QÜRUR VƏ EHTİRAM
Region

QÜRUR VƏ EHTİRAM

Bəhmən Abuzərov İmişli rayonunun Qaravəlili kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsinin şəhididir. El-oba Bəhməni heç vaxt unutmur, əziz xatirəsini daim böyük hörmət və ehtiramla yad edir. Abuzərov Bəhmən Abuzər oğlunun əziz xatirəsi şəhid olmasının 29-cu ildönümündə anıldı.

İmişli Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri İltizam Quliyev, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi Mətləb Murğuzov, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidimizin Qaravəlili kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzdülər.

Sonra rayonun Cavadxanlı kənd tam orta məktəbində tədbir keçirildi. Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhidlik zirvəsinə yüksəlmiş igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bəhmən Abuzər oğlu Abuzərova ölümündən sonra təltif edildiyi "Azərbaycan Bayrağı" ordeni SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi Mətləb Murğuzov tərəfindən ailə üzvlərinə təqdim olundu. Məktəbin müəllim kollektivi şəhid müəllim Bəhmən Abuzərov haqqında xatirələrini bölüşdülər. Tədbir məktəblilərin vətənpərvərlik mövzusunda şeirlər səsləndirməsi ilə davam etdirildi.

Ərəstun ABDULOV,

"Respublika".