Qürurla anırıq:   Fəxrəddin Nəcəfov
Sosial həyat

Qürurla anırıq:   Fəxrəddin Nəcəfov

Qarabağ uğrunda gedən qanlı döyüşlərdə adı Vətənin cəsur, şahin oğulları sırasına düşən və şəhidlik zirvəsinə ucalan igidlərdən biri olan Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov haqqında xalqımız iftixarla danışır. O, Bakının Şəhidlər Xiyabanında uyuyur.

Xalqımızın mübariz oğlu Nəriman Nərimanovun müdrikcəsinə söylədiyi bu sözlər elə bil bu günümüz üçün deyilib: “Siz ata-babalarımızın müqəddəs yerlərinə o vaxt Vətən deyə bilərsiniz ki, onun sahibi olasınız”. Vətənə, onun bərəkətli torpaqlarına, başı buludlardan nəm çəkən qarlı dağlarına yiyə durmaq nəsillər üçün həmişə böyük şərəf sayılıb. Bu şərəfə nail olmaq isə heç də asan olmayıb. Torpağımıza göz dikən yadelli işğalçılar ulu babalarımızın qeyrət qılıncı ilə doğranıblar. Qarabağ müharibəsi başlananda, Vətən sınağa çəkiləndə Qərbi Azərbaycanın bir parçası olan Sisyan (Qarakilsə) rayonunun Urud kəndindən olan Fəxrəddin Nəcəfov torpaqlarımızın müdafiəsinə qalxdı. Vətənin dar günündə qəlbinin hökmü ilə Qarabağ savaşına atıldı.  Heç vaxt ölümdən qorxmadı. Ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.

Fəxrəddin Nəcəfovun valideynləri çox illər öncə erməni vəhşiliyinə dözə bilməyib ata-baba yurdundan ayrılaraq Bakı şəhərinə köçmüşdülər. Fəxrəddin 1967-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. 9-cu sinfə qədər Nəsimi rayonundakı 19 saylı orta məktəbdə oxumuş, sonra isə təhsilini Yevlax şəhərində davam etdirmişdir.

Fəxrəddinin gənclik illəri şən və mənalı keçib. Hər il yay tətili günlərində ailə üzvləri ilə birlikdə birbaşa Zəngəzur ellərinə üz tutardılar. Fəxrəddin Qarakilsənin hər qarışına bələd idi. Günlərinin çoxunu Hacalı, İşıqlı, Üçtəpə dağlarında keçirər, allı-güllü dağ yamaclarından çiçəklər toplayar, saatlarla qıy vuran qartallara, bülbüllərə, torağaylara tamaşa edər, Arpa çayının nəğməli sahillərini seyir etməkdən doymazdı.

Orta təhsilini başa vurduqdan sonra Fəxrəddin ordu sıralarına yollandı. Arxangelsk şəhərinin Haryan-Mar şəhərində hərbi xidmətdə olarkən komandanlıq tərəfindən dəfələrlə valideynlərinin ünvanına razılıq məktubu gəldi.

Fəxrəddin əsgəri xidmət borcunu yerinə yetirdikdən sonra 9 ay Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə İdarəsində işləmiş, elə həmin idarədən də Xarkov şəhərinə oxumağa göndərildi.

O, Xarkov şəhərindəki Petrovsk adına Yanğından Mühafizə Hərbi Texniki məktəbində 2 il yarım təhsil aldıqdan sonra Bakıya qayıdaraq bir müddət Respublika Yanğından Mühafizə İdarəsində işlədi.

Sonra isə Qarabağ uğrunda gedən ölüm-dirim savaşına qoşuldu. Goranboy ərazisində neçə-neçə kəndlərin erməni quldurlarından təmizlənməsində Fəxrəddinin misilsiz xidmətləri oldu. Todan kəndində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşdu. Baş leytenant Fəxrəddin Nəcəfov rota komandiri kimi çətin bir işin öhdəsindən cəsarətlə gəldi. Onun igidliyi sayəsində dəfələrlə düşmənin canlı qüvvəsi və texnikası məhv edildi.

1992-ci ildə Ağdamın Canyataq və Gülyanaq kəndləri ətrafında gedən qanlı döyüşlərdə Fəxrəddinin igid əsgərləri düşmənin xeyli canlı qüvvə və hərbi texnikasını məhv etdi.

Çox keçmədən Canyataq uğrunda yenidən döyüşlər başlandı. Həmin döyüşdə Fəxrəddin ağır yaralandı və təcili Bakıya çatdırıldı.

Xəstəxanada olduğu 20 gün ərzində qəlbi, odlu səngərlərdə, igid əsgərlərinin yanında idi. Yarası tam sağalmasa da, yenidən cəbhəyə qayıtdı. Ağır döyüşlərin birində Fəxrəddin yenidən yaralandı. Bu dəfə onu ölümün pəncəsindən xilas etmək mümkün olmadı.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Nəsimi rayonundakı 206 saylı orta məktəb Fəxrəddin Nəcəfovun adını daşıyır. Məktəbin həyətində büstü qoyulmuşdur.

Qədir ASLAN,
“Respublika .