QÜRURUMUZ, FƏXRİMİZ
Sosial həyat

QÜRURUMUZ, FƏXRİMİZ

Yaşasaydı, 23 yaşı olacaqdı...  Rüstəm İbrahim oğlu Məmmədovun  doğum gününü  məzarı başında doğmaları, hərbçi yoldaşları,  şəhid anaları, müəllimləri, şagirdlər ictimaiyyət nümayəndələri  Rüstəmsiz qeyd ediblər. Ruhuna dualar oxunub, Allahdan bütün şəhidlərə rəhmət dilənilib.

Anım tədbirində  Mingəçevir Şəhər İcra Hakimiyyəti və Göyçay Rayon İcra Hakimiyyəti  başçısı  aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları çıxış edərək şəhər icra hakimiyyəti adından  şəhidin ailəsinə, qohumlarına səbir diləyiblər. Hərbçi yoldaşları onun igidliyindən ürəkdolusu söz açıblar.

Rüstəm orta məktəbi bitirdikdən sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb. İkinci Vətən müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərbi ilə bağlayıb. MAXE kimi qulluğa başlayıb, sentyabrın 27-dən də döyüşlərə atılıb…Və qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhid olub. Amma,  uzun müddət onun nəşini götürmək mümkün olmayıb. Onun  nə qədər arzuları vardı... Rüstəm hələ əsgəri xidmətdə olarkən atası dünyasını dəyişmişdi. Ailənin bütün qayğıları Rüstəmin üzərində idi. Bacısı Könül xanıma çox bağlı idi. Həmişə  deyərdi ki, sənin övladına yaxşı dayı olacağam. Bacısı  ailə həyatı quranda nə qədər sevinirdi. Deyirdi dayı olacağam. Təəssüflər olsun ki, şəhadətinin təsdiqləndiyi günü bacısının qız övladı dünyaya gəldi. Onu görə bilmədi.

Şəhid Rüstəmin ölümü ilə  anası Aynur xanım həyatında ikinci böyük zərbəni alır.  Amma, çətin də olsa dözürəm deyir. Biz şəhid anaları bir-birimizdən güc alırıq, hamımızın dərdi eynidir deyirlər. Təki, Vətən sağ olsun. Övladlarımız 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanlarıdır. Təskinliyimiz torpaqlarımızın düşmən işğalından azad olunmasıdır. Şəhid Rüstəm Məmmədov ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  üç medalla-“Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” və  “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Zabit XƏLİLOV,

“Respublika”.