RƏŞAD MIRABOV
Sosial həyat

RƏŞAD MIRABOV

Rəşad Mirabov 3 may 1975-ci ildə Mingəçevir şəhərində dünyaya göz açmış, 1982-ci ildə 7 saylı Mingəçevir şəhər orta məktəbinə getmişdir. O, doqquzuncu sinfi bitirib, axşam məktəbində təhsil almaqla yanaşı, atasının çalışdığı Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi köməkçisi işləyib. Orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. O, əvvəlcə Nasosnıda (indiki H.Z.Tağıyev qəsəbəsi), sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçib, xüsusi təyinatlı hissədə kəşfiyyatçı-minaaxtaran peşəsinin sirlərinə dərindən yiyələnib.

Vətən ağır günlərini yaşayırdı. Torpaqlarımızm bir hissəsi işğal olunmuşdu. Rəşadın xidmət etdiyi hərbi hissə 1994-cü ilin yanvarında Tərtər bölgəsinə göndərilir. Buradan isə Füzuliyə - gərgin döyüşlər gedən zonaya üz tutur. Hərbi hissə Füzuli bölgəsində bir neçə əməliyyatda iştirak etdi. O, yenidən Tərtərə dönür. Ölkədə atəşkəs elan olunduqdan sonra isə Bakıya - əvvəllər xidmət etdiyi hərbi hissəyə qayıtdı. Rəşad ağlına da gətirə bilməzdi ki, o qanlı-qadalı döyüşlərdən sonra yenə təhlükəli günlər yaşayacaq. Bu, 1995-ci ilin 17 mart hadisələri zamanı oldu. Bir dəstə qiyamçı dövlət çevrilişinə cəhd etdi. Danışıqlarla qarşıdurmanı həll etmək mümkün olmadı. R.Mirabov da həmin gün vətəndaşlıq borcunu yerinə yetirirdi. O, qiyamçılara qarşı aparılan əməliyyatda qəhrəmancasına həlak oldu.

1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. Qısa bir zamanda, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində, ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Ümummilli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və qətiyyəti müstəqilliyimizə, həmçinin dövlət çevrilişinə qəsdin qarşısını aldı. Bundan sonra Azərbaycan xalqının sabaha, gələcəyə ümidi daha da artdı. Ulu öndər Heydər Əliyev düşmənlərimiz tərəfindən təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Rəşad Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilmiş, təhsil aldığı 7 saylı orta məktəbə onun adı verilmiş, məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulmuşdur.

Bu hadisələrdən keçən 27 ildə Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri genişləndi və mövqeləri möhkəmləndi. Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanıldı. Bu gün ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə və güc mərkəzinə çevrilib.

M.CƏFƏROV,

"Respublika".