Rəşadət  və igidliyə ehtiram
Sosial həyat

Rəşadət  və igidliyə ehtiram

Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Cəfərov Cəlil Sulduz oğlunun, Dadaşov Elvin İmanqulu oğlunun və Nəcəfov Elmin Saleh oğlunun xatirəsi ehtiramla anıldı.

Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət xidmətinin Neftçala Rayon Şöbəsinin əməkdaşları, Şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri, ziyalılar iştirak edirdilər.

Qəhrəman şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub,üzərlərinə gül-çiçək dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edildi. Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışan Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirdi ki. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirələri bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.

Cəfərov Cəlil Sulduz oğlu 8 avqust 1998-ci il Neftçala rayonu Şorkənd kəndində anadan olmuşdur. Vətən müharibəsində iştirak etmiş, Suqovuşan uğrunda gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Noyabr ayının 19-da Neftçala rayonu Şorkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Cəfərov Cəlil Sulduz oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Dadaşov Elvin İmanqulu oğlu 14 avqust 1993-cü il Neftçala şəhərində anadan olub. Vətən müharibəsində şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 19-da Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Dadaşov Elvin İmanqulu oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Nəcəfov Elmin Saleh oğlu 30 yanvar 1999-cu il Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 21-də Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub. Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Nəcəfov Elmin Saleh oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Şəhid Cəlil Cəfərovun, Elvin Dadaşovun və Elmin Nəcəfovun ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan "Dəmir Yumruq" xatirə hədiyyəsi şəhidlərin ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olundu.

Ərəstun ABDULOV,

"Respublika".