Qürur və iftixarımız
Region

Qürur və iftixarımız

Azərbaycan    Ordusu  İkinci   Qarabağ   müharibəsində   öz  zəfər  yürüşü  ilə  dünya  hərb   tarixinə   parlaq   səhifələr    yazdı.   Xarici  havadarlarının  köməyilə  işğal  etdiyi   əraziləri   əldə  saxlamaq  və  daha   da  genişləndirmək   məqsədilə  düşmənin   30  il  ərzində  tikdiyi  hərbi  istehkamlar,  topladığı  döyüş   texnikası  və  canlı   qüvvəsi  Azərbaycan  ordusu   tərəfindən   44   günlük  müharibədə  darmadağın   edildi.                                                                                                                                          
Azərbaycan  əsgərinin  ən  ağır  döyüşlərdə  bir  addım  geri  çəkilməmək,  yaralı  döyüşçülərin   döyüş  meydanını  tərk  etməmək   əzmini  gördükdə,  erməni   əsgəri   qorxuya  düşdü,  silahı  atıb  döyüşdən  qaçmaq  məcburiyyətində  qaldı.   Ali  Baş  Komandanın  sərkərdəlik  məharəti  sayəsində   düşmənə  sarsıdıcı  zərbələr  endirən  fədakar  döyüşçülərimizdən  biri  də  igid  oğlumuz  baş  leytenant   Elmar  Şahin  oğlu  Mirzəyevdir.  

Elmar Şahin  oğlunun   şəhidlik   zirvəsinə  ucaldığı  gün   xatirəsi   ehtiramla  anıldı.
Qəhrəman  şəhidimizin  anım  mərasimində  iştirak  edən  Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin  başçısı Faiq  Qürbətov,  rayonun  hüquq-mühafizə   orqanlarının  rəhbərləri   və  ictimaiyyətin nümayəndələri   şəhidin  ata  ocağını  ziyarət  edərək  valideynləri  ilə  görüşdülər.   Tədbir  iştirakçıları  ilk  öncə  qəhrəman  şəhidimizin   məzarını   ziyarət  edib,  ruhuna  dualar  oxuyub,   üzərinə   gül-çiçək  düzərək  əziz  xatirəsini   ehtiramla   yad  etdilər.   Mərasimdə  qəhrəmanımızın  şərəfli  döyüş  yolundan  danışılaraq bildirildi  ki,  Azərbaycan  xalqının  qüruru,  fəxri  olan  şəhidlərimizin  xatirəsi  bundan  sonra  da  daim  əziz  tutulacaq  və  dövlətimiz  hər  zaman  şəhidlik  zirvəsinə  ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Anım  mərasimində  rayon  icra  hakimiyyətinin  başçısı  Faiq Qürbətov   Vətən  müharibəsində  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu   şərəflə   yerinə  yetirdiyi  üçün   Azərbaycan  Respublikasının  Prezidenti    İlham Əliyev  tərəfindən   şəhid   baş  leytenant   Elmar  Mirzəyevin  təltif  olunduğu  "İgidliyə görə"  və  “Kəlbəcərin azad  olunmasına  görə”  medallarını  onun  valideyninə  təqdim  etdi.  Tədbir  zamanı  qəhrəman  şəhidimizin   yaşadığı  evə  vurulan  xatirə  lövhəsinin  açılışı oldu.

Mirzəyev  1995-ci  il mayın  1-də  Biləsuvar  rayonunun  Ağalıkənd   kəndində   anadan  olub.
Elmar  Mirzəyev    2012-2016-cı illərdə  Heydər  Əliyev  adına  Azərbaycan  Ali  Hərbi  Məktəbində (AAHM)  ali  hərbi  təhsil  alaraq "leytenant" hərbi  rütbəs i alıb və 2016-cı ildən  hərbi  xidmətə   başlayıb. Subay idi.
Azərbaycan  Ordusunun  baş  leytenantı   olan  Elmar  Mirzəyev  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı  Qüvvələri   tərəfindən  Ermənistan  işğalı  altında  olan  ərazilərin  azad  edilməsi   üçün  başlanan Vətən  müharibəsində   Murovdağ   döyüşlərində,  Füzulinin  və  Xocavəndin  azadlığı uğrunda  gedən döyüşlərdə   vuruşub.  Elmar  Mirzəyev   oktyabrın  15-də  Füzuli  döyüşləri    zamanı  şəhid  olub. 16 oktyabrda  doğulduğu  Ağalıkənd  kəndinin   qəbiristanlığında   dəfn  olunub.


                    Ərəstun   ABDULOV ,

              “Respublika”.