Sabunçu rayonunda növbəti yenilənən həyət
Sosial həyat

Sabunçu rayonunda növbəti yenilənən həyət

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət, sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 5, 7, 9 və 11 ünvanlarında 850 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

"Bizim həyət" layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınaraq, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait təmin olunub. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 4 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi, qaz, su və istilik xətləri yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 280 ədəd müxtəlif cinsli ağac və minlərlə kol əkilib, 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sarmaşan bitkilər əkilməklə "yaşıl sədlər"  yaradılıb.

Kamil İSMAYIL,

"Respublika".