Rikardo Sançes: Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir
MÜSAHİBƏLƏR

Rikardo Sançes: Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi təqdirəlayiq haldır. Buna yalnız mənəvi tərəfdən yanaşmaq olmaz. Beynəlxalq hüquq hər zamanı Azərbaycanın tərəfində olub və ölkəniz öz ərazi bütövlüyünü təmin etməklə beynəlxalq hüququ da bərpa edib. 

Bu sözləri işğaldan azad olunmuş Füzuli şəhərinə səfər zamanı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti Rikardo Sançes söyləyib.

O deyib: “Burada gördüklərimiz bizim üçün çox ağırdır. Bu dəhşətli mənzərələri radioda eşitməkdən, yaxud televiziyada görməkdənsə, gəlib canlı şahid olmaq lazımdır. Azad olunmuş torpaqlarda gördüklərimiz, o cümlədən kütləvi şəkildə minaların basdırılması insanlıq əleyhinə cinayətlərdir”.

Rikardo Sançes bildirib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir. Əgər bundan boyun qaçırırsa beynəlxalq ictimaiyyət bu istiqamətdə təzyiq göstərməli və Ermənistanı buna məcbur etməlidir. “Burada söhbət yalnız humanizmdən getmir. Azərbaycanlıların doğma torpaqlarında təhlükəsiz yaşayış hüquqları var və bu, yerinə yetirilməlidir. Xəritələr verilməlidir ki, daha çox mülki şəxs bundan əziyyət çəkməsin. Digər tərəfdən, hazırda silahlı qruplaşmaların olduğu ərazilər də tezliklə Azərbaycana tabe olmalıdır. Çünki bu ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur”, - deyə Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti qeyd edib.

Qeyd edək ki, avqustun 26-da Cənubi Amerikadan olan KİV nümayəndələrinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb. Səfərin məqsədi cənubi amerikalı jurnalistlərin işğal zamanı ermənilər tərəfindən Azərbaycan ərazilərində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumatlandırılmasıdır. Üçgünlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar.

AZƏRTAC