Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində: Zəfər Gününə həsr olunmuş tədbir
Sosial həyat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində: Zəfər Gününə həsr olunmuş tədbir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mətbuat xidmətindən bildirilir ki, nazirlikdə qazilərin və şəhid ailələri üzvlərinin iştirakı ilə 8 Noyabr – Azərbaycan Respublikasında Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək bu zəfəri bizə qazandıran şəhidlərimizi hörmətlə anıb, qazilərimizə Allahdan şəfa diləyib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz sayəsində qələbə ilə nəticələnmiş Vətən müharibəsi cəmi 44 gün davam etsə də, Azərbaycanın tarixində çox böyük iz buraxdı. Bir xalq, millət olaraq bu qələbə hər bir Azərbaycan vətəndaşında yüksək milli ruh, həmrəylik formalaşdırdı.

Vurğulanıb ki, müharibədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və qurumlarının da 210 əməkdaşı iştirak edib. Onlardan 6 nəfər şəhidlik zirvəsinə ucalıb. Müharibədə ailə üzvlərini itirən əməkdaşlarımız var.  Bu gün Vətən müharibəsində canından keçmiş şəhid ailələrini və qaziləri diqqətdə saxlamaq hər birimizin borcudur.

Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirildi, sonra “Azərpoçt” MMC-nin əməkdaşı olmuş şəhid Rəşad Rəhimovun atası İlqar Rəhimov, “Azərkosmos”un müharibə iştirakçısı olmuş əməkdaşı Fail Hacıyev və “Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək hər günü şanlı tarix olan Vətən müharibəsi və böyük zəfərimiz barədə fikirlərini bölüşüblər.

***

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC Şuşa şəhərində mövcud müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib. Artıq şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək zavodunda xidmətə qoşulma icra edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, hazırda Şuşa sakinləri və şəhərin qonaqları genişzolaqlı internet xidmətlərini minimum 30 mb/s sürətlə əldə edə bilirlər.

İşğaldan azad edilmiş Şuşa şəhərində müasir telekommunikasiya infrastrukturu GPON (Qiqabit tutumlu optik şəbəkə) texnologiyası əsasında qurulub. “Aztelekom”un müasir standartlarla inşa etdiyi 1000 nömrə tutumlu optik şəbəkə məlumatların yüksək sürətlə ötürülməsinə və sabit internetə zəmanət verir. “Aztelekom” MMC Şuşa şəhərində bərpa və yenidənqurma işləri çərçivəsində dayanıqlı və fasiləsiz telekommunikasiya xidmətlərinin təminatı üçün zəruri tədbirləri davam etdirir.

Bundan sonra da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqini mərhələli və planlı şəkildə həyata keçirəcək.

***

“Zəfər Günü” mövzusunda poçt markası dövriyyəyə buraxıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Zəfər Günü” mövzusunda poçt markası dövriyyəyə buraxılıb.

 Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 40 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

Əli SADIQOV,

“Respublika”.