REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI ÖLKƏMİZİN TƏRƏQQİSİNƏ TÖHFƏLƏR VERİR
İQTİSADİYYAT

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI ÖLKƏMİZİN TƏRƏQQİSİNƏ TÖHFƏLƏR VERİR

Bunu Lənkəran-Astara iqtisadi rayonunun timsalında da aydın görmək olar

Ötən dövrdə regionların sosial-iqtisadi inkişafı istiqamətində 4 Dövlət Proqramı qəbul olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" icrası nəticəsində regionlar yeni inkişaf mərhələsinə qədəm qoymuş, çoxlu yeni müəssisələr və iş yerləri yaradılmış, əhalinin məşğulluq səviyyəsi, rifah halı yaxşılaşmışdır.

Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq məqsədilə ölkə Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramın uğurla icrası sayəsində ölkə üzrə makroiqtisadi göstəricilər artmış, iqtisadiyyatın bütün sahələrində yüksəliş təmin olunmuşdur.

Regionların hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul edilmişdir. Bu illər ərzində qeyri-neft sektoru sürətlə inkişaf etmiş, regionlarda yeni infrastruktur sahələr yaradılmış, əhaliyə göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti yüksəlmişdir.

2004-2018-ci illər ərzində Ümumi Daxili Məhsul 3,3 dəfə artmışdır. Qeyri-neft sektorunda 2,8 dəfə, sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım müşahidə olunmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir.

4-cü Dövlət Proqramı uğurla icra olunur. Son illərdə pandemiyanın ölkənin ixrac gəlirlərinə əhəmiyyətli təsirinə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılmış, makroiqtisadi stabillik təmin edilmiş və Azərbaycan bu böhrandan ən az təsirlənən ölkələrdən biri olmuşdur.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü təmin edilmiş, soydaşlarımızın doğma ata-baba yurdlarına qayıdışı başlanmışdır.

İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin edilməsi, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlara qayıdışı istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Həmin ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmış, Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanı ilə iqtisadi rayonların sayı 14-ə çatdırılmışdır. Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi rayonları yaradılmış, bəzi iqtisadi rayonların tərkibində müvafiq dəyişikliklər edilmişdir.

Respublikamızın bütün bölgələri davamlı inkişaf, tərəqqi yolundadır. Bunu Lənkəran-Astara iqtisadi rayonunun timsalında da aydın görmək mümkündür. Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonlarını əhatə edən iqtisadi rayonda Dövlət Proqramının icrası sahəsində ardıcıl, məqsədyönlü işlər görülür.

Lənkəran rayonunda sənayenin inkişafı istiqamətində yeni, müasir layihələrin tətbiqinə start verilmişdir. "LP" MMC tərəfindən plastik məmulatların istehsalı müəssisəsində avadanlıqların bir hissəsi quraşdırılmış və müəssisə ilkin mərhələdə fəaliyyətə başlamışdır.

Ötən müddətdə "Laran" MMC qənnadı məhsulları fabrikinin, "Həyat" çörək zavodunun tikintisi başa çatdırılmışdır. "Gilan Lənkəran Konserv" zavodunda aylıq istehsal gücü 1500 ton olan yeni tomat xətti qurulub istifadəyə verilmişdir. Müəssisədə ketçup və tomat xətti, "Lənkəran Konserv" ASC-də leço istehsalı üçün yeni avadanlıqlar quraşdırılmışdır. Digah kəndində metal dam örtüklərinin müxtəlif formada istehsalından ötrü "Nur" kiçik müəssisəsi fəaliyyətə başlamışdır.

Rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması diqqət mərkəzindədir. Aqrar sahənin inkişafına xidmət edən infrastrukturun yaxşılaşdırılması məqsədilə yeni yollar və elektrik xətləri çəkilmiş, müasir suvarma şəbəkələri qurulmuşdur.

Osaküçə kəndində "Beta" şirkəti, İstisu qəsəbəsində "Yaşıl çay" fermer təsərrüfatı, Haftoni qəsəbəsində, Vilvan və Xanbulan kəndlərində fermer və ailə təsərrüfatları tərəfindən yeni çay plantasiyaları salınmışdır. Təkcə keçən il 7,5 hektar sahədə yaşıl çay kolları əkilmişdir. "Beta" şirkətində çayçılıq üzrə tingçilik təsərrüfatı yaradılmışdır.

