ŞABRANDA SAĞLAM HƏYAT NAMİNƏ EKOLOJİ TƏMİZ QİDALANMA MÖVZUSUNDA TƏDBİRLƏR
Bölgələr

ŞABRANDA SAĞLAM HƏYAT NAMİNƏ EKOLOJİ TƏMİZ QİDALANMA MÖVZUSUNDA TƏDBİRLƏR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi kiçik qrant müsabiqəsində Şabran Şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin  "Şabran rayonunda sağlam həyat naminə ekoloji təmiz qida məhsullarından istifadənin təbliği mövzusunda təbliğat və təşviqat işlərinin təşkili" layihəsi qalib hesab olunmuşdur.

Bu barədə  Şabran Şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin sədri - layihə rəhbəri Gülsənəm Əmrahova bildirdi ki, layihənin mövzusu ekoloji təmiz qida məhsullarına olan tələbatın artması ilə yanaşı Şabran rayonunda, eləcə də respublikamızda təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün mövcud imkanların artırılmasının təşkil etdirilməsi ilə bağlıdır.

Rayon aqrar inkişafı baxımından respublikamızda əhəmiyyətli çəkiyə malikdir. Bu, ərazidən faydalı ekoloji və təmiz  qidalanma imkanlarından və lazımi səviyyədə istifadə olunması belə aktual tədbirlərin təşkil edilməsinə şərait yaratmışdır. Xüsusilə insanların sağlamlığı  baxımından  əhəmiyyət kəsb edən və ən mümkünü hesab edilən ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə qidalanmanın təbliği  bütün  yaş qrupu əhali üçün məsuliyyətlə yanaşılan bir məsələdir. Bu problemin həm tibbi, həm də sosial baxımından xüsusi əhəmiyyəti vardır.

Layihənin əsas məqsədi  iqtisadiyyatın əsas sahələrindən sayılan və əhalinin tələbatının tərkib hissəsi  kimi ekoloji təmiz qida məhsulları ilə təminatının artırılması, nəticə etibarı ilə sağlam həyat tərzinin və rifahının gücləndirilməsi təsəvvürlərinin artırılmasına mühüm töhfə verməkdən ibarət olmuşdur.

Bunun üçün Şabran şəhərinin Heydər Əliyev prospektində  layihənin daha geniş əhali auditoriyasına çıxmasına şərait yaratmaq məqsədilə iri ölçülü  informativ  lövhə-panno quraşdırılmışdır. Panno üzərində rayon ərazisində istehsal olunan məhsulların şəkilləri  və mövzu ilə bağlı  ibrətamiz kəlamlar  qeyd olunmuşdur.

Layihə çərçivəsində rayonun Ağalıq, Əmirxanlı, Şahnəzərli, Gəndov və Rəhimli kəndlərində yerli icra nümayəndəlikləri, bələdiyyələr,  Dövlət Aqrar İnkişaf Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyin Quba-Xaçmaz Regional Bölməsi, Kənd Təsərrüfatı Nazirliyinin Regional Təlim Mərkəzi  əməkdaşlarının və yerli sakinlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Tədbirlərdə mövzu ətrafında fikirlər dinlənilmiş, ekoloji təmiz qida məhsullarından istifadənin  təbliği mövzusunda təbliğat və maarifləndirmə işləri aparılmışdır.

Tarixən əlverişli coğrafi mövqeyi, zəngin iqlim şəraiti, münbit torpaqları olan Şabran rayonunda ekoloji təmiz qida məhsullarının istehsalında və ərsəyə gətirilməsində daha böyük payı olan  yaşayış məntəqələrində bu tipli tədbirlərin təşkili  layihənin qarşıya qoyduğu məqsədlərin  müsbət təsirinin olacağına əminlik yaradır.

Layihə mövzusu barədə verilən informasiyaların iştirakçılar tərəfindən daha çox əhali arasında yayılmasına və davamlılığına  şərait yaradılması üçün tədbirlərdə bukletlər paylanılmışdır.

"Respublika".