“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması
Region

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması" mövzusunda tədbir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması" mövzusunda gənclər üçün təlim keçirildi.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov mövzunun əhəmiyyəti, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova isə Komitə tərəfindən keçirilən maarifləndirmə tədbirləri haqqında məlumat verdi. Ölkənin inkişafında gənclərin sağlam ruhda formalaşdırılmasının əhəmiyyəti xüsusi vurğulandı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva Komitə tərəfindən mütəmadi olaraq sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən nikah, nikahdan əvvəl tibbi müayinənin təbliği, ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə və ziyanlı vərdişlərin yaratdığı fəsadlar və digər mövzularda maarifləndirici layihələrin həyata keçirildiyini bildirdi.

Tədbir iştirakçılarına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Hər damlasında sevgi", "Valideyn qayğısı - uşaqların təhlükəsizliyi", "Narkotiklər, yoxsa həyat" və "18 yaşadək evlilik - uşaq evliliyidir!" adlı bukletlər, flayer və yaddaş vərəqələri paylandı.

 Tofiq HÜSEYN,

 "Respublika".