Rəqamsal həllər sahəsi üzrə görüş  
İQTİSADİYYAT

Rəqamsal həllər sahəsi üzrə görüş  

Neft və qaz sənayesində texnoloji xidmətlər sahəsində dünya liderlərindən olan Baker Hughes şirkətinin rəqəmsal həllər (Digital Solutions) üzrə prezidenti və icraçı direktoru Rami Qasemin rəhbərlik etdiyi nümayəndə heyəti ilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüş keçirmişdir. 2019-cu ildə tərəflər arasında keçirilmiş müzakirələrdə toxunulan məsələlər üzrə ötən müddətdə görülmüş işlərdən danışılmış, SOCAR-da rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə Şirkətin 2035-ci ilə qədər Korporativ Strategiyasına uyğun atılacaq növbəti addımlar haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin SOCAR-ın mövcud investisiyalarına əsaslanan icra strategiyasının əsas elementi kimi aktivlərin idarə olunması üzrə həllər sahəsində tərəfdaşlığın perspektivlərinə toxunulmuş, bildirilmişdir ki, iki şirkət arasında rəqəmsal transformasiya, sıfır emissiya və karbon neytrallığı kimi aktual istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Baker Hughes-in nümayəndələri tərəfindən keçirilmiş qısa təqdimatda şirkətin yeni enerji erasına transformasiya üzrə müştərilərinə göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Baker Hughes-in təklif etdiyi yüksək effektli texnologiyaların tətbiqi enerji əməliyyatları zamanı tullantıların azaldılmasına, neft-qaz yataqlarında əməliyyatların daha təmiz, təhlükəsiz və səmərəli aparılmasına əlverişli imkanlar yaradır.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.