Qürurla anırıq: İskəndər Aznaurov
Sosial həyat

Qürurla anırıq: İskəndər Aznaurov

Xalqımızın tarixində çətin, keşməkeşli və ağır günlər çox  olub. Azərbaycan son 200 il ərzində erməni vandallarının hücumlarına məruz qalmış, məkrli və qara niyyətli daşnaklar hər zaman xalqımıza qarşı düşmənçilik mövqeyində olmuşlar. İstər Birinci Qarabağ savaşında, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları erməni işğalçılarına qarşı mərdliklə vuruşmuş, hər qarış Vətən torpağını göz bəbəyi kimi qorumuşlar.

XX əsrin sonlarında Ermənistanın Azərbaycana xaincəsinə təcavüzü zamanı Vətənin ərazi bütövlüyünü ləyaqətlə qoruyanlardan biri də İskəndər Aznaurov idi.

İskəndər Söhrab oğlu Aznaurov 10 avqust 1956-cı ildə Özbəkistan Respublikasının Buxara vilayəti, Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda dünyaya göz açmışdır. 1963-cü ildə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı orta məktəbin birinci sinfinə getmiş, 1973-cü ildə həmin məktəbi müvəffəq qiymətlərlə bitirmiş, elə həmin il əmək fəaliyyətinə başlamışdır. 1975-ci ildə isə Akkurqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Ukraynanın Çerkasskı şəhərində hərbi xidmətdə olan İskəndər 1977-ci ildə ordudan tərxis olunmuşdur. 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurub təyinatla Daşkənd vilayəti Axanqaran rayonu Qalakudur sovxozuna göndərilmişdir. O, bir müddətdən sonra -1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana, Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüş, Cihazqayırma Zavodunda əmək fəaliyyətini davam etdirmişdir.

Faşist xislətli, mənfur erməni daşnaklarının 90-cı illərdə Azərbaycan ərazilərinə hücumu, dinc əhalinin atəşə məruz qalması İskəndərin qəlbini didib parçalayır, ürəyində qəzəb və intiqam hissləri alovlanırdı.  

İskəndər Aznaurov 21 aprel 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazıldı. O, 861 saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olundu. Baş leytenant İskəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində peşəkar hərbçi kimi düşmənin mühüm hərbi bazalarının məhv edilməsində şəxsi igidlik göstərdi. O, ağır döyüşlərin birində düşmənin dörd topunu sıradan çıxararaq onlarla erməni yaraqlısını məhv etdi.

…Axşamçağı idi. Gədəbəyin dağları qatı dumana bürünmüşdü. Mərmilər isə oyana-buyana şütüyürdü. Nazdıxanyal istiqamətində Azərbaycan hərbçiləri ermənilərə qarşı ağır zərbələr endirir, onları geri çəkilməyə məcbur edirdilər. İskəndər Aznaurovun rəhbərliyi ilə keçirilən əməliyyatda düşmən mövqelərinə ciddi zərbələr vuruldu, erməni quldurlarının silah-sursat anbarları dağıdıldı. Nazdıxanyal uğrunda gedən ölüm-dirim savaşında İskəndər Aznaurov əsl igidlik göstərdi, düşmənin canlı qüvvəsini və hərbi texnikasını ələ keçirdi. Əsgərlərimizin arxası, dayağı oldu.

İskəndər Aznaurov ağır döyüşlərin birində qəhrəmancasına həlak oldu. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edildi.  

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə baş leytenant, adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan İskəndər Söhrab oğlu Aznaurov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Kür qəsəbəsindəki 1 saylı məktəb qəhrəmanın adını daşıyır. Məktəbin girişində büstü qoyulmuşdur.

Qədir ASLAN,

“Respublika”.