətinə karantinə götürülür. Pandemiya dövründə ən çox diqqət yetirilən və ciddi şəkildə icra olunan məsələlərdən biri də dezinfeksiya tədbirlərinin vaxtlı-vaxtında yüksək keyfiyyətlə həyata keçirilməsidir. Rayonda bütün obyektlər, iş və yaşayış yerləri dezinfeksiya olunur, maarifləndirmə işləri ön planda saxlanılır. Əhaliyə gigiyenik qaydalara əməl etməyin, sosial məsafələri saxlamalarının, qoruyucu vasitələrdən istifadənin vacibliyi bildirilir. Bu sahə üzrə yaradılan respublika operativ qərargahının müəyyən etdiyi qaydalara uyğun olaraq sözügedən qurumun mütəxəssisləri tərəfindən təlimata uyğun yerlərdə yoxlama və reydlər keçirilir, verilən məsləhətlərə, tapşırıqlara necə əməl olunması barədə aktlar tərtib edilir. 2021-ci ilin birinci yarısında yaşayış məntəqələri üzrə 10, idarə, müəssisə və təşkilatlarla əlaqədar 5, obyektlərlə bağlı 12 akt tərtib olunmuş, tədbir görülməsi üçün müvafiq ünvana göndərilmişdir.

Məlum olduğu kimi, COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərindən biri də peyvəndlənmədir. Oğuzda bu məsələ də diqqətdə saxlanılır. Rayon gigiyena və epidemiologiya mərkəzi peyvəndlərin “Soyuq zəncir” qaydasına uyğun olaraq gətirilməsinə, saxlanmasına və vaksinasiya prosesinin gedişatına nəzarəti daim diqqət mərkəzində saxlayır. İndiyə kimi rayon əhalisinin 17581 nəfəri peyvənd olunmuşdur. Bu iş rayonun rəhbər qurumlarının, səhiyyə təşkilatlarının yaxından iştirakı və köməkliyi ilə lazımi səviyyədə davam etdirilir.

Müstəqilliyinin üçüncü onilliyini yaşayan respublikamızda digər sosial-iqtisadi məsələlərlə yanaşı, əhalinin sağlamlığının daha da yaxşılaşdırılması bütün istiqamətlərdə olan fəaliyyətin ana xəttidir. Bu fəaliyyətdə təbiətin dilbər guşəsi olan Oğuzun da öz payı var. Son illərdə rayonda yaradılan işgüzarlıq, qayğıkeşlik əhvali-ruhiyyəsi bu sahədəki fəaliyyətə də təkan vermişdir.

Bundan sonra da Oğuz GEM-i rayon əhalisinin həyat və sağlamlığına mənfi təsir edə biləcək şəraitin yaranmaması, sanitar epidemioloji şəraitin yaxşılaşdırılması üçün bütün imkan və bacarıqlarından maksimum səviyyədə istifadə edəcəkdir.

Rasim AMANOV,

“Respublika”.