Sabirabad: Futbol meydançası yenidən qurulub
Region

Sabirabad: Futbol meydançası yenidən qurulub

Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Sabirabad şəhər Nizami Gəncəvi adına 5 saylı orta məktəbdə futbol meydançası yenidən qurulmuşdur.

Futbol meydançasının açılışında Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov, 63 saylı Sabirabad birinci seçki dairəsindən deputat Kamal Cəfərov, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin konsulu və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları, Nizami Gəncəvi adına 5 saylı orta məktəbin müəllim kollektivi və şagirdlər müasir tipli futbol meydançasına görə Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

“Nizami Gəncəvi ili” çərçivəsində hazırlanan futbol meydançasında cari ilin 15 sentyabr tarixində mövcud karantin qaydaları nəzərə alınmaqla “Nizami Gəncəvi”  adına məktəblərarası futbol yarışı keçiriləcək.

Tofiq HÜSEYN,

“Respublika”.