Rəcəb Bilgin: Azərbaycanlı qardaşlarımız çətin günlərimizdə dərhal köməyimizə gəldilər
MÜSAHİBƏLƏR

Rəcəb Bilgin: Azərbaycanlı qardaşlarımız çətin günlərimizdə dərhal köməyimizə gəldilər

Azərbaycandan gələn yanğın-xilasetmə qrupunu yüksək səviyyədə qarşılamaq üçün buradayıq. Qardaşlarımızı burada görməkdən çox məmnunuq.

Bu sözləri Türkiyənin Kaçkar gömrük və xarici ticarət üzrə regional idarəsinin müdiri Rəcəb Bilgin AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərmələrinin ölkələrimiz və xalqlarımız arasında qardaşlığın daha bir nümunəsi olduğunu vurğulayan R.Bilgin deyib: “Azərbaycanlı qardaşlarımızı layiqli şəkildə qarşılamaq üçün bütün heyətimizlə birlikdə buradayıq. Onlar bizim çətin günlərimizdə dərhal köməyimizə gəldilər. Buna görə Azərbaycan xalqına ürəkdən minnətdarıq. Bu dəstək “bir millət, iki dövlət” olduğumuzu bir daha nümayiş etdirir”.

Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin avqustun 5-də qardaş ölkəyə yola salınan üçüncü qrupu bu gün saat 16 radələrində Türkiyə ərazisinə daxil olub. Qrupun üzvləri qardaş ölkəyə daxil olduğu andan aidiyyəti qurumların nümayəndələri və yerli əhali tərəfindən böyük coşqu ilə qarşılanıb. Hazırda qrupun üzvləri təyinat məntəqəsi istiqamətində hərəkət edir. Səfərdə media nümayəndələri də iştirak edirlər.

AZƏRTAC