Qürurla anırıq: Nizami Məmmədov
Sosial həyat

Qürurla anırıq: Nizami Məmmədov

Mənfur erməni quldurları həmişə türk xalqlarına qarşı düşmənçilik mövqeyində durmuş, son 200 ildə xalqımıza qarşı analoqu olmayan vəhşiliklər törətmişlər. Birinci Qarabağ savaşında daşnak quldurlara qarşı igidliklə vuruşan Vətən oğullarından biri də adı Azərbaycanın  müharibə tarixinə qızıl hərflərlə yazılan Nizami Məmmədov oldu. Onun cəsurluğu, şücaəti dillərdə gəzir.

Nizami Murad oğlu Məmmədov 12 yanvar 1958-ci  ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. O, Nizami Gəncəvi adına 4 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1975-77-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuş, nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən valideynlərinin ünvanına razılıq məktubu gəlmişdir.

Bir müddətdən sonra Nizami Məmmədov Xankəndi Şəhər Yaşıllaşdırma İdarəsində, daha sonra isə Qarabağ İpək Kombinatında çalışmışdır. O, polis olmaq arzusu ilə yaşayırdı. Bu arzu onu Bakı Xüsusi Orta Polis Məktəbinə gətirdi. Təhsilini başa vurub Xankəndi Şəhər Polis Şöbəsində növbətçi köməkçisi işləməyə başladı. 

1988-ci il... Ermənilərin xəyanət tonqalı get-gedə alovlanır. Onlar mənfur niyyətlərini reallaşdırmaq üçün azərbaycanlılara qarşı bir-birinin ardınca terror hadisələri törədirdilər. Belə ağır günlərdə bütün polis işçiləri kimi Nizami Məmmədov da sayıqlığını itirmir, çalışırdı ki, yurdumuza uzanan qara əllər kəsilsin. Fevral ayının 18-də şəhərin azərbaycanlılar yaşayan küçələrinə ermənilər tərəfindən aramsız hücumlar olunurdu. Zori Balayanın “Ocaq” kitabı əldən-ələ gəzir, xalqımıza qarşı yazılmış bu kitab hayları daha da azğınlaşdırırdı.  Nizami Məmmədov bu məhəllədən o məhəlləyə keçir, azərbaycanlılara köməklik göstərməyə çalışırdı.

1989-cu il... Hadisələr getdikcə kəskinləşirdi. Nizami işlə əlaqədar Şuşa şəhərinə köçməli olur və öz işini Şuşa Rayon Polis Şöbəsində davam etdirir. O, gecə-gündüz bilmirdi. Doğma yurdu faşist xislətli erməni quldurlarından qeyrətlə qoruyurdu. İşdən sonra  düşmənin güllə yağışı altında Kərkicahan, Qaybalı kəndlərinə gedir, özünümüdafiə dəstəsinə vaxtında silah-sursat çatdırılmasına kömək göstərirdi.

Şuşanın demək olar ki, başqa bölgələrlə əlaqəsi tam kəsilmişdi. Hər qarış torpaq uğrunda mübarizə gedirdi. Polis əməkdaşı Nizami Məmmədov da bu mübarizənin ön cərgəsində idi. O, Malıbəyli, Daşaltı, Qaladərəsi əməliyyatlarında şəxsi igidlik göstərdi, rəşadətlə vuruşaraq torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə ad-san qazandı, heç vaxt ölümündən qorxmadı.

1992-ci ilin mart ayı. Erməni vandallarına qarşı ağır döyüşlər gedirdi. Moskvadakı ermənipərəst qüvvələr isə ermənilərin nankorluğuna göz yumurdu. Ağır döyüşlərdə Vətənin cəsur və qorxmaz oğlu Nizami Məmmədovun sinəsi düşmən snayperinə tuş gəldi. O, qəhrəmancasına həlak oldu. Son mənzili Bərdə rayonundakı Dəymədağlı kənd qəbiristanlığı oldu.

Yurdunda gözləri cəbhə yollarına dikilmiş üç oğlu qaldı.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Nizami Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adına layiq görülmüşdür.

Qədir ASLAN,

“Respublika”.