Qüdrətli Azərbaycanın dayanıqlı, etibarlı və modern enerji sistemi
İQTİSADİYYAT

Qüdrətli Azərbaycanın dayanıqlı, etibarlı və modern enerji sistemi

Bu baxımdan istehsal və ixrac potensialının davamlı artması dövlət başçısının düşünülmüş, məqsədyönlü siyasətinin real nəticəsidir

Dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı sosial-iqtisadi inkişafın ən mühüm şərtidir. Evlərimizdə işıqların tez-tez sönüb-yanması, nəinki ölkənin ucqarlarında, paytaxtda və iri şəhərlərdə elektrik enerjisinin fasilələrlə verilməsi yaxın tarixin səhifələrində qalan gerçəklikdir. İndi Azərbaycan öz əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə tələbatını tam ödəməklə yanaşı, həm onun ixracını da həyata keçirir.

Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda elektrik enerjisi şəbəkələrinin qurulması istiqamətində qısa müddətdə aparılan işlər dövlətimizin bu mühüm strateji sektorda son illərdə aparılan islahatların nə qədər səmərəli olduğunu bir daha təsdiqləyir. Düşməndən təmizlənmiş mədəniyyət mərkəzimiz Şuşanın gecə-gündüz fasiləsiz işıqlandırılması Azərbaycan enerji sisteminin gücündən, energetiklərimizin fədakarlığından xəbər verir.

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ötən on səkkiz ildə elektrik enerji sektorunun inkişafında əldə olunan nailiyyətlərin miqyası çox genişdir. İstər enerji istehsalı müəssisələrinin yenidən qurulması, istər yeni generasiya müəssisələrinin tikilib istismara verilməsi, ötürücü və paylayıcı şəbəkələrin ən müasir texnologiyaların tətbiqi ilə təkmilləşdirilməsi və müasirləşdirilməsi, yüksək və aşağı gərginlikli elektrik verilişi xətlərinin inşası iqtisadiyyatın lokomotivi kimi bu sektorun üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə imkan yaradıb. Dövlətimizin başçısının tapşırığına əsasən 2018-2021-ci illəri əhatə edən Reabilitasiya Proqramının qəbul olunması və “Azərenerji” ASC tərəfindən icrasına başlanılması xüsusilə böyük əhəmiyyətə malikdir. Məhz bu Proqram çərçivəsində vaxtında həyata keçirilən təcili tədbirlər son illərdə yay aylarında elektrik enerjisinə artan tələbatın ödənilməsini təmin edib, həmçinin Kür çayında və Xəzər dənizində suyun səviyyəsinin kəskin aşağı düşməsi ilə əlaqədar enerjisistemdə yarana biləcək problemlərin qarşısını alıb. Enerjisistemin tərkib hissəsi olan 12 elektrik stansiyasında və 23 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri uğurla həyata keçirilib.

Hazırda ölkədə 60-a yaxın elektrik stansiyası fəaliyyət göstərir. Ən müasir  rəqəmsal texnologiyanın - SCADA  idarəetmə sisteminin tətbiq olunduğu enerjisistemin ümumi qoyuluş gücü 3 min meqavatdan çoxdur. Generasiya gücləri arasında “Azərbaycan” istilik-elektrik stansiyasının  (İES) xüsusi yeri var. Bu stansiyanın ərazisində yerləşən və üç il əvvəl baş vermiş qəza nəticəsində sıradan çıxan 330 kilovoltluq yarımstansiya tam yenidən qurulub. Uzunmüddətli istismar nəticəsində generasiya gücü əhəmiyyətli dərəcədə zəifləmiş  “Azərbaycan” İES-də əsaslı yenidənqurma işləri həyata keçirilib, nəticədə 600 meqavatdan artıq “itirilmiş” güc bərpa olunub. Hazırda kəskin yay rejimində belə stansiya 2100 meqavat gücündə işləmək imkanına malikdir. Stansiyanın ömrü 20 il uzadılıb.

