Rəşadət və şücaət nümunəsi
Sosial həyat

Rəşadət və şücaət nümunəsi

...Qaranlıq bir gecə idi. Goranboyun Erkəc, Mənəş, Buzluq, Ağcakənd adlanan ərazilərində Qarabağ uğrunda qızğın döyüşlər gedirdi. Azərbaycanın qəhrəman oğulları odlu səngərlərdə nankor erməni daşnakları ilə qeyrətlə vuruşur, düşmənin başına od ələyirdi. Hərbçilərimiz Holandağ yüksəkliyi uğrunda gedən ölüm-dirim savaşında düşmənə sarsıdıcı zərbələr endirirdilər.

Rövşən öz döyüş yoldaşları ilə birlikdə addım-addım dağlıq ərazidə ermənilərin mövqeyinə doğru sürünürdü. Qayalığın altında 3-4 nəfər erməni qulduru bir göz qırpımında tərk-silah edilib əsir götürüldü. Rövşən Hüseynov hərbi hissəyə qayıdaraq əsirləri komandanlığa təhvil verdi. Onlar bildirdilər ki, ermənilərin Holandağ yüksəkliyini ələ keçirib, həmin mövqedən Erkəc, Mənəş və digər döyüş gedən ərazilərə nəzarət etmək planları var.

Rövşən Hüseynov və digər Azərbaycan əsgərlərinin rəşadəti, cəsurluğu sayəsində 300-dən çox müasir hərbi texnika ilə silahlanmış erməni ordusu darmadağın edildi, düşmənin Holandağ əməliyyatı kağız üzərində qaldı, baş tutmadı.

Haqqında söhbət açdığımız Rövşən Cəmil oğlu Hüseynov 22 fevral 1967-ci ildə Azərbaycanın zümrüd qaşı sayılan Ağdam rayonunun Quzanlı kəndində dünyaya göz açmışdır. 1984-cü ildə orta məktəbdə təhsilini uğurla başa vurmuş, bir müddət Ağdam Rayon Mədəniyyət Evində çalışmışdır.

O, 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Onu həmişə universitetin kitabxanasında görmək olardı, mütaliəni çox sevirdi. Universitetdə təhsil alarkən 1992-ci ildə Rövşən Hüseynov dövlət imtahanının başlanmasına üç ay yarım qalmış tələbə yoldaşları ilə birlikdə iki ay hərbi hazırlığa getdilər. Sonra isə faşist xislətli ermənilərdən qisas almaq üçün cəbhəyə - ən qaynar döyüş nöqtələrinə yollandılar. Silaha sarılaraq Goranboyda azğınlaşmış düşmənə qarşı igidliklə vuruşdular. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlər oldu. Rövşənin tağımı düşmənin iki zirehli texnikasını və onlarca canlı qüvvəsini məhv etdi. Erməni daşnaklarının Holandağını alıb, Çaykəndi ələ keçirmək planı alt-üst edildi.

Marquşavan uğrunda gedən döyüşlər də tarixə düşəcək bir gün idi. 1992-ci il mayın 11-də gedən döyüşlərdə Mingəçevir bölümünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü.

Bu qeyri-bərabər döyüşdə Rövşən atəş nöqtəsini öz üzərinə götürdü. Rövşənin pulemyotu düşmənin başına od ələyirdi. Döyüşçülər mühasirədən çıxdılar. Qəlbi Vətən eşqi ilə döyünən ağdamlı Rövşən Hüseynovun sinəsi düşmən gülləsinə tuş gəldi. Şəhidlik zirvəsinə ucaldı. Son mənzili Ağdamın Quzanlı kəndindəki qəbristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Cəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Keçmiş döyüşçünün adı əbədiləşdirilmiş, Bakı Dövlət Universitetində büstü qoyulmuşdur.

Q.TƏYYAROĞLU,

"Respublika .