REGİONUN ENERJİ XƏRİTƏSİNİ DƏYİŞDİRƏN LAYİHƏ
İQTİSADİYYAT

REGİONUN ENERJİ XƏRİTƏSİNİ DƏYİŞDİRƏN LAYİHƏ

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaradılmışdır. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1999-cu ildə qüvvəyə minmişdir. Bu Saziş Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın  bütün  mümkün, xüsusilə də siyasi və iqtisadi sahəni əhatə edir. 2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdu. Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirmişdir: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə  mübadiləsi.

Azərbaycan-Aİ enerji əməkdaşlığı sadəcə Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci il 13 yanvar tarixində Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində “Cənub Qaz Dəhlizi” üzrə Birgə Bəyannamə imzalamışdır. “Cənub Qaz Dəhlizi” Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirəcək və Avropa İttifaqının enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynaya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusən “Şahdəniz-2” yatağından təbii qazın nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Bu, Cənub Qaz Dəhlizi üçün əsas məsələ olub. Birgə Bəyannamə TANAP və TAP ilə bağlı Hökumətlərarası Sazişlər ilə birlikdə uzunmüddətli qaz satışı müqavilələri üçün zəmin yaradıb.

Azərbaycanın enerji siyasətinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev demişdir: “2018-ci il bizim enerji siyasətimizin inkişafı üçün önəmli il olmuşdur. Bu ilin may ayında biz Bakıda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını qeyd etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra  edilir”.

Azərbaycanın “Şahdəniz” yatağının ikinci fazasından çıxarılan qazın ildə 16 milyard kubmetrinin Türkiyəyə nəqli nəzərdə tutulur. Bu həcmin 6 milyard kubmetri ölkənin  daxili tələbatına yönəldiləcək, 10 milyard kubmetri isə Türkiyə üzərindən Avropa bazarına çıxarılacaq. Azərbaycandan Dövlət Neft Şirkətinin, Türkiyədən BOTAŞ və TPAO-nun ortaqlığı ilə yaradılan Trans-Anadolu Qaz Boru Kəməri Türkiyə dövlətinin bütün ərazisi boyunca uzanaraq daşınan qazı qardaş ölkənin şərqindən qərbinə nəql edən ilk boru kəməri sistemidir.

2013-cü ildə TAP layihəsi-Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilib. Eyni zamanda, 2013-cü ildə qazın satışı ilə bağlı kontraktlar imzalanıb. Türkiyə-Yunanıstan sərhədindən başlanan boru kəməri Adriatik dənizinin altından, Yunanıstan və Albaniya ərazisindən keçərək İtaliyada bitəcəkdir. Layihə 20 milyard kubmetr həcmində nəzərdə tutulub və daha da artırıla bilər. TAP-ın reallaşmasında siyasi qətiyyət və prinsipial qərar məhz Prezident İlham Əliyevə məxsusdur. Dövlət başçımızın 2011-ci ildə “Cənub Qaz Dəhlizi”nin imzalanmasına dair qərarı bu layihənin həyata vəsiqə almasına səbəb olub. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Beləliklə, “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Layihə çərçivəsində hasil edilən qaz Xəzər dənizindən  Avropaya daşıyacaq. TANAP “Şahdəniz-2” qazını Türkiyə ərazisi boyunca nəql edəcək. TAP, qazı Yunanıstan və Albaniya ərazisindən keçirməklə İtaliyaya çatdıracaq. Bu layihələr birlikdə “Cənub Qaz Dəhlizi” kimi tanınır. Bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Çünki layihə çox sayda maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. “Cənub Qaz Dəhlizi” ilk dəfə olaraq  Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi  elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Layihə vasitəsilə 11 qaz alıcısı böyük yeni qaz həcmlərinin alınmasına cəlb olunacaq.

“Hazar” Strateji İnstitutunun mütəxəssisləri hesab edir ki, layihənin Avropaya, xüsusilə Cənub-Şərqi Avropa ölkələri üçün böyük əhəmiyyəti var. İnstitutun əməkdaşları bildirir ki, Cənub-Şərqi-Avropa ölkələrinin ildə 26 milyard kubmetr qaza olan ümumi tələbatının 2050-ci ilə qədər 44 milyard kubmetrə çatacağı gözlənilir. “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan TAP bu artan  tələbatı ödəmək üçün tələb olunan əlavə qaz ehtiyatını təchiz edə biləcək. TAP Avropa ölkələri üçün etibarlı qaz təchizatçısıdır. İon Adriatik Boru Kəməri vasitəsilə TAP təbii qazı Bosniya və Herseqovina, Serbiya, Monteneqro və Xorvatiya, Yunanıstan-Bolqarıstan və Rumıniyaya göndərəcək. Gələcəkdə digər ixracatçılar tərəfindən qazın verilişi dayanarsa, TAP öz əks ehtiyatlarını aktivləşdirib, bu ölkələrin təbii qaz  təchizatını həyata keçirə bilər.

