Regionlarda informasiya  texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb
Digər xəbərlər

Regionlarda informasiya  texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

Azərbaycan Telefon rabitəsinin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə regionlarda informasiya texnologiyaları (İT) sahəsində təlimçilərin hazırlanmasına start verilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, keçirilən təlimin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən İT mütəxəssislərinin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar İT təlimçilərinin sayını artırmaqdan ibarətdir. Bu təlimləri uğurla başa vuracaq mütəxəssislərin, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin regional təlimlərinə təmsilçi qismində cəlb edilməsi nəzərdə tutulub. Təlimdə Gəncə, Naxçıvan, Şərur, Mingəçevir, Şəki, Zaqatala, Qazax, Lənkəran, Şamaxı, Şirvan, Ağdaş, Göyçay, Qəbələ, İmişli şəhərində yaşayan və müəyyən edilmiş tələblərə cavab verən şəxslər iştirak ediblər.

Bir ay müddətində intensiv formada keçiriləcək təlimdə iştirakçılara İT əsasları (İT texnik) üzrə təlimçilik bacarıqları öyrədiləcək. Təlimi uğurla bitirən şəxslər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təlimçilik sertifikatı ilə təltif ediləcək.

Əli SADIQOV,

“Respublika”.