RUMINİYA
Digər xəbərlər

RUMINİYA

Dünyanın ən demokratik və tolerant ölkələrindən hesab olunan Rumıniya Avropanın cənub-şərqində yerləşir. Şimaldan Ukrayna, şərqdən Moldova, cənubdan Bolqarıstan, cənub-qərbdən Serbiya, qərbdən isə Macarıstanla həmsərhəddir. Cənub-şərqdə Qara dəniz sahilləri Rumıniyanın təbiətinin gözəlliyinə gözəllik qatır. Müasir Rumıniya xüsusi inkişaf yolu, özünəməxsusluğu, mədəni həyatda və idmanda uğurları ilə maraq doğuran, sürətlə inkişaf edən dövlətdir.

Rumıniya tarixində yunan, slavyan, ingilis və müsəlman mədəniyyətlərinin, ənənələrinin qarışığı, müxtəlif ölkələrin milli xüsusiyyətləri qəribə bir ahəng təşkil edir. Avropada öz zənginliyi ilə seçilən rumın folkloruna da xüsusi diqqət yetirilir. Ənənəvi xalq incəsənəti - taxta üzərində oyma, keramika, toxuculuq, gözəl rəqs və çox zəngin xalq musiqisini özündə birləşdirən rumınlar milli dəyərləri qoruyub bu günə qədər saxlamışdır. Bir çox cənub xalqları kimi, rumınlar da musiqini və rəqs etməyi çox sevirlər. Ənənəvi xalq mahnıları, lirik nəğmələr, milli rəqslər, qaraçı folkloru bu ölkənin mədəniyyətinin ayrılmaz hissəsidir. Rumın mədəniyyəti coğrafi yerləşmənin və xüsusi tarixi təkamülün nəticəsidir. O, fundamental olaraq üç bölgənin kəsişmə nöqtəsi kimi müəyyən edilir: Mərkəzi Avropa, Şərqi Avropa və Balkan.

Etik mədəniyyət - şüurun və biliyin məcmusunu, lazımi olanın dərk edilməsini, dəyərlər sistemini, əxlaqi davranış və münasibətləri, insanların mənəvi həyatını və fəaliyyətini ifadə edir. Bu baxımdan rumın xalqı hər zaman etik normalara riayət edir, hətta bir-birilərinə "siz" deyə müraciət edirlər. Ünsiyyətcil, mehriban və həssas rumınlar çox qonaqpərvərdilər. Bu ölkədə dəqiqlik pedantlıq səviyyəsinə qədər inkişaf etmişdir, buna görə də onlar çox nadir hallarda gecikir və gecikən insanları da sevmirlər.

Rəsmi dil rumın dili olsa da, türkcə və italyanca danışan insanlara tez-tez rast gəlmək mümkündür. Rumın dili ilə italyan dilinin oxşarlığı xüsusilə diqqəti cəlb edir. Belə ki, bir rumın qarşısındakı italyanı asanlıqla başa düşür. Rumıniyada işgüzar ünsiyyətdə ingilis, alman və ya macar dillərindən də fəal şəkildə istifadə olunur.

Rumın mətbəxi sadə olsa da çox dadlı və doyurucudur. Geniş çeşiddə tərəvəzlərdən istifadə edən rumınlar, ümumiyyətlə müxtəlif formalarda tərəvəzləri çox sevir və buna görə də tərəvəzlərdən bir çox ənənəvi milli yeməklər hazırlanır - bibər dolması, mussaka və s. Sadə və dadlı milli yeməklərin əsasını təşkil edən qarğıdalı sıyığıdır. Qızardılmış ət, qaraciyər, toyuq və ya "işkek" şorbası, həmçinin "mititei", üç növ ətdən hazırlanmış xüsusi kolbasa növü də bu ölkədə ən sevilən təamlardandır. Müxtəlif pendir növləri geniş çeşiddə istehsal olunur. Çaydan az istifadə edən rumınlar qəhvə mədəniyyətinə böyük önəm verir.

