Ramiz Qənbərov
Sosial həyat

Ramiz Qənbərov

Birinci Qarabağ savaşında Azərbaycanın dilbər guşəsindən olan qədim Şuşa şəhəri uğrunda qanlı döyüşlər getmiş, neçə-neçə cəngavər oğullarımız bu döyüşlərdə şəxsi igidlik göstərmiş, şəhidlik zirvəsinə yüksəlmişlər. Şuşanın hər qayasını, hər daşını göz bəbəyi kimi qoruyan, ölümün gözünə dik baxan Vətən oğullarından biri də Ramiz Qənbərov olmuşdur.

Ramiz Bulud oğlu Qənbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdır.

Ramiz 1979-cu ildə H.Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbini müvəffəq qiymətlərlə başa vurmuş, Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdı. O, 1980-ci ildə doğmalarının xeyir-duası ilə əsgəri xidmətə yollanmış, ordu sıralarından tərxis olunduqdan sonra Qarabağın tacı olan Şuşa şəhərinə qayıtmışdı. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Ramiz sonradan çalışdığı idarəyə mühəndis təyin edilmişdi. 1986-cı ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş, işləyə-işləyə ali təhsilini davam etdirmişdir.

R.Qənbərov 1988-ci ildə faşist xislətli erməni daşnaklarına qarşı ilk mübarizə aparanlardan biri olur. Ramizin qəlbində bu müqəddəs fikir hakim kəsilmişdi: Millət! Vətən! Torpaq! Azadlıq! Elə bu məqsədlə Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında fəal iştirak edir, imperiyanın ədalətsiz qərarlarına qarşı öz haqq səsini qaldırırdı. Bəzən haqsız təzyiqlərə, təqiblərə məruz qalsa da, yolundan dönmür, hətta ölümündən də qorxmurdu.

Ramiz Qənbərov Azərbaycana qarşı erməni təcavüzünün ilk illərindən torpaqlarımızın müdafiəsinə qalxanların ön sırasında idi. O, 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və özü də həmin batalyona başçılıq edir. Cəsur döyüşçü öz batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan, Kosalar, Nəbilər, Qayıblı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşur, əsl qəhrəmanlıq nümunəsi göstərir.

 Erməni yaraqlıları 20 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı məntəqələrimizə hücum edirlər. Ramiz Qənbərov batalyonu ilə köməyə gedir. 4 məntəqəsi ələ keçirilən düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Ramiz yaraqlıların mövqeyini öyrənmək üçün irəli atıldı. Bu qeyri-bərabər döyüşdə igid komandir ağır yaralandı. Onu həyata qaytarmaq mümkün olmadı... Doğma torpağı, Vətəni uğrunda şəhidlik zirvəsinə yüksələn Ramiz Qənbərovun son mənzili Şuşa şəhərindəki qəbiristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Ramiz Bulud oğlu Qənbərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qədir ASLAN,

"Respublika".