Qürur, sevinc və Qələbə günləri
SİYASƏT

Qürur, sevinc və Qələbə günləri

2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə Zəfər çaldı, ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Qanı, canı bahasına Vətəninin azadlığı uğrunda canından keçən oğullarımız Şəhidlik zirvəsinə ucalaraq torpağı Vətən etdilər.

Xalqımız  başına gələn bütün müsibətlərə səbrlə yanaşaraq  münaqişənin sülh yolu ilə həll olunacağı, regionda sülhün, sabitliyin bərqərar olacağı, haqqın, ədalətin  zəfər çalacağı günü səbirsizliklə gözləmişdi. Lakin heç bir  aparıcı  beynəlxalq təşkilatlara, beynəlxalq vasitəçilərə məhəl qoymayan, atəşkəs rejimini dəfələrlə kobudcasına pozan, Azərbaycanın əzəli, əbədi torpaqlarını öz adlarına çıxan  mənfur ermənilərin  cavabını vermək zamanı artıq  gəlib çatmışdı.  Dəfələrlə “əgər bu məsələ  sülh yolu ilə  öz həllini  tapmasa, biz  bu məsələni  hərbi yolla həll edəcəyik”, - deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu,qəhrəman əsgər və zabitlərimiz 2020-ci ilin sentyabr ayının 27-də  əks hücum  əməliyyatlarına başladı. Həmin gün Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan  azadlıq istəyinin  dünyaya bəyan edildiyi gün  idi. Bu tarixi gün  xalqımızı daha sıx birləşdirdi, mübarizə ruhumuzu daha da yüksəltdi. Azadlığı qanı ilə, canı bahasına qazanan mərd, qəhrəman oğul və qızlarımız sübut etdilər ki, Azərbaycan xalqının inam və iradəsini, azadlıq uğrunda  mübarizə əzmini qırmaq, milli mənliyini alçatmaq mümkün deyil. Şanlı  Azərbaycan Ordusu  44 gün ərzində  böyük şücaət göstərərək  30 ilə yaxın müddətdə  işğal altında olan torpaqlarımızı  düşmən əsarətindən qurtardı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin  böyük bacarıq və qətiyyətlə  rəhbərlik etdiyi  Vətən müharibəsi  zəfərlə, xalqımızın Böyük Qələbəsi ilə başa çatdı.

Həqiqətən də şəhidi olmayan  xalq torpaq məhəbbətindən, yurd sevgisindən  məhrum xalqdır. Bir qarış torpaq uğrunda gözünü qırpmadan canından keçən  minlərlə igid, qəhrəman oğullarımızın rəşadəti sayəsində Vətənimizin başı üzərindən qara buludlar dağıldı. Şəhidlərimizin qanı tökülən hər qarış torpaq  Vətənə döndü. Azərbaycan xalqının  birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, dəmir yumruq kimi  möhkəm  xalq-iqtidar birliyi  qəhrəman Azərbaycan Ordusunun zəfəri oldu. Möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa  malik, qətiyyətli lider kimi  hərb işinə də böyük bacarıqla  rəhbərlik edən  ölkə başçımız, eyni zamanda informasiya  müharibəsində də sarsılmaz  iradə göstərib  xarici ölkələrin televiziya kanallarına, xəbər agentliklərinə dərin məzmunlu müsahibələr verərək  Azərbaycan xalqının sülhsevər, sülhməramlı olduğunu bütün dünyaya bəyan etdi.

