Rusiyada fəaliyyət göstərən “Odlar Yurdu” xalq rəqs ansamblının yaradıcısı və direktoru Səadət Qarayevadan
Məktublar

Rusiyada fəaliyyət göstərən “Odlar Yurdu” xalq rəqs ansamblının yaradıcısı və direktoru Səadət Qarayevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Rusiya Federasiyasının Krasnoyarsk şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” xalq rəqs ansamblı olaraq 60 illik yubileyinizi hər bir azərbaycanlı kimi böyük sevinc hissi ilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan mədəniyyətinin xaricdə təbliği diasporumuz üçün hər zaman prioritet istiqamət olduğu kimi, “Odlar Yurdu” xalq rəqs ansamblı da məhz bu missiyanı şərəflə həyata keçirir. Biz Vətənimizdən uzaqlarda mədəni irsimizi yaşadaraq zəngin mədəniyyətimizi layiqincə təmsil etməyə və yaymağa çalışırıq.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Siz xalqımıza 30 ilə yaxın intizarla gözlədiyi tarixi Qələbə sevincini yaşadan dahi sərkərdəsiniz. Apardığınız uzaqgörən və müdrik siyasət nəticəsində doğma Qarabağımız düşmən işğalından azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya sevinc və fərəh hissi yaşadan tarixi Zəfərinizdən ruhlanaraq, biz mədəniyyət təşkilatı kimi, xüsusilə də üzvlərinin çoxunu erməni işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş həmvətənlərimizin övladları təşkil edən ansambl olaraq Vətənimizin mədəniyyət paytaxtı Şuşa şəhərində genişmiqyaslı proqramla çıxış etməyi arzulayırıq.

Xalqımızın xilaskarı, müzəffər sərkərdə olaraq Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin inkişafı və əhalinin rifahı istiqamətində fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə, 

Səadət Qarayeva

Rusiyada fəaliyyət göstərən “Odlar Yurdu” xalq rəqs ansamblının yaradıcısı və direktoru