Rusiyalı hərbi icmalçı: Ağdam şəhərindəki dağıntını törədənlər insan ola bilməzlər
MÜSAHİBƏLƏR

Rusiyalı hərbi icmalçı: Ağdam şəhərindəki dağıntını törədənlər insan ola bilməzlər

Hərbi jurnalist kimi həyatımda çox dağıntılar görmüşəm, amma Ağdamdakı kimi görüntünün şahidi olmamışam. Bunu törədən insan ola bilməz. Onlar nəinki yerli əhalini öldürüblər, hətta təbiətə belə ciddi ziyan vurublar. Ermənilər Ağdam kimi şəhəri viran qoyublar, şəhər səhranı xatırladır. Şəhərə baxanda adama elə gəlir ki, bura zəlzələnin, vulkan püskürməsinin qurbanı olub.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdamda erməni vandalizmi ilə tanış olan "Pravda.ru" mediaholdinqinin hərbi icmalçısı Aleksandr Artomonov söyləyib.

Ermənilərin Ağdamda törətdiklərinin insanlığa sığmadığını bildirən rusiyalı jurnalist bunun terrordan başqa bir şey olmadığını deyib: "Onlar bu yerləri Azərbaycan xalqının yaddaşından silmək istəyiblər. Abidələrin təhqir edilməsi də hiddət doğurur. Heç bir dində belə bir şey yoxdur. Azərbaycan Ermənistanın vurduğu ziyana görə beynəlxalq məhkəmələrə müraciət edib və bunda çox haqlıdır".

A.Artomonov qeyd edib ki, gördüyü dağıntılar ermənilərin bu torpaqların əsl sahiblərinə nifrətinin təsdiqidir. Onlar bu torpaqları sevmirdilər və bilirdilər ki, nə vaxtsa buranı tərk edəcəklər. "Azərbaycan xalqı öz torpağı, yurdu uğrunda mübarizə apararaq onu azad etdi. Əsas budur! Zaman keçəcək, bu torpaqlar doğma sakinlərinin nəfəsi ilə ağrılarını unudacaq və yenidən canlanacaq. Vətən, torpaq sevgisi varsa, hər şey yenidən canlanacaq və qaydasına düşəcək", - deyə o vurğulayıb.

Hərbi şərhçi deyib ki, Azərbaycan Vətən müharibəsində zəfəri ilə güclü dövlət olduğunu sübut etdi və həm də regionda yeni reallıq yaratdı. Göstərdi ki, onun torpaqlarına göz dikənin aqibəti yaxşı olmayacaq. Ərazi bütövlüyünü bərpa etməklə öz iradəsini qəbul etdirən Azərbaycan Cənubi Qafqazda söz sahibinə çevrilib. Azərbaycanın Ermənistandan başqa, bütün region ölkələri ilə yaxşı əlaqələri var.

"Azərbaycan möhtəşəm Qarabağ Zəfərini qazanmaq üçün 30 ilə yaxın səbir etdi. Təmkinlilik, səbirli olmaq Azərbaycan Liderinin və xalqının müdrikliyindən irəli gəlir. Səbir etmək gözəl xüsusiyyətdir və səbirli insanlar sonunda qalib gəlirlər", - deyə Aleksandr Artomonov əlavə edib.

AZƏRTAC