Qürurla anırıq: Çingiz Babayev
Sosial həyat

Qürurla anırıq: Çingiz Babayev

28 oktyabr 1995-ci il… Payız axşamı…Çoxlarının yaddaşından silinməyən bir gün. Həmişə olduğu kimi, Bakı metrosu öz iş rejimi ilə işləyirdi. Metro qatarları sərnişinləri fasiləsiz olaraq mənzil başına çatdırırdı. Birdən "Ulduz" və "N.Nərimanov" stansiyaları arasında hərəkət edən qatar alova büründü. Sərnişinlər özlərini ora-bura vurur, bu bəladan xilas olmağa çalışırdılar. C.Naxçıvanski adına hərbi liseyin zabiti, baş leytenant Çingiz Babayev də sərnişinlər arasında idi. O, ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır.

Çingiz qatarda onunla yol gedən kursantları da səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində onlarla insan ölümdən xilas oldu. Ancaq özünü amansız ölümün pəncəsindən qurtara bilmədi. 27 il öncə axşam saat 18:00 radələrində "Ulduz" stansiyasından "Nəriman Nərimanov" stansiyası istiqamətində hərəkət edən qatarda qəfil baş verən yanğın dünyada analoqu olmayan metro faciəsinə səbəb oldu. Qəza nəticəsində 289 sərnişin həlak oldu, 270 nəfər isə xəsarət aldı. Həlak olanlardan 28-i uşaq, 126 nəfəri isə qadın idi. Lakin bu tarix həm də bir qəhrəmanlıq, şücaət tarixçəsidir.

Çingiz Adil oğlu Babayev 2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Əslən Naxçıvandandır. O, Yasamal rayonu 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1992-ci ildə Məşğulluq Mərkəzində aparıcı mütəxəsis olan Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına daxil olur. O, "N" saylı hərbi hissədə qərargah rəisi vəzifəsində çalışır.

1995-ci ildə baş vermiş hadisənin daha da böyüməsinin qarşısının alınmasında, sərnişinlərin xilasında və təxliyəsində "Ulduz" stansiyasının, həmçinin digər metropoliten işçilərinin, polis işçilərinin cəsarətli hərəkətlərinin, təşəbbüskarlığının və çevikliyinin böyük rolu olub.

Bu faciədən danışarkən, hadisənin geniş miqyas almamasında canı bahasına şücaət göstərmiş C.Naxçıvanski adına hərbi liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev və məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev, Samir Məmmədovun adları xüsusi qeyd olunmalıdır.

Onu da əlavə edək ki, hadisə baş verə

ndən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciət edərək dərin hüznlə başsağlığı verib, günahsız insanların xatirəsinə ölkədə ikigünlük matəm elan olunub. Dövlət başçısının fərmanı ilə komissiya təşkil edilib, ekspertizaya dünyanın 12 ölkəsinin mütəxəssisləri cəlb olunub. Nəticə olaraq, hadisə texniki qəza kimi qiymətləndirilib.

Ümummilli lider Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə Çingiz Babayevə Milli Qəhrəman adı verilib, kursantlar - 15 yaşlı Nicat Mürvət oğlu Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov "İgidliyə görə'' medalı ilə təltif olunublar.

O faciədən 27 il keçməsinə baxmayaraq, Bakı metropolitenində bu tarix unudulmur. Hələ 27 il öncə ümummilli lider Heydər Əliyevin dediyi kimi, göstərdikləri şücaət onların böyük vətənpərvər olduğunu nümayiş etdirdi. Bakı metropoliteni igid Vətən oğulları ilə fəxr edir. Ömrünü Vətənə həsr edən övladlarımız, qəhrəmanlarımızın igidlik və şücaət dolu həyat yolu unudulmur, daim ehtiramla yad edilir və yad ediləcək.

Bakının Yasamal rayon qəbiristanlığında dəfn edilmişdir. Çingiz Babayevin adını əbədiləşdirmək üçün metronun "Ulduz" metro stansiyasında və C.Naxçıvanski adına hərbi liseydə büstü qoyulub, ali təhsil aldığı Azərbaycan Texniki Universitetinə, oxuduğu orta məktəbə və yaşadığı binaya xatirə lövhəsi vurulub.

Südabə Sərvinin müəllifliyi ilə "Əfsanəvi qəhrəman" kitabı Çingiz Babayevə həsr olunmuşdur.

M.MİRZƏ,

"Respublika".