Sitrus və subtropik meyvə bağlarının salınması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, meyvə bağlarının sahəsi 2154 hektara çatdırılmışdır. Tükəvilə kəndində 10 hektar sahədə damcı üsulu tətbiq edilməklə kinkan bağı salınmışdır. Ötən il rayonda 21705,7 ton meyvə tədarük olunmuşdur.

Çəltikçilik sahəsində də işlər uğurla davam etdirilir. Lənkəran Regional Təlim Mərkəzində yüksək məhsuldarlığı ilə seçilən 13 çəltik sortu üzərində tədqiqat işləri aparılmış və 2 məhsuldar sort dövlət sınağına təqdim olunmuşdur.

Yerli əhəmiyyətli avtomobil yolların, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri davam etdirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq 2019-cu ildə 56 kilometrlik Lənkəran-Lerik və 7 kilometrlik Hirkan-Mamusta-Siyavar avtomobil yollarının tikintisi başa çatdırılmışdır.

Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Lənkəran rayonu üzrə 362 nəfər işaxtaran işlə təmin olunmuşdur. Onlardan 9 nəfər müharibə iştirakçısı, 18 nəfər şəhid ailəsinin üzvü, 2 nəfər isə təqaüd yaşına 2 ildən az müddət qalmış şəxslərdir.

Ötən dövr ərzində Lənkəran şəhər 7 nömrəli tam orta məktəbi dövlət vəsaiti hesabına əsaslı təmir edilmiş, Lənkəran Dövlət Universiteti üçün yeni tədris korpusu, yataqxana binası tikilib istifadəyə verilmişdir.

Masallı rayonunda Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələr uğurla icra olunur. Sənaye sahələrinin inkişafı ilə əlaqədar Masallı Sənaye Məhəlləsində 10 müəssisə yaradılmışdır. Xalça fabrikinin tikintisi üçün 0,4 hektar torpaq sahəsi ayrılmışdır.

 İqtisadiyyat Nazirliyi tərəfindən rayonda "Yaşıl Bazar" kompleksinin yaradılması nəzərdə tutulub. Bu məqsədlə Masallı şəhərinin mərkəzində 10 hektar torpaq sahəsi ayrılmışdır.

Kolatan kəndində çay plantasiyalarının salınması və ilkin çay emalı müəssisəsinin yaradılması istiqamətində müəyyən işlər görülüb. "Azərsun" Holdinq tərəfindən kənddə 100 hektar çay plantasiyası salınıb. "Amal" layihəsi çərçivəsində Ərkivan, Hişkədərə, Tüklə və Kolatan kəndlərinin ərazilərində 15 hektar sahədə yeni çay kolları əkilib.

 Rayonda çay plantasiyaları ilbəil genişləndirilir. Mahmudavar kəndində 2,5 hektar, Miyankü kəndində 1,2 hektar, Tüklə kəndində 11 hektar yeni çay plantasiyası salınmışdır. Rayonda yaşıl çay sahələri 129,7 hektara çatdırılmışdır.

 Azərbaycan Prezidentinin 18 sentyabr 2018-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda təmir-bərpa işləri görülmüşdür. Mahmudavar, Miyankü, Tüklə, Hişkədərə, Kolatan və Sığdaş ərazilərində əlavə olaraq 22 sututarda təmir-bərpa işlərinin aparılmasına hazırlıq görülür. Rayonda 4 ədəd subartezian quyusunun qazılması ilə əlaqədar vəsait ayrılmış və quyuların qazılmasına başlanılmışdır.

Son illər ümumi uzunluğu 18 kilometr olan Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolu əsaslı təmir edilərək istifadəyə verilmişdir.

Masallı həm də böyük turizm potensialına malikdir.

Cəlilabad respublikamızın ən iri aqrar rayonlarından biridir. Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının istehsalı və emalının dəstəklənməsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.

