Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və
Elm və təhsil

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və "Huawei" anlaşma memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və "Huawei" şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin (R&D Center) yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müştərək layihə innovativ məhsulları inkişaf etdirmək, Azərbaycanın İKT seqmentinə uzunmüddətli töhfə vermək məqsədilə həyata keçiriləcək.

Ölkəmizdə rəqəmsal transformasiyanı şərtləndirən əsas amillərdən birinin insan resursları olduğu nəzərə alınaraq layihə çərçivəsində "Huawei" sertifikatına malik yüksəkixtisaslı yerli mütəxəssislər hazırlanacaq.

Tədqiqat və İnkişaf Mərkəzində milli və regional sosial-iqtisadi inkişaf üçün İKT, o cümlədən "5G", "GPON", "IP" texnologiyası və digər müvafiq istiqamətlər üzrə mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur. Tədris proqramlarının iştirakçıları ölkəmizdə rəqəmsal transformasiyanın reallaşdırılması üzrə zəruri bilik və bacarıqlara yiyələnəcəklər.

İmzalanma mərasimində çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev qeyd edib ki, sənəd "Huawei" şirkəti ilə əməkdaşlığa imkan yaradır. Universitetin tələbələri yüksək təhsil almaqla yanaşı, daha erkən mərhələdən tədqiqat və praktiki işlərə qoşula biləcəklər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib ki, ölkəmizin növbəti 10 ildə əsas hədəflərindən biri "Yaradıcı və innovativ cəmiyyət"in qurulmasıdır. Bu, Prezident İlham Əliyevin müəyyən etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də əsas tapşırıqlardan biri kimi qarşımıza qoyulub. Bu məqsədlə innovativ ekosistemin formalaşması üçün ölkədə elmi tədqiqatların, eləcə də elm və texnologiya tutumlu emal sənayesinin inkişaf etdirilməsi zəruridir.

"İnanıram ki, bugünkü imzalanma əsasında yaradılacaq birgə Tədqiqat və İnkişaf Mərkəzi hədəflərimizə çatmaqda böyük dəstək rolunu oynayacaq. Nazirlik olaraq bu baxımdan belə mərkəzlərin yaradılması üçün öz səylərimizi əsirgəməyəcəyik", - deyə Rəşad Nəbiyev vurğulayıb.

"Huawei" şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Çjao Ley əlavə edib ki, "Huawei" rəqəmsal texnologiyaların Azərbaycan cəmiyyətinin iqtisadi inkişafındakı rolu ilə maraqlanır. Şirkət ölkədə güclü texniki və idarəetmə bacarıqlarını ötürməklə qabaqcıl texnologiyaları tətbiq etməyə və kadrların inkişafını dəstəkləməyə sadiqdir.

"Məhz bu mərkəzin yaradılması Azərbaycanda daha çox peşəkar kadr hazırlamaq, eləcə də azərbaycanlı istifadəçiləri qabaqcıl texnologiyalardan istifadə ilə tanış etmək məqsədi daşıyır", - deyə Çjao Ley qeyd edib.

AZƏRTAC