“Respublika”ya cavab verirlər
Digər xəbərlər

“Respublika”ya cavab verirlər

Azərbaycan dövlətinin əhalinin sosial-maddi durumunu, həyat və iş şəraitini daha da yaxşılaşdırmaq baxımından fundamental irəliləyişə nail olmasına rəğmən, bəzi bölgələrdə, qəsəbə və kəndlərdə mərkəzi və yerli icra hakimiyyətlərinin, bəzi məmurların laqeydliyi, səhlənkarlığı ucbatından müəyyən sosial problemlər hələ də qalmaqdadır. Həmin problemlər əhalini narahat edir, onlar qəzetimizə müraciət edərək bu çatışmazlıqların tənqid olunmasını və cavabdeh qurumların nəzərinə çatdırılmasını xahiş edirlər.

"Respublika" qəzeti həyatın müxtəlif sahələrində mövcud olan problemlərlə bağlı tənqidi yazılara öz səhifələrində geniş yer ayırır. Müxbirlərimiz rastlaşdıqları neqativ halları işıqlandırmaqla müvafiq qurumların diqqətini məsələnin müsbət həllinə istiqamətləndirməyə nail olurlar. Yerlərdən redaksiyamıza ünvanlanan məktublar bu ciddi siqnala aidiyyəti təşkilatların operativ şəkildə reaksiya verməsini təsdiq edir.

Sevindirici haldır ki, əlaqədar qurumlar qəzetimizin tənqidi çıxışlarına biganə qalmırlar. Problemlərin həlli yollarını axtarır, araşdırır və gecikməyə yol vermədən qəzetimizə cavab yazırlar. İndi aldığımız belə cavablardan bir neçəsini olduğu kimi dərc edirik.

***

Sizin Ağcabədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız 05 dekabr 2022-ci il tarixli 40/081 saylı məktubunuzda Ağcabədi rayonu Nəcəfqulubəyli kənd sakinlərinin müraciəti əsasında hazırlanmış "Nəcəfqulubəyli kəndinin elektrik problemi nə vaxt həll ediləcək?" sərlövhəli məqalədə qeyd olunan məsələlər tərəfimizdən araşdırılmışdır.

Bildiririk ki, Nəcəfqulubəyli kəndi 110/35/10 kV-luq "Ağcabədi" yarımstasiyasından çıxan 10 kV-luq "Şəhər-2" elektrik veriliş xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Həmin yarımstansiya rayonun Hacıbədəlli kəndində yerləşir. Yarımstasiyadan çıxaraq 25-30 km məsafə (trassa) üzrə kəndi qidalandıran 10 kV-luq "Şəhər-2" EVX təqribən 1976-77-ci illərdə çəkilərək istismara verilmişdir. Daha sonra 10 və 0,4 kV-luq şəbəkələrdə uzun illər yenidənqurma işlərinin aparılmaması, bu illər ərzində yeni tikilmiş yaşayış evlərinə vətəndaşların özləri tərəfindən standarta uyğun olmayan, uzun məsafələrlə elektrik xətlərinin çəkilməsi, texniki itkilərin yuxarı olması ilə yanaşı, istehlakçılara verilən elektrik enerjisinin keyfiyyətinin aşağı olmasına, dayaq və naqilləri istismar müddətini başa vurduğundan tez-tez açılmaların yaranmasına səbəb olur. Kənd ərazisindəki bu kimi hallar daim nəzarətdə saxlanılmaqdadır.

Həmçinin nəzərinizə çatdırırıq ki, rayonun Nəcəfqulubəyli kəndi 2023-cü ilin yenidənqurma-investisiya planına daxil edilmişdir.

Odur ki, kənd ərazisində elektrik enerji təsərrüfatının yaxşılaşdırılması, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün burada 2023-cü il ərzində əsaslı yenidənqurma işləri aparılaraq mövcud vətəndaş narazılığı aradan qaldırılacaqdır.

Xahiş edirik nəzərə alasınız.

Xətai Zeynalov,

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən, RİHB-nin müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri.

***

"Respublika" qəzetinin 06 dekabr 2022-ci il tarixli sayında "Çöl Beşdəli kəndində nə qaz var, nə işıq" sərlövhəli məqalədə Sabirabad rayonu Çöl Beşdəli və Zalqaraağac kəndlərində magistral qaz xəttinin olduğu halda, kəndlərin qazla təmin olunmasında yaranan problemdən və elektrik enerjisi təminatında olan çətinliklərdən bəhs olunmuşdur.

Məlumat üçün bildiririk ki, respublikanın digər regionlarında olduğu kimi, Sabirabad rayonunda da əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilmiş layihələr çərçivəsində rayon mərkəzi və 74 kənd yaşayış məntəqəsindən 62-si təbii qazla təmin edilmiş, Əliləmbəyli kəndində qazlaşdırılma işləri başa çatmaq üzrədir. Qalan 11 kəndin (Çöl Beşdəli, Zalqaraağac, Bala Həşimxanlı, Çöl Ağaməmmədli, Çöl Dəllək, Hacıbəbir, Moranlı, Nəsimi, Qardaşkənd, Rüstəmli, Sarxanbəyli) qazlaşdırılması məqsədilə müvafiq layihələndirmə işləri aparılmış, lakin qaz çəkilişi işlərinə başlanılmamışdır. Sözügedən kəndlərin qazlaşdırılması ilə bağlı müvafiq köməklik göstərilməsi barədə tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyinə məktub ünvanlanmışdır. Müraciətimizlə əlaqədar "Azəriqaz" İstehsalat Birliyindən respublika ərazisində qazlaşma tədbirlərinin mərhələli şəkildə həyata keçirildiyi və rayonun təbii qazla təmin olunmayan kəndlərinin qazlaşdırılması məsələsinə Dövlət Proqramı çərçivəsində baxılacağı bildirilmişdir.

Məlum edirik ki, Çöl Beşdəli kəndinin enerji təsərrüfatının bütövlükdə yenidən qurulması nəticəsində kabelləşmişdir. Zalqaraağac kəndinin enerji təsərrüfatının yenidən qurulması isə növbəti mərhələdə nəzərdə tutulmuş və hazırda sözügedən kənd fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.

Nəzərə almağınızı Sizdən xahiş edirik.

Həsən Həsənov,

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, rayon icra hakimiyyəti başçısının müavini.

***

Qazax Rayon İcra Hakimiyyətinə daxil olmuş 05 dekabr 2022-ci il tarixli 40/083 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 20.12.2021-ci il tarixli Sərəncamına əsasən dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

Odur ki, məktubda adı çəkilən bağçalarda qeyd etdiyiniz problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülüb-görülməməsi barədə məlumatları əldə etməyiniz üçün aidiyyəti üzrə Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.

Gulaya Həsənova,

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini.