Saatlı: Suvarma normalara uyğun aparılıb
Region

Saatlı: Suvarma normalara uyğun aparılıb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Saatlı rayonunda hər il olduğu kimi, bu il də suvarma normalara uyğun olaraq aparılıb və artıq başa çatdırılıb.

Saatlı Suvarma Sistemləri İdarəsi 60 min hektara yaxın suvarma şəbəkəsi ilə əhatə olunan sahəyə xidmət edir. İdarə sahələrin suvarılmasını ümumi uzunluğu 1400 kilometrdən artıq olan suvarma kanalları, 2 mindən çox sayı olan hidrotexniki qurğu, 61 ədəd nasos aqreqatı və digər köməkçi vasitələrlə təmin edir. Balansda olan suvarma kanallarında suyun axınının maneəsiz təmin olunması istiqamətində hazırda müxtəlif ərazilərdə lildən təmizlənmə işləri həyata keçirilir. Araz çayından ayrılan suvarma qollarının tez-tez lillənməsi kanalların mütəmadi təmizlənməsini vacib edir. Bununla yanaşı, kollektor-drenaj şəbəkəsi də lildən təmizlənir, ərazidə olan torpaqların şoranlaşmasının qarşısı alınır.

Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən ilin əvvəlindən bu vaxta qədər 22 ədəd hidrotexniki qurğu, 2 ədəd nasos stansiyası, 7 kilometr nov kanal cari təmir edilib. Eyni zamanda, 2022-ci ilin II rübündə ümumi uzunluğu 330 km olan suvarma kanallarında 891 min kubmetr, uzunluğu 158 km olan kollektor-drenaj şəbəkəsində isə 544 min kubmetr mexanizmlə lildən təmizlənmə işi yerinə yetirilib. Bundan başqa, Araz çayında nasos stansiyaların ətrafında 255 min kubmetr məcratəmizləmə işləri də başa çatdırılıb.

Qeyd edək ki, Saatlı rayonunda bu il taxıl və pambıqdan əlavə, 16930 hektar sahədə yem bitkiləri, 252 hektarda qarğıdalı, 2650 hektarda bostan-tərəvəz məhsulları, 66 hektarda silosluq qarğıdalı əkilib və sahələrin suvarılması tam başa çatdırılıb.

N.ƏHMƏDOĞLU,

"Respublika".