Rizvan  Teymurov
Sosial həyat

Rizvan  Teymurov

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətənpərvər oğullarımızdan biri də  Rizvan  Teymurovdur. O, 1967-ci il  aprelin 16-da Şuşanın Quşçular kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra 1985-ci ildə ordu sıralarına çağırılıb. Əsgəri xidmətini Rusiyanın Omsk şəhərində başa vuraraq  vətən sevgisi 1990-cı ildə onu yenidən Vətənə dönməyə vadar edir. 1990-cı ildə Şuşa Rayon Daxili İşlər Şöbəsinin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda tərəddüd etmədən bu dəstəyə daxil olur. Qorxu bilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndidə ermənilərin zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərir. Əməliyyatların birində ilk dəfə ağır yaralanması onu odlu-alovlu cəbhədən uzaqlaşdıra bilmir. Qarabağ uğrunda gedən döyüşlər zamanı Ağa körpüsü adlanan yerdə minaya düşən Rizvan bədəninin müxtəlif nahiyələrindən, eləcə də başından ağır xəsarətlər alır. O, bir müddət müalicə olunduqdan sonra yenidən döyüşə gedir. Rizvan və hərbçi yoldaşları döyüş postuna yaxınlaşanda həmin ərazinin ermənilər tərəfindən bir qədər əvvəl işğal olunmasından xəbərsiz idi. Onlar mühasirəyə düşərək ermənilərlə ölüm-dirim savaşına başlayırlar.

Bacısı Zəminə Babayeva bildirir ki, “ermənilər 1992-ci ildə  doğma kəndimizi də işğal etmişdi. Biz də ailəlikcə və yaxın qohumlarımızla birgə  yurd-yuvamızdan didərgin düşərək Göyçay rayonu Qaraməryəm kəndində məskunlaşmışıq. Hər iki valideynimiz artıq dünyalarını dəyişib. Uzun illər keçməsinə baxmayaraq elə bilirəm ki, qardaşım Rizvan indi şəhid olub. Onu hər an xatırlayırıq. Bu gün fəxr edirəm ki, Milli Qəhrəman bacısıyam. Rizvan qorxmaz və mərd oğul idi, onun ölümü bizim nəsli, ailə üzvlərimi çox sarsıtdı. Fəxr edirəm ki, belə cəsur qardaşım olub. Bu gün qardaşımın ruhu şaddır. Torpaqlarımız azaddır”.

9 dekabr 1991-ci il... Cəsur əsgərin son döyüşü... Rizvan səhər tezdən əməliyyata gedəcəkdi. O, dincəlməli idi. Gecədən xeyli keçsə də gözünə yuxu getmir. O, qalxıb yoldaşlarının yanına-Kərkicahana getməyi qərara alır. Gecə erməni yaraqlıları qəfil hücuma keçirlər. Lakin cəsur döyüşçülərimizin qarşısında tab gətirə bilməyəcəklərini görüb geri çəkilirlər. O, Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına həlak olur. Rizvan Teymurov Şuşa rayon Quşçular kənd qəbiristanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlıq və rəşadətə görə, Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rizvan Rəhman oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bakının Nizami rayonunun küçələrindən biri adını daşıyır.

Qürur və sevinc hissi ilə qeyd edilməlidir ki, bu gün müstəqil Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Müqəddəs üçrəngli bayrağımız respublikamızın digər bölgələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Bu gün Prezident İlham Əliyev ulu öndərimizin vəsiyyətini yerinə yetirərək azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində bayraq, ürəklərində Vətən sevgisi.

Müşfiq MİRZƏ,

“Respublika”.