Sabitliyin, sülhün və  təhlükəsizliyin tənzimlənməsində Qoşulmama Hərəkatı  güclü siyasi platformadır
Siyasət

Sabitliyin, sülhün və  təhlükəsizliyin tənzimlənməsində Qoşulmama Hərəkatı  güclü siyasi platformadır

Azərbaycanın quruma sədrlik etməsi ölkəmizə olan inamın, etimadın təzahürüdür, rəsmi Bakının böyük diplomatik uğurudur

Bəşəri dəyərlərin təbliğinə xidmət edən, bütün ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyini daim ortaya qoyan Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT  Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. 1961-ci ildə, hələ “soyuq müharibə” dövründə gərginliyi azaltmaq məqsədilə yaradılan Qoşulmama Hərəkatı Qərb ittifaqı  ilə  Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Bu hərəkata üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçi qismində təmsil olunur. 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunan  Azərbaycan belə mötəbər, qlobal güc mərkəzində olduğu  müddət ərzində  beynəlxalq  hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanmışdır.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə Venesuelada keçirilən XVII  Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu mühüm əhəmiyyətli tarixi hadisəni möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü, sıralarında birləşən dünya ölkələrinin əksəriyyətinin  bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirmişdir. Dövlət başçısı vurğulamışdır: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”.

2019-cu ilin oktyabr ayında Prezident İlham Əliyevin sədrliyi ilə 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur. Bu, beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda olan nüfuzunun göstəricisidir. Beləliklə, Azərbaycan qarşıdakı üç il ərzində BMT mənzil-qərargahında Qoşulmama Hərəkatı sədri kimi diplomatik təmsilçilik həyata keçirəcək, bu zaman həm üzv dövlətlər, həm də BMT-dəki digər ölkələrlə yaxından iş apara biləcək. Xüsusən də BMT-də və digər beynəlxalq qurumlarda qərarların qəbulunda Azərbaycanın daha ciddi təsir imkanları və lobbi gücü yaranacaq. Ölkəmizin nüfuzu və təsir imkanları artacaq, daha çox tanınacaq. Qoşulmama Hərəkatına sədrlik rotasiya qaydasında olsa da, Azərbaycanın bu quruma üç illik sədrlik dövrü Azərbaycanın üzv ölkələrlə əlaqələrinin daha da dərinləşməsi, bu ölkələrin siyasətinə təsir imkanlarının artması deməkdir. Başqa sözlə, Azərbaycan ən azı qarşıdakı üç ildə Qoşulmama Hərəkatına üzv ölkələrdə erməni yalanları və saxtakarlıq təbliğatına qarşı effektiv cavab vermək, bu yalanların yayılmasına mane olmaq rıçaqları əldə edəcək. Bu isə uzun illər Azərbaycan və eləcə də, onun müttəfiqi Türkiyə üçün də ciddi bir dəstəkdir. 

Bakıda keçirilən dünyamiqyaslı tədbirdə  iki gün  beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu. Azərbaycanın müstəqillik tarixində Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi ən böyük siyasi tədbir idi. Zirvə Görüşündə 159 nümayəndə heyəti, dövlət və hökumət başçısı, parlamentin sədri, xarici işlər naziri və digər yüksək səviyyələrdə təmsil olunmuşdu. Həmçinin, BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının prezidenti Zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda idilər. Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olundu: "Biz dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik". Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail oldu. Eyni zamanda, Avropa qitəsində 30 ildən sonra təkrarlanan bir hadisə idi. Dünya əhalisinin yarıdan çoxunun - təxminən 55 faizinin Qoşulmama Hərəkatına üzv olan ölkələrdə yaşadığını, yer kürəsində neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxunun bu dövlətlərin ərazisində yerləşdiyini nəzərə alaraq tədbirin Bakıda təşkili iqtisadi, siyasi və beynəlxalq baxımdan mühüm əhəmiyyət kəsb etməklə Azərbaycanın dünyaya açıq ölkə olduğunu və humanizm dəyərlərinə sadiq qaldığını bir daha təsdiqlədi. Artıq hər kəs bu reallığı qəbul etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan dinamik surətdə inkişaf edərək dünya birliyində qüdrətini durmadan artırır. Zirvə Görüşündə iştirak edən ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ölkəmizin sosial ədalət prinsiplərinə sadiq qalaraq son dərəcə sürətlə inkişaf etdiyini görməklə, Ermənistanın faşist siyasətinə  yaxından bələd oldular. Görüş Azərbaycanın dünya birliyində rolunun genişləndiyinin və bunun xarici ölkələr tərəfindən də dəyərləndirildiyinin nümayişinə çevrildi, ölkəmizə əlavə dividendlər qazandırdı. Zirvə Görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi.

