Sağlam həyat tərzi mənalı ömür deməkdir
Region

Sağlam həyat tərzi mənalı ömür deməkdir

Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyəti rayon Polis şöbəsi və rayon Təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirdi.

Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etdilər.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.Sağlam həyat tərzi mənalı ömür deməkdir.

Rayon Polis şöbəsinin rəisi Namiq Camalov, Təhsil şöbəsinin müdir müavini Azər Quliyev çıxış edərək rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verdilər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.  Tədbirdə həmçinin, “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin yekununda iştirakçılara maarifləndirici materiallar təqdim edildi.

                                Tofiq HÜSEYN,

                               “Respublika”.