Rəşadətli övladları ilə ucalan Vətən
Region

Rəşadətli övladları ilə ucalan Vətən

Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tariximizin ən şərəfli səhifələrindən biridir. Torpaqlarımızın  işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində yüzlərlə gənc qəhrəmanlıq və rəşadət nümayiş etdirib, öz canını Vətənə fəda edib. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun peşəkarlığını, döyüş ruhunu, Vətən məhəbbətini, əsgər və zabitlərimizin igidliyini bütün dünyaya göstərdi.

Azərbaycan Ordusunun kapitanı Sənan Kərimov da cəsur və peşəkar hərbçilərdən biri olub. Qısa, lakin çox şərəfli bir ömür yolu keçib. Sənanın uşaqlığı birinci Qarabağ müharibəsi dövrünə düşüb, körpə yaşından amansız müharibənin gətirdiyi faciələrin şahidi olub, həmyerlilərinin taleyinə vurulan ağır zərbələri dərindən hiss edib, şəhid xəbərlərinin kədəri altında böyüyüb. Sənan Rəhman oğlu Kərimov 1991-ci il martın 29-də Ağdam rayonunda anadan olub. Həmin vaxt Qarabağda Ermənistanın körüklədiyi müharibənin qığılcımları artıq alova çevrilmişdi, havadarlarının köməyinə arxalanan ermənilər yurd yerlərimizi işğal edir, dinc əhalini qətlə yetirir, azərbaycanlıları öz doğma torpaqlarından didərgin salırdılar. Təbii ki, bütün bu baş verənlər Sənanın qəlbində dərin bir iz buraxdı. Məhz hərbçi olmaq arzusu da elə bu zərurətdən yarandı.

Sənan 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə başa vurub. Təhsil illərində hərb elminə dərindən yiyələnən Sənan zabit kimi ordu sıralarında xidmətə başlayıb. Çətin və şərəfli xidmət illərində Sənan gənc əsgərlərin hərbi vərdişlərə yiyələnmələri üçün yorulmadan çalışıb, vətənpərvərlik ruhunu onlara təlqin edib. 2016-cı ilin aprelində Ermənistan ordusunun hücum əməliyyatlarının dayandırılmasında Sənanın xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri qəhrəmanlıq nümayiş etdirib və düşmənə ağır zərbələr vurublar.

 Ötən il sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Dinc sakinlər hədəf alındı, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəydi. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Kapitan Sənan Kərimov döyüşlərin ön xəttində düşmənin silahlı qüvvələrinə qarşı savaşırdı. Qorxmaz və cəsur zabitin döyüş hünəri, düşmənə sonsuz nifrəti onu yalnız irəliyə, qələbəyə doğru aparırdı.

Füzuli və Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə Sənan peşəkar zabit kimi düşmən istehkamlarının dağıdılmasında öz məharətini göstərdi. Oktyabrın 7-də Sənan Cəbrayılın işğaldan azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında qəhrəmanlıqla həlak oldu. İgidlik və sücaət göstərərək şəhid olan kapitan Sənan Kərimov Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunub.
 

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kapitan Sənan Kərimov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə "medalları ilə təltif olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarından birinin rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirən Sənan Kərimovun adı əbədi yaşayacaq, xatirəsi heç zaman unudulmayacaq.

                                            Salman ALIOĞLU,

                                             “Respublika”.