Keçən il məhsul istehsalçıları tərəfindən 165600 ton buğda, 13250 ton arpa, 9500 ton vələmir, 3399 ton noxud, 378 ton mərci, 150 ton lərgə, 162600 ton kartof, 2601 ton tərəvəz, 112 ton qarğıdalı, 250 ton günəbaxan, 14082 ton çiyələk və 22913 ton üzüm istehsal olunmuşdur.

 Heyvanların cins tərkibi yaxşılaşdırılmış, rayona lizinq yolu ilə 874 baş cins mal-qara gətirilmişdir.

Son illər yerli əhəmiyyətli avtomobil yollarının tikintisinə diqqət artırılmış, Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli kəndarası avtomobil yollarının tikintisi başa çatdırılmışdır.

Rayonun Albalan, Alaşar, Hasıllı və Cəfərli kəndlərində modul tipli məktəb binalarının və Cəlilabad şəhərinin yeni yaşayış massivində 624 şagird yerlik 3 nömrəli tam orta məktəbin tikintisi başa çatdırılmışdır. Təhsil ocaqları müasir avadanlıq və inventarlarla təchiz edilərək istifadəyə verilmişdir. Vənlik, Həsənli və Soyuqbulaq kəndlərində modul tipli məktəb binalarının tikintisinə başlanılmışdır.

Astarada sitrus meyvələrinin istehsalına diqqət artmışdır. Rayonda 4422 hektar sitrus və subtropik meyvə bağları vardır. Son illər bağlar xeyli genişləndirilib. Şəxsi və fermer təsərrüfatlarında 45,34 hektar naringi, 12 hektar portağal, 7 hektar feyxoa, 23,6 hektar limon, 9 hektar kivi, 5,3 hektar kinkan bağları ənənəvi və intensiv qaydada salınmışdır. Keçən il şaxtaya davamlı və yüksək məhsuldarlığa malik Satsoma, Primasol, Ortanik, Nova, Rubinson və Okitsu sortlarından 9 min ting rayona gətirilib əkilmişdir.

Xaricdən dəvət olunan mütəxəssislər fermerlərlə maarifləndirici söhbətlər aparır, əyani olaraq təsərrüfatlarda birgə budama, digər aqrotexniki tədbirlər görürlər.

Keçən il 202,13 hektar sahədə çəltik əkilmişdir. Plantasiyalara aqrotexniki qulluq göstərilmiş, 841 ton çəltik yığılmışdır. Hektarın məhsuldarlığı 41,6 sentner olmuşdur.

Ərçivan qəsəbəsində Çin Xalq Respublikasından gətirilən müasir çəltik emalı zavodu quraşdırılmış və istehlakçıların istifadəsinə verilmişdir. Yeni müəssisənin gündəlik emal gücü 40 ton, çəltik qurutma imkanı isə 10 tondur.

Yüksək reproduksiyalı çəltik toxumlarının, əkin üçün texnika və zəruri avadanlıqların çatışmazlığı müəyyən problemlər yaradır. Astara əməkçilərinin kənd təsərrüfatı texnikası, texnoloji və suvarma avadanlıqları, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və tinglərlə təmin edilməsini, aqrotexniki xidmətlərin göstərilməsini yaxşılaşdırmaq məqsədilə "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti rayon bölməsinin yaradılmasına, məhsulların saxlanılması üçün soyuducu anbarların tikilməsinə ehtiyac vardır.

Rayonun qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Deqadi və Səlivə kimi ucqar dağ kəndləri qazlaşdırılır. Deqadi kəndinə daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Səlivə kəndinə qaz xətlərinin çəkilişi yaxın vaxtlarda yekunlaşacaqdır.

Rayonun təbii qaz təchizatı hələ ki, 86 faiz təşkil edir. Daha 15 yaşayış məntəqəsinin qazlaşdırılması öz həllini gözləyir.

Astarada turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər rayonda yeni, müasir turizm obyektləri tikilib istifadəyə verilmişdir.

Lerik və Yardımlı dağlıq rayonlardır. Dövlət proqramlarının icrası nəticəsində Lerik rayonunda yeni infrastruktur sahələr yaradılmış, müasir üslubda təhsil, səhiyyə obyektləri inşa edilmiş, yeni avtomobil yolları, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir.

