Rəsmi İrəvanın sülhə kölgə salmaq cəhdləri
MÜSAHİBƏLƏR

Rəsmi İrəvanın sülhə kölgə salmaq cəhdləri

Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun müxtəlif istiqamətdə yerləşən mövqelərini atəşə tutumaqda davam edir. Bununla da onlar regionda vəziyyəti gərginləşdirməyə və ərazidə yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Çünki Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır.

Təxribatlarla Ermənistanın revanşizm meyillərinin getdikcə güclənməsi açıq şəkildə özünü büruzə verir. Onlar öz təxribatları, revanşist addımları ilə sülhə, normallaşma prosesinə hazır olmadıqlarını bir daha sübut edirlər. Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, artıq Ermənistan tərəfi iddia etdiyi kimi çox da sülh prosesində səmimi deyil. Əgər Ermənistan rəhbərliyi, Paşinyan hakimiyyəti sülh prosesində səmimi olsaydı onlar açıq şəkildə Qarabağdakı separatçı rejimin qalıqları ilə heç bir halda əməkdaşlıq etməz və hətta onları Azərbaycanın suverenliyini tanımağa məcbur edərdilər. Ancaq biz tam əksinə olaraq görürük ki, Qarabağdakı separatçı rejimlə Ermənistan hökuməti arasında bir paralellik var, bunlar əlbir hərəkət edirlər.

Ermənistan vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımına təhrik etməyə və bundan məqsədləri üçün istifadəyə çalışır. Belə halların davam etməsi isə antiterror əməliyyatlarını qaçılmaz edir. Təbii ki, Azərbaycan silahlı qüvvələri 24 saat ərzində Ermənistan silahlı birləşmələrinin tör-töküntülərini məhv etməyə qadirdir. Lakin ölkəmiz hər zaman sülh mövqeyindən çıxış edir.

Amma indiki halda görünən odur ki, Azərbaycan tərəfi təxribatlara hazır olmalıdır. Çünki Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç birini birmənalı olaraq yerinə yetirmir.

Jalə QASIMZADƏ,

"Respublika".