TAP mövcud təbii qaz bazarı olmayan Albaniya və Monteneqro kimi ölkələri təbii qazla   təmin edəcək. TAP Cənub-Şərqi Avropa ölkələri arasında şəbəkələr, nəqliyyat sistemləri və əlaqələndiricilər qurmaqla bu ölkələrin qazla təminatını yaxşılaşdıracaq. Bu layihələr də Avropa İttifaqını daxili qaz bazarının yaradılmasına yönələn sonuncu enerji paketinin bir hissəsidir.

Nəzərə alsaq ki, Makedoniya və Serbiya kimi ölkələrin dənizə çıxışı yoxdur və buna görə də onlar təbii qazı boru kəməri vasitəsilə almalıdırlar. TAP enerji təhlükəsizliyini  təmin etmək  üçün bu ölkələrin bazarlarını təbii qazla təmin edə bilər. Afinanın Pandion Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Konstantinos Filis vurğulayıb ki, TAP layihəsi sayəsində Yunanıstan ilk dəfə enerji xəritəsində yer alacaq. Bolqarıstan isə “Cənubi Qaz Dəhlizi” vasitəsilə 1 milyard kubmetr qaz almağı  planlaşdırır ki, bu da ölkənin  iqtisadiyyatına və ümumi inkişafına təkan verəcək. Eyni zamanda, Bolqarıstan bir neçə istiqamətdə qaz kəmərlərinin keçdiyi qovşaq nöqtəsinə çevriləcək.

Bu layihə Azərbaycana da əlavə dividendlər gətirəcək və ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki, son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətli inkişaf edən sahə olub.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində dövlətimizin başçısı cənab İlham Əliyev bəyan edib ki, bu layihə Azərbaycan üçün yeni imkanlar açmaqla yanaşı, tərəfdaş ölkələrə də töhfə verəcəkdir.

2014-cü ilin sentyabrında  layihənin təməlqoyma mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili demişdir: “Biz mövcud infrastrukturu-Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa layihələrini genişləndirərək regional əməkdaşlığı və inkişafı təmin edəcəyik. İqtisadi inkişafa mühüm töhfə veriləcək. Əlavə iş yerləri yaranacaq və bununla da yoxsulluğun səviyyəsi azalmış olacaq. Bunlar bizim üçün çox mühüm layihələrdir. Ancaq onlar enerji sahəsində Avrasiya regionunun nəhəng potensialının yalnız kiçik bir hissəsidir. Bu səbəbdən də biz Trans-Xəzər layihəsini dəstəkləyirik ki, Qazaxıstan və Türkmənistandan olan təbii qaz ehtiyatları Avropaya nəql edilə bilsin”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında yalnız enerji marşrutlarının deyil, enerji mənbələrinin də şaxələndirilməsinin vacib olduğunu bəyan edib: “Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da  şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində  çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır”.

Azərbaycan Trans Adriatik Qaz Kəməri (TAP) ilə  qazın Avropa İttifaqına nəqlinə başlayıb. Bu kəmər Avropa İttifaqının Rusiya qazından asılılığının azaldılmasına xidmət edən layihələrindən biridir. 31 dekabr 2020-ci il tarixində Xəzərdəki  “Şahdəniz-2” yatağından çıxarılan qazın İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə başlanılıb. 878 kilometrlik TAP kəməri “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir. Onun 7 il davam edən tikintisi 30 milyard dollara başa gəlib. Bu dəhlizə Azərbaycanın ən böyük qaz yatağı “Şahdəniz-2” ilə birlikdə Xəzər dənizi ilə Qərbi Avropanı birləşdirən 3500 kilometrlik kəmərlər daxildir. Azərbaycan qazı Avropaya Gürcüstan və Türkiyədən keçən kəmərlərlə çatdırılır. Ölkəmiz Avropanın qaz bazarına ildə 10 milyard kubmetr təbii qaz nəql etməyi planlaşdırır.

Kamil İSMAYILOV,

“Respublika”.