2019-cu ildə rayonda 1231, 2020-ci ildə 1722, 2021-ci ildə 1418, 2022-ci ildə 1473 yeni iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2022-ci illərdə 19154 yeni iş yeri açılmışdır. Bunun 40 faizdən çoxu daimi iş yerləridir. Möhtərəm Prezidentimizin tapşırığına əsasən rayonun xidmət sahələrində əhalinin aztəminatlı təbəqəsindən olanlar işlə təmin olunmuşdur.

Keçən il 140 nəfər özünüməşğulluq proqramına cəlb olunmuşdur. Onlardan 121 nəfər kənd təsərrüfatı, 19 nəfər xidmət sahələrində çalışır. Rayon məşğulluq mərkəzində 11497 nəfər işaxtaran, 2154 nəfər işsiz vətəndaş qeydiyyatdadır.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Dağlar diyarında 15 min hektara yaxın əkinəyararlı torpaq sahəsinin cəmi 5 min hektarı əkinə cəlb edilmişdir. Kənd təsərrüfatı texnikalarının azlığı aqrar sahənin inkişafında problemlər yaradır.

Hər il Lerikdə 150 tondan çox ekoloji cəhətdən təmiz bal istehsal olunur. Balın sənaye üsulu ilə qablaşdırılması bu sahənin inkişafına stimul yarada bilər.

Kiçik süd qəbulu və ət tədarükü məntəqələrinin, meyvə emalı sexlərinin açılması əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaqdır. Rayonda üzümçülüyün bərpası, xalça fabrikinin açılması işsizliklə bağlı problemlərin həllinə kömək edəcəkdir.

Son illər rayonun təhsil müəssisələrinin 80 faizdən çoxu yenidən inşa edilmiş və ya əsaslı təmir edilmişdir. Son üç ildə 22 yeni modul tipli məktəb inşa edilmişdir.

Elm və Təhsil Nazirliyi tərəfindən Lerik şəhər 2 və 3 saylı tam orta, Hovil kənd ümumi orta məktəblərinin dam örtükləri əsaslı təmir edilmişdir. Nazirliyin vəsaiti ilə Kəlvəz, Amburdərə, Osyodərə və Buruq kəndlərində yeni modul tipli məktəblər tikilir.

Turizmin inkişafı ilə əlaqədar "Relax", "9 qardaş" və digər turizm mərkəzlərində yeni hotellər, istirahət meydançaları inşa olunub. "Cənub" turizm istirahət mərkəzində 1,1 milyon manat dəyərində 30 kottecin tikintisinə başlanılıb.

Yardımlıda sosial problemlərin həlli istiqamətində müəyyən işlər görülüb. Rayonda 15 kənd qazlaşdırılmış, yaşayış məntəqələrinin 17 faizi mavi yanacaqla təmin olunmuşdur. Perimbel, Dəlləkli, Çayüzü və Ostayır kəndlərinə qaz xətləri çəkilir.

2020-ci ildə Yardımlı şəhərində idman kompleksinin tikintisi başa çatdırılıb. İlk dəfə müasir idman obyekti idmançıların istifadəsinə verilmişdir.

Yardımlı şəhər 4 nömrəli tam orta məktəbinin, Çanaxbulaq və Peştəsər kənd modul tipli tam orta məktəblərin tikintisi başa çatdırılmışdır. Dəlləkli kənd ümumi orta məktəbi əsaslı təmir olunmuşdur. Təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin istifadəsinə verilmişdir. Cerimbel kəndində modul tipli tam orta, Arvana və Bərcan kəndlərində tam orta məktəblərin tikintisinə başlanılmışdır.

Son dövrdə 77 ailə özünüməşğulluq proqramına cəlb edilmiş, 24 nəfər aktivlərlə təmin olunmuşdur. Şəhid ailəsinin 3 üzvü, 5 nəfər müharibə iştirakçının ailə üzvü, 5 nəfər Qarabağ müharibəsi iştirakçısı, 1 nəfər müharibə əlili, 62 nəfər aztəminatlı vətəndaş işlə təmin olunmuşdur.

Dövlət Proqramının icrası regionlarda iqtisadiyyatın, kiçik və orta sahibkarlığın inkişafını sürətləndirir, biznes mühitinin yaxşılaşdırılması üçün geniş imkanlar açır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".