Saatlıda yem emalı məntəqəsi
Region

Saatlıda yem emalı məntəqəsi

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə vəsaiti və Azərbaycan hökumətinin dəstəyi ilə SEDA proqramı çərçivəsində Saatlı rayonunun Hacıqasımlı kəndində Yem Emalı Məntəqəsi istifadəyə verilmişdir. Açılış tədbirində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölməsinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər tərəfdaşlar iştirak etmişlər.

SEDA-nın regional direktoru Əhməd Məmmədzadə “Yem Emalı Məntəqəsinin Tikintisi” layihəsinin USAİD və Azərbaycan hökumətinin birgə maliyyə dəstəyi, yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə yerinə yetirildiyini, bu layihənin icrasından Hacıqasımlı icmasında və qonşu 4 icmada yaşayan təxminən 928 ailə olmaqla, 5 min nəfərdən artıq vətəndaşın faydalanacağını qeyd etmişdir. İqtisadiyyat Nazirliyi Aran Regional Bölməsinin nümayəndəsi Ziyafər İsmayılov isə qeyd etmişdir ki, icmanın ümumi mülkiyyətində olan əkinəyararlı torpaq sahəsində müxtəlif yem bitkiləri, tərəvəz, dənli bitkilər becərilir. Ərazidə maldarlıq, quşçuluq və toxumçuluğun inkişafı üçün yem emalı məntəqəsi də mühüm əhəmiyyət daşıyacaq. Bu məntəqənin fəaliyyəti Saatlı rayonunun fermerlərinin, fərdi təsərrüfat rəhbərlərinin şəxsi gəlirlərinin artımına, təsərrüfatlarının daha da genişləndirilməsinə əlverişli imkanlar yaradacaqdır.

USAİD-in nümayəndəsi xanım Dulse Canis Mak Qvayer Amerika-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyini, yeni yaradılan yem emalı müəssisəsi kimi gələcəkdə birgə əməkdaşlıq çərçivəsində digər infrastruktur layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Artıq istifadəyə verilən yeni müəssisə barədə  Hacıqasımlı-Kamallı bələdiyyəsinin sədri Amil Teymurov deyir:

- Layihə yaşadığımız ərazinin inkişafına böyük töhfə verəcək. Bu yerlərdə insanların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Təəssüf ki, əhali yem ehtiyatı yaradıb heyvandarlığı inkişaf etdirməkdə həmişə çətinliklərlə üzləşib. Yeni müəssisə bizi bu çətinlikdən qurtaracaq.  Layihə, eyni zamanda kənd sakinlərinin məşğulluğunun təmin olunmasına, fərdi təsərrüfatlarının genişləndirilməsinə töhfə olacaq.

Tofiq HÜSEYN,

“Respublika”.