Qürbət cənnət olsa da...
MÜSAHİBƏLƏR

Qürbət cənnət olsa da...

Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıqlar göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında xalqımız öz doğma torpaqlarından məhrum edilmiş, yaşayış yerlərindən zorla çıxarılmışlar. XX əsr bu baxımdan xalqımız üçün çox böyük fəlakətlər gətirmişdir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, xəyanət və cinayət idi.

1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər hakimiyyətdə olan daşnak hökuməti Qərbi Azərbaycandakı soydaşlarımıza qəddarlıqla divan tutmuşdur. Bu müddətdə onlar 440-dan artıq azərbaycanlı ailəsini yandırıb məhv etmiş, yüz minlərlə həmvətənimizin qaçqına çevrilməsinə səbəb olmuşdur.

1919-cu ilin noyabr-dekabr aylarında Qərbi Azərbaycandan Türkiyəyə və İrana 250 minə qədər qaçqın köçüb getmişdir.

1920-ci ilin əvvəlində Azərbaycanın Qazax qəzasının cənub bölgəsində Ermənistanın Dilican qəzası yaradılmışdır. Zəngəzur qəzasının bir hissəsi Ermənistanın əlində qalmışdır. Qeyd etmək lazımdır ki, XX Qızıl Ordu Ermənistanı işğal etdikdən 3 gün sonra, yəni 1920-ci il dekabrın 1-də Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Komissarları Şurası Qərbi azərbaycanlılara məxsus olan Dilicanı, Qaraqoyunlu dərəsini və aşıqlar yurdu olan Ulu Göyçəni ermənilərə vermişdir.

1827-ci ildə rus-İran müharibəsi nəticəsində İrəvan qalası alındı və xanlığın ərazisi Rusiyanın işğal zonasına çevrildi. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandı və İrəvan xanlığının ərazisi çar tərəfindən "erməni vilayəti" adlandırıldı.

XX əsrin 30-cu illərində Sovet İttifaqında həyata keçirilən kollektivləşmə kampaniyası Ermənistanda geniş şəkil almışdır. Bu kampaniya Azərbaycan türklərinə qarşı çox ciddi və sərt tərzdə həyata keçirilirdi. Belə ki, həmin dövrdə neçə-neçə soydaşlarımız müxtəlif bəhanələrlə Qazaxıstana və ya Sibirə sürgün edilirdi. "Xalq düşməni" adı ilə ittiham olunan bu ailələrin sürgündən sonra da Qərbi Azərbaycana dönmələri qadağan olunmuşdu. 1937-ci illərdə Qərbi Azərbaycanın Krasnoselo, Basarkeçər, Kəvər (Kamo) və Qaranlıq (Martuni) rayonlarından 280-dən çox ailə daşnaklar tərəfindən sürgün edildi. Ailələrin 90 faizi bu ədalətsizliyin qurbanı oldu.

1948-1953-cü illərdə daşnakların xəyanəti nəticəsində Qərbi azərbaycanlılar yenidən deportasiyaya məruz qalmış, İ.Stalinin, Molotovun, A.Mikoyanın satqınlığı ucbatından 150 min soydaşımız işgəncə ilə ata-baba yurdlarını tərk etmiş, "Qızıl Moskva" isə bu ədalətsizliyə göz yummuşdur.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasına 18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən siyasi qiymət verilmiş və müvafiq Fərman imzalanmışdır.

Erməni şovinistləri öz mənfur niyyətlərini 1988-ci ildə davam etdirmiş, son deportasiya dövründə 300 minə yaxın Qərbi azərbaycanlı qışın boranlı-çovğunlu günlərində ata-baba yurdlarını məcburən tərk etmişlər.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar qaçqınlıq həyatı yaşayırlar.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla görüşü soydaşlarımız tərəfindən minnətdarlıqla qarşılanmışdır. Həmin toplantıda vurğulanmışdır ki, Vətən müharibəsində işğal altında olan torpaqlarımız erməni vandallarından azad olunmuşdur. İndi isə əsas hədəf Qərbi Azərbaycana qayıdışdır. Bunun üçün Qayıdış Konsepsiyası hazırlanmışdır. Çox tezliklə köç karvanları Qərbi Azərbaycana, qəribsəmiş yurd yerlərinə dönəcəkdir. Uzun illərdir ki, Belarus respublikasında yaşayıram. Əslən Göyçə mahalındanam. Şəfəq kəndində dünyaya göz açmışam. Yeganə arzum doğma kəndimizə, Göyçə gölünün nəğməli sahillərinə qayıtmaqdır. Atalar məsəli var: "Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır".

Vasif İSMAYILOV,

Azərbaycan Ticarət Evinin təsisçisi.