Sadıqcanın evi bərpa ediləcək
Mədəniyyət

Sadıqcanın evi bərpa ediləcək

Prezident İlham Əliyev sentyabrın 7-də görkəmli sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) Şuşa şəhərində yerləşən evinin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamla Azərbaycan milli musiqi sənətimizin inkişafında misilsiz rolu olan dahi sənətkar,  milli ideologiyamıza, mənəvi dəyərlərimizə xidmət göstərərək tarixdə iz qoymuş, unudulmaz Sadıqcanın da evi bərpa edilərək  yenidən musiqisevərlərin üz tutduqları doğma məkana çevriləcək.                           

Azərbaycançılıq ideologiyasını yaşadan amillər sırasında milli musiqi alətlərimiz, onların ifaçıları xüsusi yer tutur. Tar deyəndə yaddaşımızda tariximizin neçə-neçə səhifələri vərəqlənir, dahi sənətkarlar yada düşür. Təbii ki, burada müasir "Azərbaycan tarının atası" Sadıqcanın adını xüsusi qeyd etməliyik.

Mirzə Sadıq Əsəd oğlu - Sadıqcan 1846-cı ildə Şuşa şəhərində anadan olub. Məlumatlara görə, mədəniyyət mühitində böyüyən  şuşalılar kimi onun da hələ uşaqlıqdan incəsənətə, musiqiyə marağı sonsuz olub. Kiçik yaslarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayan Mirzə Sadığı atası o vaxt Şuşada seçilib-sayılan müəllimlərdən biri, Şərq musiqisinin gözəl bilicisi, vokal sənətinin tədrisi üçün özünəməxsus effektli bir metodika yaratmıs Xarrat Qulu Məhəmməd oğluna şagird verir. O, on səkkiz yaşında səsini itirsə də ruhdan düşmür, musiqiyə marağı sönmür. Ustadının yanında qazandığı biliklər Mirzə Sadığın gələcək fəaliyyətində müstəsna rol oynayır. Bundan sonra o, tütək, ney, kamança və tar çalmağı öyrənir. Bütün bu alətləri öyrəndikdən sonra tarzən olmağa qərar verir. XIX əsrdə yaşamış məşhur Şuşa tarzəni Mirzə Muxtar Məmmədovdan dərs alır və bu alətdə çalğının bütün incəliklərinə yiyələnir.

Tədqiqatçılar qeyd edir ki, Mirzə Sadıq Şuşadakı məshur ədəbi və musiqili məclislərdə fəal istirak edib. Onun məshur musiqişünas Mir Möhsün Nəvvabın yaratdığı "Məclisi-Fəramuşan" və "Məclisi-xanəndə"nin, habelə Xurşidbanu Natəvanın məclislərinin yığıncaqlarına daha tez-tez gəldiyi söylənilir.

XVIII  əsrdən etibarən Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda xalq tərəfindən yüksək dərəcədə sevilən və qiymətləndirilən xanəndə və sazəndələrə "can" kimi yüksək ad və yaxud təxəllüs verilərdi. Bu tərifli adı qazanmaq şərəfi Sadığa  da müyəssər olub. Beləliklə, xalq da onu  Sadıqcan çağırırdı. 

Mirzə Sadıq artıq özünün tarzənlik bacarığının ən yüksək zirvəsində olduğunu anlayaraq cidd-cəhdlə bu qədim aləti təkmilləsdirmək və onda çalğı manerasını dəyisdirmək üçün yollar axtarmağa baslayır.  Sadıqcana qədər tarı diz üstündə çalırdılar. O, özünün virtuoz bacarığından istifadə edərək ilk dəfə tarı sinəsinə qaldırdı. Mirzə Sadıq həmçinin tarın simlərini çoxaldaraq onların yerləsməsini dəyisdi. Bundan basqa, o həm də tarın çanaq quruluşunu dəyişərək, onun möhkəmliyini artırmaqla alətin ümumi çəkisini azaltmış oldu. Sadığın rekonstruksiyasına qədər tarın 5 simi vardı. O, simlərin sayını on birə çatdırdı. Musiqiçilər bundan sonra yenilənmiş tarı "möcüzə", Sadıqcanı isə "tarın atası" adlandırmağa basladılar.  Tədqiqatçılar yazır ki, Mirzə Sadıq həm də istedadlı bir bəstəkar idi. O, "Orta Segah" və "Bayatı Şiraz" muğamlarına bir neçə rəng bəstələmisdi.  Mirzə Sadıq həm də 1897-ci ildə Şuşada dini "şəbeh" üslubunda musiqili "Leyli və Məcnun" tamaşasının qoyulmasında yaxından istirak edib.  Azərbaycan muğamına bir sıra yeniliklər gətirən Sadıqcan  "Segah", "Mirzə Hüseyn Segahı" və "Mahur"u təkmilləşdirib. Mütəxəssislər Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah" və "Çoban Bayatı"nın yaranmasının Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlı olduğunu bildirirlər.

Öz dövründə "Qafqazın birinci tarzəni" kimi tanınan Sadıqcan 1901-ci ildə Şuşada təskil olunmuş Birinci Şərq konsertində  ilk dəfə tarda "Mahur" muğamını tək, solo ifa  edən Sadıqcan 1902-ci ildə 56 yaşında doğma şəhəri Şuşada vəfat edib.

1992-ci ilin mayında görkəmli tarzənin doğma şəhəri Şuşa da erməni qəsbkarları tərəfindən işğal olundu. Ermənistan silahlı qüvvələri zəbt etdikləri Qarabağın və Şərqi Zəngəzurun digər əraziləri kimi, Şuşanı da dağıntılara məruz qoydular. Divarına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xatirə lövhəsi vurulmuş Sadıqcanın Şuşaya xas memarlıq üslubunda Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində inşa olunan ikimərtəbəli evi də ermənilər tərəfindən talan olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya hər səfəri bu şəhərin yeni bir abad ünvanı ilə tarixiləşir. Mayın 10-da ümummilli liderimizin anadan olmasının 99-cu ildönümü günündə Qarabağın baş tacı Şuşada olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada bir sıra obyektlərin açılışında iştirak etmiş, bərpa işləri ilə maraqlanmışlar. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı ev də bərpa olunacaq obyektlər sırasındadır.

Bəybala  BƏYBALAYEV,

"Respublika".