Qürurla anırıq: Yusif Əliyev
Sosial həyat

Qürurla anırıq: Yusif Əliyev

Birinci Qarabağ savaşında erməni daşnakları Azərbaycan torpaqlarında vəhşiliklər törətmiş, şəhər, qəsəbə və kəndlərimizi güllə yağışına tutmuş, dinc əhaliyə işgəncələr vermiş, neçə-neçə mərd oğullarımız şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşmuşlar. Odlu səngərlərdə düşmənə qarşı aparılan ölüm-dirim savaşında polis əməkdaşları şəxsi igidliklər göstərmiş, ağır döyüşlərdə ermənilərə sarsıdıcı zərbələr endirmişlər. Onlardan biri də Vətənin hər qarış torpağını ürəkdən sevən, peşəsinin vurğunu olan Yusif Əliyusif oğlu Əliyev olmuşdur.

Adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Yusif Əliyev 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində dünyaya göz açmışdır. O, kiçik yaşlarından təbiətin vurğunu idi. Yaşıl yamacları, çayların nəğməli sahillərini qarış-qarış gəzər, qıy vuran qartalların səsi qəlbində xoş ovqat yaradardı.

Orta məktəbdə oxuduğu illərdə Yusif sinif yoldaşları arasında bacarıqlı idmançı kimi də  tanınırdı. İdman yarışlarında fərqləndiyinə görə dəfələrlə diplom və tərifnamələrə layiq görülmüşdür.

Yusif Əliyev 221 saylı orta məktəbi bitirdikdən sonra Qobustan Avtomobil Nəqliyyatı İdarəsində əmək fəaliyyətinə başlamışdır. O, 1988-ci ildə valideynlərinin xeyir-duası ilə ordu sıralarına yollanmış Rusiya Federasiyasının Sverdlovsk şəhər piyada qoşun hissəsində xidmət etmişdir. 1990-ci ildə ordudan tərxis olunaraq Bakıya qayıtmış, Daxili İşlər orqanlarının post-patrul xidməti alayının 3-cü rotasında əmək fəaliyyətinə başlamışdır. Polis əməkdaşı kimi ictimai asayişin keşiyində ayıq-sayıq dayanan Yusif qısa müddətdə hamının sevimlisinə çevrilmişdi.

XX əsrin 90-cı illərində Cənubi Qafqazda hər zaman ixtişaşlar törədən ermənilər xain əllərini Azərbaycan ərazilərinə uzatdılar, dinc insanlar, işgəncəyə məruz qaldı. Vətənin bu ağır günlərində Yusif Əliyev də döyüş meydanına atılaraq son damla qanınadək igidliklə vuruşdu.

Silahlı erməni quldurları Buzluq, Mənəş və Erkəc kəndləri tərəfdən tez-tez ərazilərimizə basqınlar edir, yolları kəsirdilər. Yusif isə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmışdı...  1991-ci ilin fevral ayı  idi. Səhər sübhdən 500-ə yaxın erməni qulduru Mənəş kəndinə hücuma keçdi. Qüvvələr qeyri-bərabər idi. Polis dəstəsi öz əlverişli mövqelərini qoruyub saxlamaqla  düşməni müxtəlif səmtlərdən hədəfə alırdı. Əvvəlcə hər şey planlaşdırıldığı kimi gedirdi. Lakin daşnak quldurlar xeyli itki versə də, geri çəkilmək istəmirdi.  Polis dəstənin döyüş sursatı tükənmək üzrə idi. Bunu görən Yusif Əliyev vaxt itirmədən 14 nəfərdən ibarət bir qrup yaradaraq əlbəyaxa döyüşlərə atıldı. Gözlənilməz hücumdan çaşbaş qalan ermənilər özlərini itirib, pərən-pərən düşdülər.

...14 sentyabr 1991-ci il. Düşmən Buzluq istiqamətində qəflətən hücuma keçdi. Ölüm-dirim savaşında dəstənin silah-sursatının tükəndiyi barədə məlumat gəldi. Yusif güllə yağışı altında Buzluğa silah-sursat çatdırmağa müvəffəq oldu. Odlu səngərlərdə döyüş davam edirdi. Qəflətən Yusifin  ürəyi düşmən gülləsinə tuş gəldi. O, Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Qəhrəman döyüşçü Ağsu rayonunun Rəhimli kəndində dəfn olunmuşdur. Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə qəhrəmanın  büstü qoyulmuşdur.

Qədir ASLAN,

“Respublika”,