“Sabir poeziya günləri” keçirilib
Region

 “Sabir poeziya günləri” keçirilib

Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 161 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Konfransda dahi şairin həyat və yaradıcılığı ətrafında geniş məruzələr dinlənilib.

Azərbaycan Yazıçılar Birliyinin katibləri İlqar Fəhmi, Elçin Hüseyinbəyli, professor Rüstəm Kamal, professor Vaqif Yusifli, Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Xalq artisti İlham Namik Kamal, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist, qiraətçi Ağalar Bayramov və başqaları görkəmli sənətkarın satiralarını müsəlman şərqində bir intibah, oyanış kimi qiymətləndiriblər, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdıraraq onun yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğulayıblar.

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Mirzə Ələkbər Sabirin keçdiyi həyat yolundan, ustad sənətkara olan xalq məhəbbətindən, sonsuz ehtiramdan söz açıb.

Tədbir çərçivəsində “Letterpress” nəşriyyat evi tərəfindən yeni tərtibatda 7 cilddən ibarət “Hophopnamə”nin təqdimati keçirilib.

M.QULUYEV,

“Respublika”.