Müxtəlif qitələrdən olan və fərqli dillərə, dinlərə, adət-ənənələrə, siyasi sistemlərə malik ölkələrdən ibarət bir hərəkatda sədrliyimiz həm də mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsini, müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmaya və harmoniyaya nail olunmasını öz siyasətinin ön cərgəsinə çıxarmış Azərbaycan Respublikası üçün optimal qanunauyğunluqdur. Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə ötən ilin mayında hərəkatın koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupununu videokonfrans vasitəsilə Zirvə Görüşü keçirilib. Prezident İlham Əliyev Zirvə Görüşündə açılış nitqi söyləyərək bildirib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Prezident bunun Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə Görüşü olduğunu qeyd edərək ölkənin sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onun təşəbbüsü ilə aprelin 10-da COVID-19-a qarşı təşkil edilən Zirvə Görüşünü xatırladıb. Sammitdə dövlət başçısı qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub. Baş katib bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Müraciətdə vurğulanıb ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxışında Azərbaycanın təşkilata verdiyi dəstəyi yüksək dəyərləndirib. O, Azərbaycan hökumətinə və xalqına ÜST-ə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkür edib, həmçinin təşkilata əlavə olaraq 5 milyon dollar həcmində yardım göstərdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bu Zirvə Görüşü də bir daha təsdiqlədi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

2020-ci il 19 oktyabrda Qoşulmama Hərəkatının üzvləri BMT TŞ-də Azərbaycanın əleyhinə olan sənədin qəbul olunmasına imkan verməmişdilər. Belə ki, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra TŞ-nin sədri adından bəyanat layihəsi hazırlanmışdır. Bəyanat layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad öz əksini tapmamışdır. Sözügedən layihə əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanmışdır. BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr etmişlər. Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nin sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdirmişlər. Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülmüşdür. Bu ölkələrə həmrəylik göstərərək ədalətli və prinsipial mövqelərinə görə təşəkkürünü ifadə edən ölkə başçısı  bildirmişdir  ki, Qoşulmama Hərəkatının Sədri kimi, 2019-cu ildə Bakıda keçirilmiş XVIII Zirvə toplantısında çıxışında dediyi kimi, bundan sonra da üzv dövlətlərin maraqlarını, beynəlxalq hüququ və ədaləti BMT-də və digər beynəlxalq təşkilatlarda müdafiə edəcəkdir. Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyev bütün QH üzv ölkələrinə müraciət edərək Bandunq Prinsipləri əsasında həmrəyliyə, birliyə və qarşılıqlı dəstəyə çağırmışdır.

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib. Azərbaycanın 2019-2022-ci illərdə hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. Şübhəsiz, bütün əldə olunan müsbət nəticələrin əsasında Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Hansı ki, bu qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları tərəfindən Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın quruma 3 il müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir. Azərbaycan yeni müstəqillik qazanmış ölkə kimi beynəlxalq aləmdə, o cümlədən müsəlman aləmində qəbul olunur, fikirləri ilə hesablaşırlar. Bu mənada, QH sədrliyi rəsmi Bakının beynəlxalq və regional proseslərdə ədalətli vasitəçi, barışdırıcı, donor ölkə olma imkanlarını daha da artıracaq, Azərbaycanı regional və beynəlxalq siyasətdə aktiv ölkə mövqeyinə keçirəcək. Göründüyü kimi, Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-addım strateji hədəflərə yaxınlaşdırır.

Mustafa KAMAL,

“Respublika”.