Rövşən Abdullayev
Sosial həyat

Rövşən Abdullayev

Şəhidlik ən uca zirvədir. Xalqını, Vətənini böyük məhəbbətlə sevən, mərd, cəsur, qeyrətli, qartal vüqarlı oğullar ancaq bu uca zirvəyə yüksəlirlər. Yaşadıqları ömür payı olduqca ləyaqətli, şərəfli və əbədidir. Şəhid polis zabiti Rövşən Abdullayevin 23 illik qısa, dəyərli və mənalı ömrü kimi.

1969-cu il yanvar ayının 16-da əzəmətli dağlar diyarı - Lerik rayonunda ziyalı ailəsində dünayaya göz açıb. Atası Əbdülhüseyn Abdullayev təkcə cənub bölgəsində deyil, respublikamızda sayılıb-seçilən, təcrübəli, tanınmış, nüfuzlu hüquqşünas olub. Uzun illər respublikamızın daxili işlər orqanlarında çalışıb. Ömrünün yarıdan çoxunu məsul vəzifələrdə, 24 il fasiləsiz Lerik və Astara rayon polis şöbələrinin rəisi vəzifəsində işləyib.

Rövşən ailənin sonbeşiyi, üç qardaş və üç bacının, valideynlərinin, doğmalarının əzizi, sevimlisi idi. Atasının xidməti işi ilə əlaqədar ailə Astara şəhərinə köçüb. Rövşən birinci sinifdən M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbdə oxuyub. Əlaçı, nümunəvi şagird kimi yaşıdlarından fərqlənib. İdmançı olub. Məsul idman yarışlarında çoxlu nailiyyətlər qazanıb.

Atası onun hüquqşünas olmasını istəyir, parlaq gələcəyinə inanırdı.1987-ci ildə imtahanları yüksək qiymətlərlə verib keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbə daxil oldu. Təhsilini uğurla başa vurub Rostov şəhər daxili işlər şöbəsinə təyinat aldı.

1991-ci ildə Azərbaycan DİN-in Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yeləşən "N" saylı hərbi hissəsində siyasi şöbənin rəisi vəzifəsinə təyin olundu. Əsgərlərə təlim keçir, onları döyüşə hazırlayırdı. Aylarla şəxsi heyətlə cəbhə bölgəsinə ezam olunur, kəndlərimizi, dinc əhalini erməni hücumlarından qoruyurdular.

Düşmənin məkrli planlarını həmişə alt-üst edib döyüş və kəşfiyyat əməliyyatlarını əsl hərbçilərə məxsus peşəkarlıqla yerinə yetirirdi. Rövşən Abdullayevin rəhbərliyi altında gedən döyüşlərdə düşmən çox ağır itkilərə məruz qalırdı.

1992-ci ilin iyun ayı idi. Rövşən Abdullayev 70 nəfərlik şəxsi heyətlə Zəngilan rayonuna ezam olundu. Həmin dövrdə rayonun kəndləri cəbhənin ən qaynar nöqtəsinə çevrilmişdi. Mühüm strateji əhəmiyyətə malik olan Qazançı kəndində post qurub əraziyə nəzarət edirdilər. Düşmən bu kəndi alsaydı, Zəngilan və Qubadlı rayonlarını çox asanlıqla işğal edəcəkdi. Məqsədləri də strateji əhəmiyyətli Qazançı kəndini ələ keçirmək idi. Düşmən posta rəhbərlik edən təcrübəli, bacarıqlı, qorxmaz komandir haqqında müəyyən kəşfiyyat məlumatları da əldə etmişdi.

Sentyabr ayının 12-də növbəti dəfə ərzaq, silah gətirmək üçün Rövşən 6 əsgərlə Şayıflı kəndinə gedib. Düşmən texnika və xeyli canlı qüvvə ilə Qazançı postuna hücum edir. Komandirə bu haqda ratsiya ilə məlumat çatan kimi təcili geri qayıtmalı olur. Gündüz saat 15 radələrində ermənilərin pusqu qurduğu yerdən keçərkən düşmən onları avtomat və iriçaplı silahlarla fasiləsiz atəşə tutur.

İgid komandir maşınlarının vurulduğunu görüb əsgərlərə yolun aşağı hissəsində çaya enməyi və su borularında gizlənməyi əmr edir. Özü mövqe seçib düşmənlə təkbaşına döyüşür. Sərrast atəşlə bir neçə erməni yaraqlısını məhv edir.

Sonra döyüşü ayaqüstə davam etdirir. Düşmən mərmisi sağ ayağının bud hissəsini və sağ qolunu ağır zədələyir. Əsgərlər cəsur komandiri qan içində döyüş meydanından çıxarırlar. Yolda çoxlu qan itirdiyindən gözlərini əbədi yumur. Lakin bu, adi bir ölüm deyildi. Rövşən düşmənlə qeyri-bərabər döyüşdə əsl qəhrəmanlıq, şücaət göstərir. Altı əsgərin həyatını xilas edib mərd, mübariz bir qəhrəman kimi əbədiyyətə qovuşur.

Qardaşı, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Azad Abdullayev deyir: "Rövşənlə iki yaş fərqimiz olub. Məktəbə, idman məşğələlərinə bir yerdə gedirdik. Çox ünsiyyətcil, dostcanlı idi, saf, təmiz ürəyi vardı. İdmanla ciddi məğul olduğundan fiziki cəhətdən güclü idi. Qorxu nə olduğunu bilmirdi. Atam Rövşənə çox ümid bəsləyir, gələcəyinə inanırdı. Deyirdi ki, Rövşən harada işləsə ad-san, hörmət, nüfuz qazanacaqdır.

Üstündən 30 il keçsə də ölümünə bu gün də inanmırıq. Yaxın vaxtlarda qardaşımın döyüşdüyü, şəhadətə qovuşduğu Cəbrayıl rayonunun Qazançı kəndinə gedib o yerləri ziyarət edəcəyəm. Uğrunda canını qurban verdiyi o kəndin torpağından gətirib qəbrinin üstünə səpəcəyəm. Qoy ruhu sevinsin ki, torpaqlarımız işğaldan azad edilib. Qarabağ Azərbaycandır!".

Rövşən 23 yaşında - həyatının ən parlaq dövründə şəhidlik zirvəsinə yüksəlib. Ümummilli lider Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəlbində sonsuz arzu və istəkləri var idi. Lakin namərd düşmən, amansız ölüm cəsur komandirin arzularını yarımçıq qoydu. Qardaşlarından tibb üzrə fəlsəfə doktoru, respublikamızda tanınmış travmatoloq Tofiq həkim, istefada olan polis polkovniki Rafiq, polis polkovnik-leytenantı Azad, qardaşı oğlu, polis kapitanı Elşən və bacısı oğlu, polis mayoru Emil onun arzularını yaşadırlar.

Lənkəran şəhərinin mərkəzində büstü ucalır. O, necə də məğrur görünür! Büstünün ətrafında salınmış park adını daşıyır. Lənkəran və Astara şəhərinin küçələrindən birinə qəhrəmanın adı verilib. Dünyaya göz açdığı Lerik şəhərindəki mədəniyyət evi Milli Qəhrəman Rövşən Abdullayevin adını daşıyır.

Görkəmli şair Şəkər Aslanın cəsur, igid polis zabiti haqqında yazdığı "Elə yaşayaram" poeması kitab şəklində çap olunub. Hər il anım günündə məktəblilər büstünün önünə gül dəstələri qoyaraq qəhrəmanın xatirəsini əbədi yaşadacaqlarına, Vətəni onun kimi sevəcəklərinə and içirlər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".