Şirvan şəhərində yerləşən “Cənub” elektrik stansiyası (ES) da Kür çayında su qıtlığı ilə əlaqədar işini dayandırmaq təhlükəsi ilə üzləşmişdi. Reabilitasiya Proqramı çərçivəsində burada yeni suaşıran qurğu tikilib, qaz yanacağı çatışmazlığını aradan qaldırmaq üçün Hacıqabuldan yeni xətt çəkilib. Uzun müddət istismarda olan daha bir stansiyada –“Şimal-1” ES-də aparılan təmir işləri burada 20 meqavat itirilmiş gücün bərpasını təmin edib. Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Sumqayıt ES-də yaranmış ciddi problemlər aradan qaldırılıb. Əsaslı təmirdən sonra stansiyanın generasiya gücü 20 meqavat artıb. Bir neçə gün əvvəl burada dövlətimizin başçısının iştirakı ilə yeni estakada nasos stansiyasının açılışı olub.

Əsaslı təmir İşləri Şəmkir, Mingəçevir və digər su elektrik stansiyalarında da həyata keçirilib, ümumilikdə mövcud hidroenergetika müəssisələrində 230 meqavat itirilmiş güc bərpa olunub. Bundan bir qədər artıq – 250 meqavat itirilmiş gücün isə respublikanın müxtəlif bölgələrindəki 6 modul tipli elektrik stansiyasında bərpası təmin olunub.

Onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi və diplomatik səyləri, rəşadətli ordumuzun hünəri sayəsində işğaldan azad edilən Laçın rayonunun ərazisində yerləşən 8 MVt gücündə "Güləbird" kiçik su elektrik stansiyası yenidən qurulub və 2021-ci il fevralın 14-də istismara verilib. 

Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin icrası hər kilovat-saat elektrik enerjisinə şərti yanacaq sərfiyyatını 280 qramdan 263,8 qrama, xüsusi sərfiyyatı 2,89 faizdən 2,47 faizə qədər azaltmağa imkan verib. Beləliklə, generasiya gücləri və ötürücü şəbəkə üzrə 85 milyon manat vəsaitə qənaət olunub.

Bakının və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edən 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının müasir səviyyədə yenidən qurulması Azərbaycanda enerjisistemin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi baxımından böyük rol oynayır. Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük, məhz “Abşeron” yarımstansiyasına, buradan isə sistem əhəmiyyətli 330, 220 kilovoltluq yarımstansiyalara ötürülür.

Enerjisistemin generasiya imkanlarının artırılması, ötürücü şəbəkənin yenilənməsi və genişləndirilməsi ölkəmizin elektrik enerjisi ixracatçı kimi də mövqelərini möhkəmləndirib. Rusiya, Gürcüstan, Türkiyə və İranla bu sahədə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmiz Gürcüstana, Yunanıstana, Rumıniyaya, Macarıstana elektrik enerjisi ixrac edir.  Növbəti mərhələdə Avstriya və İtaliyanın da Azərbaycan elektrik enerjisinin alıcıları sırasına qoşulması nəzərdə tutulub. Beləliklə, Azərbaycan yeni bazarlara çıxaraq satış coğrafiyasını genişləndirməklə yanaşı, Avropanın enerji xəritəsinə karbohidrogen ehtiyatların ixracından sonra elektrik enerjisinin ixracı ilə də yeni dizayn verir.

Elektrik enerjisinin tranzitində Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir.  Energetika nazirliyinin yaydığı məlumata görə, 2021-ci ilin iyul ayında elektrik enerjisi istehsalı 2639,03 mln. kVt-saat, ixracı 153,5 mln. kVt-saat təşkil edib. Ümumilikdə bu ilin yeddi ayında  respublikada elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 498,5 mln. kVt-saat artaraq 15845,0 mln. kVt-saat olub.

Elektrik energetikası sektorunda qarşıya qoyulan prioritetlərə mövcud ənənəvi və alternativ enerji istehsalı imkanlarından tam istifadə olunması, elektrik enerjisi sisteminin davamlı modernləşdirilməsi, elektrik enerjisi ixracatçısı kimi ölkəmizin mövqelərinin  möhkəmləndirilməsi daxildir. İnamla deyə bilərik ki, Prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunan enerjisistemi bu məqsədlərə nail olacaq, ölkəmizin enerji təhlükəsizliyi etibarlı şəkildə təmin ediləcəkdir.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.