Qusarda növbəti “Əmək yarmarkası”
Region

Qusarda növbəti “Əmək yarmarkası”

Bölgə xəbərləri

Əhalinin aztəminatlı təbəqəsi olan şəxslərə, işsiz və iş axtaran vətəndaşlara dövlət həmişə dəstək olur. Yerlərdə keçirilən Əmək yarmarkaları onların işlə təminatına xidmət edən mühüm məşğulluq tədbirlərindədir. Dövlət Məşğulluq Agentliyi Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi və “Şahdağ Turizm Mərkəzi” QSC-nin təşəbbüsü ilə Qusarda - Heydər Əliyev Mərkəzində növbəti “Əmək yarmarkası” keçirilmişdir. Yarmarkaya 400 nəfər (müharibə iştirakçısı, müharibədə yaralanmış şəxslər, sosial müdafiəyə xüsusi ehtiyacı olan və qeydiyyatdan keçən işsiz və iş axtaran) vətəndaş dəvət olunmuşdur.  Onlardan 256 nəfəri yarmarkada iştirak etmişdir. Əmək yarmarkasında da vətəndaşlara turizm mərkəzi tərəfindən 128 vakansiya iş yeri təklif  olunmuşdur. Təklif olunan iş yerlərinin çoxu kiçik xəzinədar, xizək təlimatçısı, ofisiant, xadimə, operator, barmen, aşpaz, terapist və digər işlərdir. Yarmarkada iştirak edən şəxslərə vakansiyalar, iş öhdəlikləri və şərtləri haqqında ətraflı məlumat verilmişdir. Qeyd edək ki, təklif olunan iş yerlərində əməkhaqqı 588-900 manat aralığında olmuşdur.

           

Cəbrayıl

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakının Binəqədi qəsəbəsində fəaliyyət göstərən rayonun Şahvəlli kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirdi.

Rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov görüş iştirakçılarını salamladı və bildirdi ki, görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etməkdir. Daha sonra rayon rəhbəri sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə tam dolğunluğu ilə məlumat verdi.

Səyyar görüş zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapdı, bəzi məsələlərin həlli nəzarətə götürüldü.

Sabirabad

Ölkəmizin hər yerində olduğu kimi, Sabirabadda da Vətən müharibəsi şəhidləri hörmətlə anılır, onların xatirəsi əziz tutulur. Bu günlərdə Sabirabadda Vətən müharibəsi şəhidi, mayor  Anar Elşad oğlu Məmmədovun şəhadətinin ikinci ildönümü ilə əlaqədar şəhidlərin adına ucaldılmış abidə-kompleksi önündə tədbir keçirildi, abidə önünə gül dəstələri düzüldü.

Anım mərasimində  YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Qarabağ Veteranları Şurasının sədri Faiq Hüseynov, şəhid atası İxtiyar Mayılov, şəhid anası Minə Hüseynova çıxış etdilər.

Sonda məktəblilərin ifasında vətənə və şəhidlərə həsr olunan şeirlər səsləndi.

 

Saatlı

Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən idarə,müəssisə və təşkilatlara işçilər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği və təşviqi tövsiyə olunur. Müasir dövrdə dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da insanların çox oturaq həyat tərzi keçirməsi əhalinin sağlamlığına və qeyri-infeksion xəstəliklərin inkişafına təsir edən əsas amillərdən biridir.

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” üzrə qarşıya qoyulan prinsiplərə uyğun həyata keçirilən tədbirlərin məqsədi əhali, o cümlədən iş yerləri üçün fiziki aktivlik proqramını təşviq etmək, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

Əməkdaşları fiziki aktivliyə cəlb etmək üçün keçirilən məşğələdə idmanın əhəmiyyəti və sağlamlığa faydalı təsirləri izah olunur, keçirilən əyani idman məşğələləri iştirakçıların psixoloji, fizioloji sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərir. Təbiətlə harmoniyanın yaradılmasında vacib rol oynayan idman hərəkətləri insanda emosional vəziyyəti yaxşılaşdırır, stresi aradan qaldırmaqda effektiv təsir edir, faydalı iş əmsalını artırır.

                                          “Respublika”.