Riyakarlığında və yalanlarında boğulan çoxüzlü Fransa
Siyasət

Riyakarlığında və yalanlarında boğulan çoxüzlü Fransa

Fransa uzun müddətdir ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətinə təhrik edir. Bu günlərdə Fransa  Senatı  Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair daha  bir qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib. Qətnamədə, eyni zamanda, Fransa hökumətindən Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi, Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb olunur. Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə zərbədir.

Bu ölkənin bir sıra siyasi dairələrinin Fransa Respublikası Senatının və Milli Assambleyasının  uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyəti, ümumiyyətlə, Fransanın beynəlxalq hüquq norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsi onların məkrli niyyətlərini göstərməklə ikrah doğurur. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransanın həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliklərindən irəli gəlir. Ümumiyyətlə, Fransa senatorlarının Azərbaycana qarşı qəbul etdiyi qərarda ölkəmizin ünvanına səsləndirdikləri ifadələr‚ etdikləri çağırışlar iftira və qarayaxma xarakterlidir. Bu qərar birmənalı olaraq yalan və böhtan məzmunludur, şəxsi qərəzdən qaynaqlanır. Ona görə də ermənilərin sifariş və diktəsi ilə Senatın  müzakirəyə çıxararaq qəbul etdiyi  belə qeyri-qanuni və qeyri-obyektiv qərarın heç bir hüquqi əsası yoxdur.

Azərbaycan öz mövqeyində hər zaman haqlıdır və heç vaxt beynəlxalq hüquqa zidd addım atmayıb. 2020-ci ildə 44 günlük müharibə də məhz beynəlxalq hüquq çərçivəsində və beynəlxalq qanunlara uyğun şəkildə aparılıb‚ bütün müharibə mədəniyyətinə‚ humanizm prinsiplərinə əməl edilib‚ müharibənin gedişində də beynəlxalq hüquq normaları yüksək səviyyədə qorunub və əsl nümunə göstərilib. Hazırda beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Fransa Senatı bu qərəzli qərarı ilə Azərbaycan xalqına və dövlətinə qarşı böyük haqsızlıq edib və beynəlxalq qanunları kobudcasına pozub. Fransa  öz tarixi keçmişinə görə hər zaman xəcalət çəkməlidir. Bu dövlətin tarixi keçmişinə nəzər salsaq, onun daim başqa xalqlara qarşı təcavüzkar siyasət apardığını görərik. Afrikada yaşayan ayrı-ayrı xalqlara  qarşı Fransanın həyata keçirdiyi soyqırımı və qətliamlar hər kəsə bəllidir. Rvandada yüz minlərlə insanın qətlə yetirilməsi, Əlcəzairdə 1 milyondan çox insanın soyqırımına səbəb olması real faktlardır. Fransızların  öz tarixinin hər səhifəsi başqa xalqlara qarşı edilmiş cinayətdir. Fransa parlamenti tək tarixi deyil, reallığı da saxtalaşdırmaqla məşğuldur. Fransa Senatının Azərbaycanla bağlı qərəzli qətnaməsi bu ölkənin öz keçmişinə tarixi nankorluq faktıdır. Bu qətnamənin qəbulu Azərbaycana təsir metodu deyil və ölkəmizi qorxuda bilməz. Azərbaycanın öz səyləri nəticəsində bu gün yeni reallıq yaranıb. Fransa yaranmış vəziyyətlə barışmalı, ikili yanaşmaya son qoymalı, haqqın tərəfində dayanmalıdır.

Özünü demokratik və dünyəvi dövlət hesab edən Fransa yaxşı bilir ki, Azərbaycan 30 il işğala məruz qalıb, Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə salınıb, ərazisində mədəni irsi və təbii sərvətləri talan edilib. Torpaqlarımızın düşmən əsarətində olduğu dövrdə Fransa işğalçı Ermənistana hər hansı təzyiq göstərməyib, əksinə, bu ölkənin şirkətləri işğal altındakı ərazilərimizin talanmasında yaxından iştirak edib. Fransa şirkətləri beynəlxalq hüququ, insani dəyərləri tapdalayaraq erməni işğalı altında qalan torpaqlarımızı viran qoyub. Bu, bir daha onu göstərir ki, Fransa ədalətdən tamamilə uzaqdır və onun Azərbaycanla bağlı atdığı addımlar qərəz və riyakarlıqdan qaynaqlanır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransanın həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliklərindən irəli gələn vəzifəsidir. Fransa parlamenti atdığı addımlarla açıq şəkildə bunu görməzdən gəlir ki, bu da, ilk növbədə, Fransanın öz imicinə zərbədir. Senatın bu qətnaməsi Fransanın ədalət anlayışından uzaq olduğunu təsdiq edir. Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun ölkəmizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir. Fransanın ikili standart siyasəti bütövlükdə Qafqazdakı sülh və sabitlik səylərinə qarşı təhlükə mənbəyi kimi dəyərləndirilməlidir. Bu kağız parçası riyakarlığında və yalanlarında boğulan çoxüzlü Fransanın həqiqi simasını göstərir.

Azərbaycan xalqı tarixi ədaləti bərpa edib, düşmənin başını əzib, bundan sonra da mübarizədən geri çəkilməyəcək. Fransa və Ermənistanı müdafiə edən dövlətlər bunu yaxşı bilir və saxta sənədlər qəbul etməklə özlərini aldatmış olurlar.

Mustafa KAMAL,

"Respublika".