“Azərsun Holdinq” yarandığı ilk gündən ölkənin ərzaq təhlükəsizliyində əsas pay sahibidir. Lakin biz işimizi bununla yekunlaşdırmadıq. Vəzifəmiz, həm də vətənə, ölkənin mənəvi dəyərlərinin təbliğinə xidmət etməkdir. İşğalın davam etdiyi müddətdə məmnuniyyət və şərəf hissi ilə bir sıra sosial layihələrə imza ataraq Qarabağı şüurlarda yaşatmağa çalışdıq. Uzun illər dəstək olduğumuz Şuşa Dövlət Musiqili Dram Teatrı öz doğma şəhərindən kənarda olsa da, varlığını qoruyub saxladı. Qarabağın adını daşıyan, rəhbəri olduğum “Qarabağ” FK qürurumuza çevrilərək son illər Avropa arenasında üçrəngli bayrağımızı dalğalandırır, bu şanlı adı bütün dünyaya nümayiş etdirir. Əminliklə deyə bilərəm ki, görüləcək işlər bununla yekunlaşmayıb.

Azərbaycan xalqı, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə özünün zəfər tarixini yazdı. 2020-ci ilin 27 sentyabrından başlayaraq doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə qürur, böyük fəxarət hissi yaşatdı.

İkinci Qarabağ müharibəsində torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün səfərbər olan rəşadətli Azərbaycan Ordusuna dəstəyimizi elə müharibənin ilk günlərindən nümayiş etdirməyə başladıq.

Çox böyük fəxr hissi ilə bildirmək istəyirəm ki, Şanlı Azərbaycan Ordusunun sıralarında “Azərsun Holdinq” ailəsinin 600-ə yaxın üzvü vuruşub, döyüşlərdə şücaətlər göstəriblər. Vətənin bütövlüyü uğrunda Zəfər yürüşünə yollananlardan 9 nəfər şəhid, 53 nəfər qazı olub. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anır, ruhları qarşısında baş əyirəm. Yaralanmış əsgər və zabitlərimizə tezliklə sağlamlıqlarına qovuşmağı arzulayıram.

Biz, müharibənin başladığı ilk günlərdən Ali Baş Komandanımızın, ordumuzun yanında olduq, “Azərsun Holdinq” adından Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat ianə etdik.  Həmçinin “Greentech” və kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən “Agrovita”  müəssisələrimiz Silahlı Qüvvələrimizin Yardım Fonduna 150 min manat, “Bazarstore” mağazalar şəbəkəsi 100 min manat, “Al Market”  100 min manat ianə etdi. Müharibə dövründə Azərbaycan ordusunun istifadəsinə 50 texnika verdik, bunlardan bir çoxu hələ də Silahlı Qüvvələrimizin ixtiyarındadır. Cəbhə bölgəsində hər biri 300 kvadrat metr olan 3 anbar inşa edib Azərbaycan Ordusuna hədiyyə etdik. Şirkətlər Qrupu olaraq müharibədən sonra yaradılan “Yaşat” Fonduna da biganə qalmayaraq fonda 1 milyon manat ianə etdik və bununla Vətən müharibəsində qələbə çalan qazilərimizə və şəhidlərimizin ailələrinə dəstəyimizi nümayiş etdirdik.

Özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması,  qeyri-neft sektorunun inkişafı istiqamətində atılan  mühüm addımlar  Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Bu da  bu gün dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsinə geniş imkanlar açır, rəqabətədavamlı və müasir standartlara cavab verən qida  sənayesinin inkişafına, çoxşaxəli iqtisadiyyata malik olan Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının mümkün qədər azaıdılmasına və qeyri-neft sənayesinin inkişafına böyük  imkanlar  yaradır. 1991-ci ildən Azərbaycanda fəaliyyətə başlayan,  əhalinin ərzaq təminatını yüksək səviyyədə ödəyən, ilk növbədə  istehsal prosesində heç bir genetik modifikasiyaya uğramamış məhsullardan istifadə edərək  insan sağlamlığını hər şeydən üstün tutan “Azərsun Holdinq” Şirkətlər Qrupu  hər zaman olduğu kimi, bundan sonra da ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərərək ölkə iqtisadiyyatına stimul vermək üçün var qüvvəsi ilə çalışacaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasətə öz işi, əməyi ilə böyük töhfələr verəcək.

Abdolbari Gozal,

“Azərsun Holdinq”in

Müşahidə Şurasının sədri.