QÜRUR DUYDUĞUMUZ GÜN
Digər xəbərlər

QÜRUR DUYDUĞUMUZ GÜN

Bədnam qonşularımız əsrlər boyu xalqımıza qarşı soyqırımı, kütləvi deportasiya siyasəti həyata keçirib. XX əsrin 80-ci illərinin sonları -90-cı illərinin əvvəllərində açıq formada ərazi iddiaları ilə çıxış edən məkrli düşmən xarici havadarlarının dəstəyi ilə tarixi torpaqlarımızın 20 faizini işğal etdilər. Erməni daşnaklarının apardığı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız öz ata-baba yurdlarından, doğma ocaqlarından didərgin salındı.

Ermənistan BMT-nin qətnamələrinə, aparılan çoxsaylı danışıqlara məhəl qoymayıb torpaqlarımızı işğal altında saxlayırdı. Xalqımız 30 ilə yaxın Qarabağ həsrəti ilə yaşadı. 2020-ci il sentyabr ayının 27-də düşmənin cəbhəboyu törətdiyi növbəti təxribatların qarşısını almaq üçün ordumuz əks-hücum əməliyyatına başladı.

44 gün sürən müharibə nəticəsində müzəffər Azərbaycan Ordusu Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Rəşadətli ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Qarabağın tacı, incisi sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Döyüş meydanında qazandığımız qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən xilas edilməsi müharibənin taleyində həlledici rol oynadı. Ermənistan rəhbərliyi məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza qoydu. Düşmən ordumuzun gücü, qüdrəti qarşısında tab gətirməyib Kəlbəcər, Ağdam və Laçın rayonlarını dinc yolla qaytarmağa məcbur oldu.

Xalqımızın əzmi və iradəsi, ölkəmizin iqtisadi gücü, xalq-iqtidar-ordu birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Müzəffər, rəşadətli ordumuz öz gücü,  qüdrəti, müasir döyüş taktikası ilə dünya hərb tarixinə yeni, parlaq səhifə yazdı. Xalqımız qalib xalq kimi dünyada tanındı.

Artıq iki ildir ki, 8 noyabrı -Zəfər Günü kimi böyük sevinc, qürur və iftixarla qeyd edirik. O gün 30 ilə yaxın həsrətində olduğumuz, Qarabağın döyünən ürəyi, tacı, mədəniyyətimizin beşiyi sayılan Şuşanın azadlığa çıxdığı gündür. İki gün sonra noyabrın 10-da isə dədə-baba yurdumuz, cənnətməkan Qarabağ mənfur düşmənin tapdağından azad edildi. Xalqımıza bu misilsiz qələbəni, möhtəşəm zəfəri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, şanlı Azərbaycan Ordusu, rəşadətli əsgər və zabitlərimiz yaşatdı.

2020-ci ilin 8 Noyabrını böyük fərəhlə, iftixarla xatırlayıram. O gün ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

"Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən ümummilli lider Heydər Əliyevin ülvi arzusunu onun layiqli davamçısı, Prezident İlham Əliyev reallaşdırdı. Atasının ruhu qarşısında övladlıq borcunu yerinə yetirən dövlətimizin başçısı  dedi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

Bəli, 8 Noyabr üçrəngli bayrağımızın Şuşada əbədi dalğalandığı gündür. Xalqımızın qürur duyduğu Zəfər Günüdür. Budur, Azərbaycan Prezidentinin diplomatik siyasətinin qələbəsi, uğuru! Budur, doğma xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası!

Bu günlərdə Soçidə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticələri bir daha göstərdi ki, Azərbaycan Ermənistanla sərhəddə sabitliyin və təhlükəsizliyin qorunmasına, sülh sazişinin bağlanmasına tərəfdardır və bu istiqamətdə uğurlu addımlar atır.

Dövlətimizin başçısı qeyd etdi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Lakin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edən formatdır. Sülh müqaviləsinin Azərbaycan tərəfinin beynəlxalq hüququn fundamental əsaslarına uyğun irəli sürdüyü 5 əsas prinsip üzrə imzalanması mümkündür. Regionda sabit, davamlı sülhə nail olunması isə çox da uzaq deyil.

Səfər İSMAYILOV,

Lənkəran rayon 1 saylı notariat ofisinin notariusu.