Qürbətdə dünyaya göz açıb vətən uğrunda şəhidliyə yüksələn igid
Sosial həyat

Qürbətdə dünyaya göz açıb vətən uğrunda şəhidliyə yüksələn igid

30 il həsrətində olduğumuz torpaqlarımızın mənfur düşməndən azad edilməsində Azərbaycanın minlərlə vətənpərvər oğulları canlarından keçərək qəhrəmanlıq, şücaət göstərərək adlarını Azərbaycan tarixinə yazdırdılar.  Belə qəhrəmanlardan biridir Veysəl Musibov.

1989-cu il fevralın 15-də Qazaxıstan SSR Taldı Kurqan vilayətinin Kirov qəsəbəsində anadan olub. Veysəl ailənin yeganə oğul övladı idi. Qürbətdə dünyaya gəlsə də, onun 2 yaşı olanda ailə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kəndinə köçüblər. Elə həmin kənddə yerləşən Vahid Ələkbərov adına məktəbdə təhsil alıb. Atasını erkən yaşlarında itirən Veysəl uşaqlıqdan anasının ən böyük dəstəkçisi olur. O, 7-ci sinfi bitirib və hərb peşəsinə yiyələnmək üçün Heydər Əliyev adına Hərbi liseyə qəbul  olub. 2007-ci ildə liseyi bitirərək həmin ildən 2011-ci ilə qədər AAHM-da oxuyub. 2011-ci ildə isə "N" saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlayır. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kursunu keçərək xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmət edən Veysəl  2016-cı ildə ordumuzun qalibiyyəti ilə nəticələnən Aprel döyüşlərində də böyük şücaət göstərir.

Veysəl bir çox yarışların da qalibi olmuşdu. 2018-ci ildə Ordu arasında keçirilən kəşfiyyatçı qrup yarışında 1-ci yerə yiyələnmişdi. Həmçinin "Efes - 2018" Xüsusi Təyinatlılar yarışında iştirak edən 24 ölkə arasında qrup olaraq 1-ci yerin sahibi olmuşdular. 2018-ci ildə xüsusi əməliyyat taborunda əməliyyat zabiti kimi çalışır. 2019-2020-ci illərdə xüsusi əməliyyat taborunun qərargah rəisi vəzifəsində xidmət edir. Ömrünün hər anını vətən naminə yaşayan bu qəhrəman getdiyi yolun məsuliyyətini hər zaman hiss edirdi. O yaxşı bilirdi ki, torpaqlarının bir qismi işğal altında olan bir ölkəyə savadlı hərbçi lazımdı. Yiyələndiyi bilik və bacarığını zamanı gəldiyində vətənin işıqlı günə çıxması üçün sərf etmək arzusunda idi. Veysəl kimi minlərlə vətən oğlu vətəni azad görmək arzusu ilə yaşayırdılar.

Veysəl Vətən müharibəsinin başladığı ilk günlərdən döyüşlərin ən qızğın nöqtələrində vuruşdu. Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəkliyinin azad olunmasında müstəsna xidməti olan hərbçilərdən biri oldu. Eləcə də Füzulinin bir çox kəndlərinin azad edilməsində iştirak etdi. Son döyüşü isə Cəbrayılın azadlığı uğrunda oldu. Oktyabrın 7-də Cəbrayıl rayonunda qəhrəmancasına şəhadətə yüksəlir. Veysəl Musibov  Xırdalan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Neçə-neçə qəhrəmanların qanı, canı bahasına azadlığa qovuşdu Qarabağımız. İndi həmin o oğullar əbədi olaraq Vətən qoynunda uyuyurlar.

Orduda xidməti zamanı "Qüsursuz xidmətə görə" III dərəcəli, Azərbaycan Ordusunun 90, 95, 100 illik yubiley medalları ilə təltif olunan Veysəl Musibov şəhadətə ucaldıqdan sonra Prezident İlham Əliyevin 24 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalına, 9 dekabr 2020-ci ildə isə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür. Daha sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Hazırda Abşeron rayonu, Xırdalan şəhəri 5 nömrəli tam orta məktəb Veysəl  Musibovun adını daşıyır.

Vətən müharibəsi qəhrəmanının 2 övladı - bir qızı, bir oğlu bu gün atalarının şəhid adı ilə qürur duyur. Onlar böyüdükcə necə bir qəhrəman atanın övladları olduqları ilə daim fəxr edəcəklər.

M.MİRZƏ,

"Respublika".