Qürur və örnək abidəsi
Sosial həyat

Qürur və örnək abidəsi

Birinci Qarabağ müharibəsində xocavəndli igidlərin qəhrəmanlığı, son damla qanını Vətən torpağından əsirgəməyən döyüşçülərin şücaəti heç zaman unudulmur, yaddan çıxmır. Xocavənd torpağı Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov kimi vətənpərvər yetişdirib. Yüzlərlə xocavəndlinin qəhrəmanlığı sayəsində Xocavənd dörd il Ermənistanın hərbi təcavüzünə qarşı mərdliklə dayanıb. Qüvvələrin qeyri-bərabər olması və həmin vaxt respublikada baş verən anarxiya nəticəsində azərbaycanlılar yaşayan on kənd işğala məruz qalıb. İşğal nəticəsində 1723 yaşayış evi, 47 sənaye, 144 kənd təsərrüfatı müəssisəsi, 32 səhiyyə, 17 təhsil ocağı və 10 tarixi abidə talan edilib, dağıdılıb.

Öz dədə-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid və 300 nəfərdən çox insan şikəst olub. Ermənilər tərəfindən girov götürülən 110 nəfər dinc sakindən 49 -u əsir və girovluqda məhv edilib. Ağır faciə xocavəndliləri heç zaman ruhdan salmayıb. Vətən müharibəsinin ilk günlərindən  xocavəndlilər döyüşlərə atılıb. 200 nəfər xocavəndli gənc döyüşlərdə iştirak edib. Onlardan 41 nəfəri yaralanıb, 8 nəfər isə şəhid oliub.Unutmayaq ki, bu quru rəqəmlərin arxasında böyük bir elin qəhrəmanlığı, yurdsevərliyi, mərdliyi və vətəndaş qeyrəti dayanır.

Onlardan biri də Qara Balakişiyevdir. Düşmənə qarşı son damla qanına kimi döyüşüb, cəsarət və igidlik nümayiş etdirib. Qara 1994-cü il iyulun 11-də anadan olub. Ailəsinin məcburi köçkün həyatı onun gözləri qarşısında keçib, lap uşaq yaşlarından onda düşmənə qarşı nifrət yaranıb, ağır illər Qaranı mətin, mübariz ruhda böyüməsinə səbəb olub. Atası Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Düşmənə qarşı döyüş bu ailənin taleyinə yazılıb.

Orta məktəbi başa vuran Qara hərbçi olmaq arzusunu dilə gətirib. Valideynlərinin xeyir-duası ilə həqiqi hərbi xidmətə yollanıb. Nümunəvi əsgər kimi tanınıb, komandirlərin hərbi tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirib. Hərbi xidmətini bitirdikdən sonra öz arzusu ilə müddətdən artıq hərbi xidmətini davam etdirib.

Qara ilk döyüşə 2016-cı ilin aprelində qatılıb. Düşmənə sonsuz nifrət onu şir kimi döyüşməyə, igidlik göstərməyə səsləyib. Döyüşüb, yaralarından qan axsa da yalnız irəliyə, düşməni əzməyə tələsib. Vətən müharibəsində Qara idarə etdiyi hərbi texnika ilə düşmənin döyüş mövqelərinə sarsıdıcı zərbələr endirib, onun nişangahından düşmən yayına bilməyib. Döyüşlərin ən qızğın çağında Qaranın idarə etdiyi döyüş maşını düşmən tərəfindən vurulur və elin qəhrəman oğlu şəhid olur.

Yaxşı deyiblər ki, igid ölər, adı qalar. Şəhid Qara Balakişiyevin doğum günü onun məzarı başında qeyd olunub. Şəhidin ailəsi ilə bərabər, rayon ictimaiyyəti, məktəblilər, ziyalılar onun xatirəsini ehtiramla anıblar. Anım tədbirində şəhidin məzarı üzərinə gül dəstələri və çələnglər düzülüb, ruhuna dualar oxunub.  Mərasimdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, keçmiş döyüşçü Eyvaz Hüseynov çıxış edərək bildirib ki, 44 gün davam edən Vətən müharibəsi xalqımızın ordu ilə birliyinin nümayişi olub, Qalib Ali Baş Komandan İlham Əliyevin fədakar və qətiyyətli mövqeyi sayəsində düşmən məğlubiyyətə düçar olub. Hər bir şəhid Azərbaycanın fəxri və qürurudur, onların əziz xatirəsi əbədi yaşayacaq.

Şəhidin həyat yoldaşı Validə Balakişiyeva bildirib ki, Qara vətəni çox sevirdi. Müharibə başlayanda iki övladını mənə əmanət edərək Vətənin müdafiəsinə qalxdı. Ömrünün səkkiz ilini hərbi xidmətdə keçirib, doğma torpaqların işğaldan azad edilməsində şücaət göstərib. Övladlarını atalarının adına layiq böyüdəcəyəm.

Şəhid Qara Balakişiyev döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığa  görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad edilməsinə görə” və  “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilib. Şəhidin ailəsi dövlət tərəfindən himayə edilir. Doğulub boya - başa çatdığı el-obasına şöhrət gətirən, torpaq uğrunda son damla qanını əsirgəməyən şəhidlərin adı və qəhrəmanlığı gələcək nəsillərin qürur və örnək abidəsinə çevriləcək.

Salman ALIOĞLU,

“Respublika”.