Rumıniyada sənətkarlıq milli folklorun bir hissəsidir. Gildən hazırlanmış xüsusi suvenirlər qədim dövrlərdən bəri qorunub saxlanmaqdadır. Daha çox gil boşqabların üzərində "şedevr" yaradan rumınlar bu adəti nəsildən-nəsilə ötürürlər. Bu sənət növü ən çox Xorezu əyalətində geniş yayılmışdır. Burada hər kəs, uşaqdan-böyüyə bu sənətin sirlərini öyrənir və yaşadırlar. Rumınlar naxışlardan və bəzəklərdən gil qablarda milli geyimlərindən də çox istifadə edirlər. Ənənəvi geyimlər böyük şəhərlərdə dəbdə olmasa da, bir çox əyalətlərdə insanlar hələ də milli üslubda geyinirlər. Əsasən bazar günləri, milli bayramlarda və kilsəyə gedən zaman bu geyimlərə üstunlük verilir. Mürəkkəb naxışlarla bəzədilmiş ağ köynəklər və sadə şalvarlar milli geyimin əsas atributlarıdır. Arxalıqlar isə yun parçadan tikilir, bu da öz növbəsində həm dəbli görünür, həm də istilik baxımından çox əlverişlidir. "Opinci" adlı milli çəkmə (çarıx) isə dəridən hazırlanır. Qışda rumınlar bu çəkməni yun corabların üstündən geyinirlər. Milli bayramlarda küçələrə çıxan rumınlar rəngarəng geyimləri ilə göz oxşayırlar.

Rumıniyada qeyd olunan "Mertişor" bayramı qədim dövrlərdən bəri mart ayının 1-də qeyd olunur. Dostluq, sevgi, hörmət və qarşılıqlı sədaqətin rəmzi olan bu bayramda insanlar ağ və qırmızı iplərdən kiçik dekorativ aksesuarlar toxuyurlar. Qədim rumın əfsanəsinə görə, Günəş gənc oğlan simasında göydən yerə enir, kəndlərdən birində bazar günü rəqslərinə qoşulur. Bu zaman Əjdəha onu oğurlayıb zindana salır və dünya yasa qərq olur. O zaman bir gənc Günəşi xilas etmək qərarına gəlir. Doqquz ay yol gedən gənc, nəhayət əjdahanın qəsrini tapır və onu öldürür. Lakin gənc oğlan Əjdaha ilə vuruşda ağır yaralanır və dünyasını dəyişir. Onun qanı qarın üzərinə tökülür və bu zaman istinin təsirindən əriyən qarın altında novruzgülü canlanır. Bu hadisədən sonra hər il gənc oğlanlar toxuduqları qırımızı və ağ ipi sevdiyi qızlara və ya yaxınlarına hədiyyə edirlər. Xalqın inancına görə, onu taxan insan ilboyu güclü və sağlam olur. Yazın gəlişini, təbiətin yenilənməsini ifadə edən qədim "Mertsişor" bayramı Yuneskonun Ümumdünya Mədəni İrsinə daxil edilmişdir.

Dünyanın bir çox dövlətləri ilə əməkdaşlıq edən Azərbaycan Rumıniya ilə də ikitərəfli münasibətlər qurub və mühüm layihələr reallaşdırıb. Postsovet məkanında Rumıniya ilə Strateji Tərəfdaşlığa qoşulan ilk müstəqil ölkə kimi Azərbaycanın bu gün diplomatiya, siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdəki səmərəli əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycan və Rumıniya arasında imzalanan 60-dan çox sənəd strateji tərəfdaşlığın inkişafına təkan vermişdir. Ulu öndər Heydər Əliyevin 1995-ci ilin iyulunda Rumıniyaya rəsmi səfəri iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım olmuşdur. Səfər zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, həmçinin elm, təhsil, mədəniyyət, idman, iqtisadi və elmi-texniki əməkdaşlığı möhkəmləndirən sazişlər imzalanmışdır. Rumıniyanın keçmiş prezidenti İon İliyeskunun Azərbaycana rəsmi səfəri 1996-cı ilin martında baş tutmuşdur. Səfər çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq müqavilələri, hava əlaqələri, ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları və digər sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Həmin səfər zamanı mətbuat konfransında bəyanatla çıxışında Heydər Əliyev söyləmişdir: "Azərbaycan Respublikası öz dövlət müstəqilliyini, milli azadlığını yüksək qiymətləndirir. Odur ki, bunların möhkəmlənməsinə yönəldilmiş hər bir addım bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz hüquqi, demokratik, sivilizasiyalı dövlət, cəmiyyət quruculuğu yolu ilə gedirik və bu yolda Azərbaycanın inkişaf etmiş demokratik ölkələr səviyyəsinə qalxa bilməsi üçün hər şeyi edirik".

"Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında" bəyannamə isə 1998-ci il iyulun 29-da Rumıniyanın keçmiş prezident Emil Konstantineskunun Azərbaycana rəsmi səfəri zamanı imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ilin oktyabrında Rumıniyaya gerçəkləşən ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni müstəvidə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında Birgə Bəyannamə" ikitərəfli münasibətlərin perspektiv prioritetlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

2007-ci il 24 sentyabrda gerçəkləşən işgüzar səfər zamanı Rumıniyanın keçmiş prezidenti Trayan Basesku ilə İlham Əliyevin təkbətək görüşündə iki ölkə arasında ikitərəfli əlaqələr, beynəlxalq layihələr çərçivəsində işbirliyi, keçmiş Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

2004-ci ildən NATO-nun üzvü olan Rumıniya 2007-ci il yanvarın 1-dən həm də Avropa İttifaqının tamhüquqlu üzvüdür. Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının üzvü olması, habelə "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"na qoşulması ona Rumıniya ilə hərbi sahədə geniş əməkdaşlıq imkanları yaradır.

