Saatlının sirli quyusu
Region

Saatlının sirli quyusu

50 il bundan əvvəlin axtarışları

Yetmişinci illərdə Saatlıda dərinliyi 15 min metr olan quyunun qazılması barədə informasiyalar ozamankı SSRİ-də geniş yayıldı. Lakin qazıntının məqsəd və məramı gizlin saxlanıldı. Hətta yerli adamlar quyunun ənənəvi kəşfiyyat quyusu olduğunu, burada neft-qaz yataqlarının axtarışı aparıldığını zənn etdilər. Lakin sonralar aydın oldu ki, SSRİ dövründə elmi-tədqiqat məqsədləri üçün qazılan Saatlı quyusu dərinliyinə görə Yer kürəsində qazılan 10 ən dərin quyudan biridir. SSRİ-də isə dərinliyinə görə Kola yarımadasında qazılan quyudan sonra ikincidir. Quyunun qazılmasında məqsəd Yerin dərin təkini öyrənmək olub. Qeyri-rəsmi deyilənlərdə quyunun dərinliyinin 15 min deyil, 11 min metr olacağı bildirildi, lakin qazıntı 8 min metri keçəndən sonra dayandırıldı.

Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra “sirli” Saatlı quyusunun nə məqsədlə qazılmasına aydınlıq gətirməyə çalışıb mütəxəssis rəylərini nəzərdən keçirdik. Onların bildirdiyinə görə, Azərbaycandakı ənənəvi zəlzələ ocaqlarında zəlzələ baş verəcəyini demək gülüncdür. Çünki Azərbaycan seysmik aktiv zonada yerləşir. Burada Abşeron ocağı, Gəncəbasar zonası, Şamaxı, Şəki-Zaqatala, Dəvəçi-Siyəzən və s. seysmik regionlar var. Açıqlanan həmin cədvələ görə, bütün Azərbaycan ərazisində zəlzələ olacaq.

Respublikanın seysmoloji vəziyyəti daim diqqət mərkəzindədir. Zəlzələ ocaqlarının aktiv olduğu siyahıya görə Rusiya təhlükəli vəziyyətdə deyil. Amma nəzərə almalıyıq ki, Rusiya ən böyük ərazisi olan dövlətdir. Bu ərazidə çox güclü zəlzələ ocaqları var. Təkcə Sakit okean yaxınlığında həmişə aktiv olan çoxsaylı bölgə var. Bu boyda ərazidə heç zəlzələ olmayacağını demək inandırıcı deyil. Həm də bu zaman təkcə zəlzələ yox, onun nə qədər çəkəcəyi də önəmlidir. Bir dəqiqə davam edən zəlzələ inanılmaz dağıdıcı gücə malik ola bilər. Məsələn, 2000-ci ildə Bakıda baş verən zəlzələ 12 saniyə çəkmişdi. Bu qısamüddətli prosesin proqnozunu qabaqcadan müəyyənləşdirmək mümkün deyil. Əgər diqqət yetirsəniz, görərsiniz ki, inkişaf etmiş ölkələrdə seysmoloji mərkəzlər zəlzələ ocaqlarını nəzarətdə saxlayaraq onun dağıdıcı gücü, minimum seysmik riski barədə təxmini məlumat verir, dəqiq bal gücü barədə heç nə deyə bilmirlər.

Mütəxəssislər bildirirlər ki, zəlzələ həmişə olub, olacaq və olmalıdır. Son 10 ayda Azərbaycan ərazisində 5 mindən çox təkan qeydə alınıb. Lakin bunların cəmi 10-a qədəri hiss olunub. Qalanları zəif təkanlar olduğundan hiss olunmayıb. Yaxın müddət üçün Azərbaycanda güclü təkan olmayacaq.

Əslində, zəlzələnin gücü anlayışının özü də dəqiq olmur. Zəlzələ yerin dərin qatlarında baş verən prosesdir. Bu plitələrin hərəkəti də ola bilər, qazların yerdəyişməsi də, bir neçə blokun birdən hərəkəti də. İndiyə qədər 9 ballıq zəlzələnin dağıdıcı gücünün böyük olması göstərilirdi. Lakin Yaponiyada baş verən zəlzələdə 4 plitənin qırılması baş verdi. Yer üzündə bu qədər böyük zəlzələ baş verməmişdi. Ola bilər ki, hansısa ocaqda aktivlik olsun, lakin kiçik təkanlarla böyük gərginlik boşala bilər. Bunu əvvəlcədən bilmək olmur.

Bu hadisənin qabaqcadan proqnozunu vermək nə qədər çətindirsə, məlumatı əhaliyə çatdırmaq da o qədər məsuliyyət tələb edir. Aktiv bir ocaqda zəlzələ olacağı ehtimalı böyükdür, amma boşalmalar nəticəsində heç nə olmaya da bilər, bunu əhaliyə qabaqcadan demək düzgün deyil.

Yer qabığının tədqiqinə baxmayaraq, yenə də proqnozların dəqiq olmadığını deyən mütəxəssislər Saatlıda qazılan tədqiqat quyusunu misal gətirirlər: “Saatlıda qazılan quyunun dərinliyi 8324 metrdir. Proqnoza görə, 7 kilometrdən sonra kristallik özül açılmalı idi. Amma 8 kilometrdən çox qazıldı, heç nə müəyyən edilmədi”.

Beləliklə, Saatlı quyusunun qazılmasında əsas məqsədlərdən biri də yerin dərin qatlarında baş verə biləcək təkanların aktivlik səviyyəsini öyrənmək olub.

Hazırladı:

Tofiq HÜSEYN,

“Respublika”.