Qürurla anırıq: Vasili Əliyev
Sosial həyat

Qürurla anırıq: Vasili Əliyev

Birinci Qarabağ savaşında Vətənimizin bütövlüyü və dövlətimizin toxunulmazlığı uğrunda Azərbaycanın polis əməkdaşları şəxsi igidlik göstərmiş, bir çox çətin döyüş əməliyyatlarının iştirakçısı olmuş, erməni vandallarına sarsıdıcı zərbələr endirmişlər. Bu yazıda biz Azərbaycan polisinin şərəfini yüksəklərə qaldıran, odlu səngərlərdə düşməndən qisas almağı bacaran, adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılan Vasili Əliyevin həyat və döyüş yolundan söhbət açacağıq.

Vasili Əhməd oğlu Əliyev 15 yanvar 1959-cu ildə Azərbaycanın dilbər guşələrindən olan, atlas geyimli dağlar qoynunda yerləşən Qubadlı rayonunda dünyaya göz açmışdır.

İdmanı çox sevirdi. Məhəllə uşaqları arasında keçirilən futbol yarışlarında bacarıqlı hücumçu kimi məşhurlaşmışdı. Vasili ilin yaz və yay aylarında həmişə təbiətin qoynunda olardı. Nəğməli dağ çaylarının sahillərini qarış-qarış gəzir, ətirli güllərdən dəstələr düzəldir, qıy vuran qartallara, sıldırımlı qayalıqlara baxmaqdan zövq alardı Vasili.

Vasili Əliyev 1966-cı ildə birinci sinfə getmiş, 1976-cı ildə orta məktəbi müvəffəq qiymətlərlə başa vurmuşdur. 1977-ci ildə valideynlərinin xeyir-duası ilə ordu sıralarına yollanmış, əsgəri xidmət dövründə hərbi texnikanın sirlərini mükəmməl öyrənmişdir. Daxili qoşunlarda xidmət etməsi Vasilinin polisə olan həvəsini daha da artırmışdı. İctimai asayişin keşiyində durmaq onun yeganə arzusu idi.

Vasili ordudan tərxis olunduqdan sonra onu mühafizə bölməsinə gözətçi kimi işə qəbul etdilər. 1980-ci ildə isə rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə başladı. O, nümunəvi fəaliyyəti ilə hamının hörmətini qazandı. Əla xidmətinə görə Daxili İşlər Nazirliyi Vasili Əliyevi "Polis əlaçısı" döş nişanı ilə təltif etdi.

Erməni quldurları tarixən türk xalqlarına qarşı düşmənçilik mövqeyində durmuş, öz mənfur əməllərini həyata keçirmişlər. XX əsrin 90-cı illərinin əvvəllərində erməni şovinistləri yenidən Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd göstərdilər. Şəhər, qəsəbə və kəndlərimiz atəşə tutuldu, günahsız insanlar qəddarlıqla qətlə yetirildi, yaxud ağır işgəncələrə məruz qaldı. Vətənin dar günündə polis işçisi Vasili Əliyev cəbhəyə, odlu səngərlərə üz tutdu.

Vasili 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində şəxsi igidlik göstərdi. Bu cəsurluq Vasilinin şöhrətini daha da artırdı. Vasili daha sonra Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşdu, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərdi.

...1992-ci il oktyabrın 19-u. Hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Ağır döyüş uğurla başa çatdı. Qələbədən ruhlanan döyüşçülərimiz oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər. Vasili öz dəstəsi ilə düşmənin arxasına keçərkən mühasirəyə düşdü. Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Onlar ermənilərin xeyli canlı qüvvəsini məhv etdilər. Ancaq bu Vasili Əliyevin və onun dəstəsinin son döyüşü oldu. Onlar Vətən yolunda canlarından keçdilər və əbədiyyətə qovuşdular. Vasilinin son mənzili Qubadlı rayonundakı Şəhidlər xiyabanı oldu. Qəhrəman döyüşçünün iki övladı yadigar qaldı.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli Fərmanı ilə Vasili Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qubadlı Rayon Mədəniyyət Evi və Diləli-Müskanlı kənd orta məktəbi polis işçisi, qəhrəman döyüşçü Vasili Əliyevin adını daşıyır.

Qədir ASLAN,

"Respublika".