Yüksək templə inkişaf edən iqtisadi əlaqələr nəticəsində Rumıniya Azərbaycan neftinin Avropa bazarlarına ixracında iştirak etmək istədiyini bəyan etmişdir. İki ölkə müxtəlif regional layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində əməkdaşlıq edir. Qara Dəniz Dialoq və Əməkdaşlıq Forumunda iştirak etmək üçün İlham Əliyev 2006-cı il iyulun 4-də Buxarestdə səfərdə olmuş, ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair müzakirələr aparmışdır.

Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2007-ci ilin sentyabrında Buxarestə işgüzar səfəri Heydər Əliyev Fondunun nümayəndiliyinin açılması ilə əlamətdar olmuşdur. Buxarestdə Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan bu addım ölkələrimiz arasında istər siyasi, istərsə də mədəni-humanitar sahələrdə əlaqələrin genişləndiyinə dəlalət edir. Mədəni əlaqələr sayəsində Bakıda "Azərbaycan - Rumıniya dostluq cəmiyyəti", Buxarestdə isə "Rom-Azer" Rumıniya - Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir, həmçinin Bakıda məşhur rumın bəstəkarı J.Eneskuya abidə ucaldılmışdır.

Azərbaycan və Rumıniya bir sıra beynəlxalq və regional məsələlərdə oxşar mövqedən çıxış edirlər. Şərqi Avropanın aparıcı dövlətlərindən sayılan Rumıniya Azərbaycanın Transqafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmin edilməsi baxımından əlverişli geosiyasi məkandır. Azərbaycanın Rumıniya ilə əməkdaşlığa xüsusi maraq göstərməsinin mühüm səbəblərindən biri də bu postsosialist dövlətinin qısa müddətdə Avratlantik strukturlara inteqrasiya sahəsində böyük uğurlar qazanması, habelə hərbi-texniki sahədə yüksək nəticələr əldə etməsidir. Regional və beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq edən Rumıniya Avropanın enerji təhlükəsizliyində Azərbaycanın xüsusi rolunu qiymətləndirir və dövlətimizi əsas tərəfdaş ölkə hesab edir.

"Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" gələcək əməkdaşlığın təməli olmuşdur.

İkitərəfli münasibətlərin strateji müstəvidə inkişafını təmin edən amillərdən biri də Rumıniyanın Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqe nümayiş etdirməsi, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini birmənalı dəstəkləməsi olmuşdur. Bu məsələdə kifayət qədər səmimi və obyektiv mövqe nümayiş etdirən Rumıniyanın keçmiş prezidenti Trayan Beseskunun münaqişə ilə bağlı qətiyyətli açıqlamaları dost ölkənin bu məsələdə mövqeyinin dəyişməz və ədalətli olduğunu bir daha təsdiqləmişdir.

Onu da qeyd edək ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan 2-cı, Avropa İttifaqı ölkələri arasında isə 1-ci ölkədir.

2022-ildə Rumıniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Rumıniya Respublikasının Prezidenti Klaus Yohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon danışığı zamanı 30 il ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq zəminində inkişaf etdirilməsi, enerji sahəsində əməkdaşlığın perspektivləri, Rumıniyanın enerji təhlükəsizliyinin təmin olunması və enerji təchizatının şaxələndirilməsi baxımından Azərbaycandan təbii qaz və elektrik enerjisinin ixracı məsələləri müzakirə olunmuşdur. Bu əlaqələrin genişləndirilməsinə dair və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barəsində də fikir mübadiləsi aparılmışdır.

Ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə keyfiyyətcə yeni mərhələdə inkişaf etməsi, qarşılıqlı inam və etimadın gücləndirilməsi deməyə əsas verir ki, bu gün rəsmi Buxarest Azərbaycanın Şərqi Avropadakı yaxın və etibarlı müttəfiqlərindən birinə çevrilmişdir. Eyni zamanda Rumıniya dünya enerji sektorunda mühüm mövqelərə çıxan respublikamızla əməkdaşlığın dərinləşdirilməsinə səmimi maraq göstərir, bu istiqamətdə bütün lazımi addımları atır.

 Arzu ASİFQIZI,

"Respublika".